FEODÓSİ I Flavi, B ö y ü k F e o d o s i (Flavius Theodosius Maqnus) [347, İspaniya, Qalisiya vil., Kavka (indiki Koka) ş. – 395, İtaliya, Mediolan (indiki Milan); Konstantinopolda dәfn olunmuşdur] – vahid Roma imperiyasının sonuncu imperatoru [379–395]. Əslәn Şimali İspaniyadan idi. Mahir sәrkәrdә vә diplomat olmuşdur. İmperator Valent döyüşdә hәlak olduqdan (378) sonra imperator Qrasianın hәmhakimi kimi imperiyanın şәrq hissәsi onun yurisdiksiyasına keçmişdir. I F.-nin hakimiyyәti dövründә ortodoksal xristianlığın hökmranlığı bәrqәrar olmuş, 379 ildә xristian kilsәsi tәrәfindәn ona “Avqust” adı verilmişdir. 380 ildә paytaxtı Fessalonikadan Konstantinopola köçürmüşdür. 380, 388 vә 393 illәrdә senatda konsul olmuşdur. Frakiya vә Möziyada vestqotlar üzәrindә qәti qәlәbәlәrdәn sonra onlarla müqavilә (382) bağlamışdır. Vestqotlara Aşağı Möziyada federatlar qismindә mәskunlaşmağa icazә vermişdir. Bundan sonra Roma ordusunun “barbarlaşması” prosesi sürәtlәnmişdir. Sasanilәrlә Ermәnistanın bölüşdürülmәsi haqqında saziş (387) bağlamışdır. Bütpәrәstliklә mübarizә vә katoliklәr haqqında daha bir yeni edikt (Nikeya formulu; 392) qәbul etdirmişdir. Hәmin qanuna әsasәn bütpәrәstlik mәrasimlәri yasaqlanmış, bütpәrәst mәbәdlәri vә İsgәndәriyyә kitabxanası (392) yandırılmış, Olimpiya oyunlarının keçirilmәsi (394) qadağan olunmuşdu. 394 ildә I F. Frigid çayı (indiki İtaliyanın Sloveniya ilә sәrhәdindә) yaxınlığında qanuni Qәrbi Roma imperatorunun әleyhinә çıxan frank sәrkәrdәsi Arboqastı vә bütpәrәst Yevgenini mәğlub etmişdir. Bundan sonra tәkbaşına bütün Roma imperiyasının hökmdarı olmuşdur. I F. hakimiyyәtinin sonunda Roma imperiyasının qәrb hissәsini kiçik oğlu Honoriyә, şәrq hissәsini (sonrakı Bizans imperiyasını) isә böyük oğlu Arkadiyә vermişdir (395).