FÉNTEZİ (ing.fantasy – fantaziya), ə d ə b i y y a t d a – irrasional, nağıl-mifoloji motivlər əsasında yaradılan fantastik ədəbiyyat növü; əasən, kütləvi ədəbiyyata aiddir. Fantastik və macəra ədəbiyyatı qovuşuğunda mövcud oolan F. orta əsrlər Avropa eposu, qəhrəmanlıq poemaları, folklor və ədəbiyyat nağılları, cəngavər romanları, tarixi və psevdotarixi xarakterli romantik və neoromantik əsərlər, qotik roman və neoqotika ənənələrini inkişaf etdirir. Əsasən, roman janrında təqdim olunan F. ilk dəfə 19 əsrin sonlarında U.Morrisin yaradıcılığında formalaşmışdır. F.-nin çiçəklənmə dövrü 20 əsrin ortalarına təsadüf edir, C.R.Tolkin və K.S.Lyuisin silsilə romanları ilə bağlıdır. Əsasən ingilisdilli ədəbiyyatlarda inkişaf edən F. 20 əsrin sonu-21 əsrin əvvəllərində ABŞ-da R.Jelyaznı, S.Kinq, U.Le.Quin, A.Norton, D.R.Martin; B.Britaniyada C.Roulinq və b.-nın irihəcmli romanları təqdim edilir.
K i n o m e t o q r a f d a F. janrı 1980-ci illərin əvvəllərində ABŞ-da meydana gəlmişdir (“Konan-barbar”, 1982; “Dağıdıcı Konan”, 1984). Kinojanrın çiçəklənmə dövrü 2000-ci illərə təsadüf edir. Bu dövrdə kinematoqrafda həm ədəbi əsərlər, həm də orijinal ssenarilər əsasında maksimum baxımlı və təsirli filmlərin yaradılmasında kompyuter texnologiyalarından istifadə olunmağa başlamışdır. (“Üzüklər hökmdarı”, 2001– 03; “Harri Potter”, 2001–11; “Qürub cəngavəri”, 2003; “Narniya xronikaları”, 2005–2010; “Eraqon”, 2006; “Alov və buz: əjdahaların xcronikaları”, 2008; televiziya filmləri: “Kamelot”, 2011, “Taxt-tac oyunları”, 2011–16).
F. janrında işləyən və çox uğur qazanan rej.-lardan biri T.Bertondur (“Bitlcus”, 1988; “Betmen”, 1989; “ Edvard Əlləri-Qayçı“, 1990; “İri balıq”, 2003; “Çarli və şokolad fabriki”, 2005; “Alisa möcüzələr ölkəsində”, 2010). F.-nin süjet konstruksiyaları və bədii prinsiplərindən tammetrajlı animasiya filmlərində (“Alov və buz”, 1983; “Yağış uşaqları”, 2003; “Dragonlance: payız alatoranlığının əjdahaları”, 2008), həmçinin kompyuter oyunlarında geniş istifadə olunur.