FEODALİZM (alm. Feudalismus, fr. feodalité, son lat. feodum, feudum – feod sözündәn) – ictimai-iqtisadi formasiya; torpaq üzәrindә şәrti olaraq şәxsi (feodal) mülkiyyәt formasına vә hakim sinifdәn (feodallardan) şәxsәn vә torpaq cәhәtdәn bilavasitә asılı olan istehsalçıların istismarına әsaslanır. Feodal istehsal üsulu Qәrbi Avropada Qәrbi Roma imperiyasının süqutundan burjua inqilablarınadәk olan dövrü әhatә etmәklә üç mәrhәlә keçmişdir: genezis mәrhәlәsi (5–11 әsrlәr), inkişaf etmiş F. (11–15 әsrlәr) vә son F. (16–18 әsrlәr) mәrhәlәlәri. Avropa vә Asiyanın bir çox xalqı (germanlar, slavyanlar, keltlәr, әrәblәr vә b.), Tropik Afrikanın orta әsr dövlәtlәri (Nubiya, Sennar, Efiopiya vә s.) ibtidai icmadan bilavasitә F.-ә keçmişlәr.
“F.” termini 18 әsrin әvvәlindәn elmdә geniş tәtbiq olunmağa başlamışdır. Lakin 18–19 әsr alimlәri F.-in mahiyyәtini onun siyasi strukturundakı vә hüquqi münasibәtlәrdәki xüsusiyyәtlәrdә (feodal iyerarxiyasında, siyasi dağınıqlıqda, torpaq mülkiyyәtinin ali hakimiyyәtlә birlәşmәsindә vә s.) görürdülәr.
F.-in әsas iqtisadi qanunu feodal rentası formasında izafi mәhsul istehsalı ilә bağlı idi. Feodal rentası işlәyib ödәmә, әrzaq vә pul şәklindә olmuşdur. İnkişaf etmiş F. şәraitindә feodallardan asılı kәndlilәr feodal votçinası, manor, senyoriya, malikanә çәrçivәsindә istismar olunurdular. Əsas feodal istehsal forması biyar vә töycü tәsәrrüfatları idi. Maddi istehsal sahәlәrindә әldә olunmuş müәyyәn tәrәqqi, texnikanın inkişafı, hәmçinin sәnәtkarların әmәk sәriştәsinin artması ictimai istehsalın diferensiasiyasına gәtirib çıxarırdı (bax Manufaktura, Sәnaye çevrilişi). İctimai әmәk bölgüsünün artması, әkinçilikdә vә sәnәtkarlıqda ixtisaslaşmanın dәrinlәşmәsi vә әmәk mәhsuldarlığının yüksәlmәsi әmtәә istehsalının inkişafına, sәnәtkarlığın әkinçilikdәn, şәhәrin kәnddәn ayrılmasına zәmin yaradırdı. Yeni şәhәrlәr – sәnәt vә ticarәt mәrkәzlәri, eyni zamanda feodal sәnәt tәşkilinin spesifik forması olan sexlәr yaranmışdı. Ticarәt vә sәlәm kapitalı inkişaf edirdi. F.-in erkәn dövründә xarici tranzit ticarәti әsas rol oynayırdı, şәhәrlәrin vә әmtәә istehsalının inkişafı nәticәsindә isә daxili ticarәtin әhәmiyyәti artmışdı.
Əmtәә-pul münasibәtlәri vә kapitalizm sistemi bәrqәrar olduqca, F. dağılmağa başlayırdı. 14–15 әsrlәrdә Qәrbi Avropa ölkәlәrinin çoxunda kәndlilәrin şәxsәn asılılığı, 16–18 әsrlәrdә isә ilkin kapital yığımı gedişindә torpaq cәhәtdәn asılılığı lәğv olundu. Şәrqi Avropada bu proseslәr bir-biri ilә sıx bağlı şәkildә 19 әsrdә baş verdi.
Kapitalizmә xas mәhsuldar qüvvәlәr inkişaf etdikcә onun feodal istehsal sistemi ilә olan ziddiyyәtlәri dә artır vә burjua inqilabı üçün maddi zәmin yaradırdı. 16 әsrin ortaları – 18 әsrdә Qәrbi Avropada burjua inqilabları F.-i mәhv vә burjua hakimiyyәtini bәrqәrar etdi.
F. Cәnubi Qafqaz xalqlarında eramızın 1-ci minilliyinin birinci yarısında, Orta Asiya xalqlarında 5–8, şәrqi slavyanlarda 6–8 әsrlәrdә tәşәkkül tapmışdı. Orta Asiya xalqları quldarlıq münasibәtlәrinin vә quldarlıq dövlәtlәrinin tәnәzzülü nәticәsindә F.-ә keçmişdilәr. Erkәn feodal münasibәtlәrinin formalaşması Cәnubi Qafqaz vә Orta Asiyada 9–10 әsrlәrdә başa çatmışdır. 13 әsrdә Cәnubi Qafqaz, Orta Asiya vә Rusiyada feodal münasibәtlәrinin inkişafını monqol işğalları lәngitmişdi. İqtisadi inkişafda durğunluq Cәnubi Qafqazda 17–18 әsrlәrdә, Orta Asiyada 17 әsrdә özünü daha kәskin büruzә verirdi. 16 әsrdә Rusiyada tәhkimçiliyin vә mütlәqiyyәtin güclәnmәsi ilә F.-in inkişafı qәti müәyyәnlәşdi. 17–18 әsrlәrdә Rusiyada hәm tәhkimçilik, hәm dә burjua münasibәtlәri inkişaf edirdi, lakin 18 әsrin sonunda kapitalist ukladının bәrqәrar olması nәticәsindә F. quruluşu dağılmağa başladı. Kәndli islahatından (1861) sonra Rusiyada F.-in әsas qalıqları – mülkәdar torpaq sahibliyi vә mütlәqiyyәt hәlә yarım әsrdәn dә çox saxlanıldı. 19 әsrdә Qafqaz, Orta Asiya vә digәr әrazilәrin Rusiya imperiyasının tәrkibinә qatılması, bu әrazilәrdә burjua münasibәtlәrinin yayılması ilә yanaşı, eyni zamanda feodal münasibәtlәrinin saxlanılmasına da sәbәb oldu. Oktyabr çevrlişindәn sonra 1917 il oktyabrın 26-da (noyabrın 8-dә) qәbul olunmuş Torpaq haqqında dekret mülkәdar torpaq sahibliyini hәmişәlik lәğv etdi vә bununla da F.-in qalıqlarına son qoydu.
Azәrb.-da feodal münasibәtlәri, әsasәn, 3–5 әsrlәrdә tәşәkkül tapmışdı. Feodallar vә asılı kәndlilәr tәbәqәlәri formalaşmışdı. Onların arasında kәskin mübarizә gedirdi (mәs., Mәzdәkilәr hәrәkatı vә s.). 7–9 әsrlәrdә Azәrb.-da F.-in inkişafı mәhsuldar qüvvәlәrin artmasına tәkan vermişdi; münbit torpaqlar vә tәbii sәrvәtlәrdәn daha geniş istifadә edilmәyә başlanmış, süni suvarma şәbәkәsi yaradılmışdı; metalәritmә, neft hasilatı (Abşeronda) artmışdı. 9 әsrdәn Azәrb.-da F.-in inkişafı sürәtlәnmiş, 12 әsrdә feodal torpaq mülkiyyәti (divani, xassә, mülk, vәqf, iqta) vә feodal iyerarxiyası öz inkişafının yüksәk pillәsinә çatmışdı. Əmtәә-pul münasibәtlәrinin inkişafı şәhәrlәrin sәnәt-ticarәt mәrkәzlәrinә çevrilmәsinә şәrait yaradırdı. Bәrdә, Şamaxı, Gәncә, Naxçıvan, Marağa, Tәbriz, Beylәqan vә Bakı bütün Şәrqdә şöhrәt qazanmışdı. Buna tәkan verәn amillәrdәn biri dә Azәrb.-ın beynәlxalq ticarәt yolları üstündә yerlәşmәsi idi.
13 әsrdә monqol işğalı Azәrb.-da F.-in inkişafına ağır zәrbә vurmuş, mәhsuldar qüvvәlәrin inkişafını xeyli lәngitmişdi. 16 әsrdә feodal torpaq mülkiyyәtinin yeni formaları yaranmış (iqta soyurqalla әvәz edilmiş, tiyul geniş yayılmışdı) vә inkişaf etmişdi. Avropa vә Şәrq ölkәlәri ilә ticarәt әlaqәlәrinin genişlәnmәsi sayәsindә Azәrb.-ın bir sıra şәhәri (Şamaxı, Dәrbәnd, Tәbriz, Bakı vә s.) beynәlxalq ticarәtdә öz mövqelәrini saxlamışdı. Lakin şәhәr әhalisinin artmasına, sәnәtkarlığın inkişafına baxmayaraq, şәhәr iqtisadiyyatı yarımaqrar xarakter daşıyırdı. Bu isә sәnәtkar tәşkilatlarının (әsnaf, hәmkar), Qәrbi Avropa sexlәrindәn fәrqli olaraq, müstәqil qüvvәyә çevrilmәsinә, şәhәr özünüidarәsinin yaranmasına, burjua münasibәtlәrinin meydana gәlmәsinә mane olurdu. Qarışıq xarakter daşıyan feodal rentasında mәhsul rentasının üstünlüyü istehsal münasibәtlәrindә müәyyәn dәrәcәdә durğunluğa gәtirib çıxarırdı.
17 әsrin sonunda Azәrb.-da F. tәnәzzülә uğramağa başladı. Kәndli әmәyinin bütün izafi mәhsulunu mәnimsәmәklә kifayәtlәnmәyәn mülkәdarlar onların zәruri mәhsulunun da xeyli hissәsini әllәrindәn alırdılar. Nәticәdә kәndli tәsәrrüfatı dağıntıya mәruz qalır, dövlәtdәn vә feodallardan asılı olan kәnd icması (camaat) әmәk alәtlәrinin vә mütәrәqqi münasibәtlәrin inkişafına әngәl törәdirdi.
19 әsrin әvvәllәrindә Azәrb.-da kapitalizmin inkişafı ilә әlaqәdar olaraq F. dağılmağa başlasa da, onun qalıqları (mülkәdar torpaq sahibliyi, aztorpaqlı kәndlilәr vә s.) 20 әsrin әvvәllәrinәdәk mövcud idi vә yalnız Müvәqqәti İnqilab Komitәsinin torpaqların millilәşdirilmәsi haqqında dekreti (1920, 5 may) ilә lәğv edilmişdir.