FEOKRİT, T e o k r i t (Θεόκρῐτος) (e.ə. 4 əsrin sonu – 3 əsr) – qədim yunan şairi. Sirakuzada doğulmuşdur. Kos a.-nda Siciliyada tiran Hiyeronun sarayında, həmçinin İsgəndəriyyədə II Ptolomey Filadelfin sarayında yaşamışdır. İsgəndəriyyə poeziyasının ən parlaq nümayəndələrindən biri, yunan bukolikasının yaradıcısı və klassikidir. Ədəbi irsindən 90-a yaxın şeiri dövrümüzədək gəlib çatmışdır. F.-in geniş yayılmış idiliyaları üç növə ayrılır: epik, mimik və bukolik. Əsərlərini bukolik sezuralı hekzametrlə yazmışdır (“Tirsis”, “Cadugər”, “Adonis bayramında qadınlar ”). F.-in digər poetik nümunələrindən 22 epiqramı, papiruslarda saxlanılmış müxtəlif fraqmentlər və s. məlumdur. Şairin idiliyaları yeni dövr ədəbiyyatında bu janrın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Ə s ə r i: Феокрит. Мосх. Бион. Идиллии и эпиграммы. М., 1998.
Əd.: Hunter R. Theocritus and the archaeologu of the Greek poetry. Camb., 1996.