FEÓDOR KOMNİN DÚKA (Θεόδωρος Κομνηνὸς Δούκας) (1180/85–1253) – Epir dövlәtinin hökmdarı [1215–30], romeylәrin imperatoru [1224/25–30]. Sevastokrator İoann Dukanın oğlu, Bizans imperatoru II İsaak Angelin vә III Aleksey Angel Komninin qohumudur. 1205 ildәn Epirdә (paytaxtı Nikopol) hakimiyyәti әlә keçirmiş qardaşı Mixaili dәstәklәmişdir. Mixailin xidmәtçisi tәrәfindәn öldürülmәsindәn (1215) sonra Epirin müstәqil hökmdarı (despotu) olmuşdur. Sәylәrini, әsasәn, öz mülklәrini möhkәmlәndirmә vә genişlәndirmә uğrunda hәrbi-siyasi mübarizәyә yönәltmişdi. Bolqarları vә latınları bir sıra mәğlubiyyәtә uğratmış, 1217 ildә Latın Romaniyasının hökmdarı II Pyer Kurteneni әsir almış, Oxrid (1216), Verriya (1220), Serre (1221) vә Fessaloniki (1224) şәhәrlәrini zәbt etmişdir. 1224/25 ildә romeylәrin imperatoru elan edildikdәn sonra Latın vә Nikeya imperiyaları ilә Konstantinopol uğrunda rәqabәt aparmışdır. 1230 ildә Klokotnisa yaxınlığındakı vuruşmada bolqarlara mәğlub olan F.K.D. әsir alınmış, gözlәri çıxarılmış vә bolqarların paytaxtı Tırnovoda 1237 ilәdәk hәbsdә saxlanılmışdır. Azad olunduqdan sonra bolqarların müttәfiqi kimi ailәsinin mövqeyini bәrpa etmәyә cәhd göstәrmiş, oğlu İoannı Fessalonikinin hakimi etmişdir. 1241 ildә Nikeya imperatoru III İoann Duka tәrәfindәn әsir alınmış vә ömrünün sonunadәk onun vassalı olmuşdur. 1246 ildә III İoann Fessalonikini F.K.D.-nın oğlu Dimitridәn almışdır.