FEOPÓMP, Teopomp (Θεόπομπος) (e.ә. 378–376 – tәqr. e.ә. 315) – qәdim yunan tarixçisi vә natiqi. Xios a.-nda anadan olmuşdur. Eforun müasiri, İsokratın şagirdi, Fukididin ardıcılı, sofist idi. F. dövrümüzәdәk yalnız ayrı-ayrı fraqmentlәr şәklindә gәlib çatmış 12 kitabdan ibarәt “Yunan tarixi” vә 58 kitabdan ibarәt “Makedoniyalı Filippin tarixi” әsәrlәrinin müәllifidir. Hәr iki әsәrdә Yunanıstan tarixinin hәmin dövrünü geniş әks etdirәn zәngin tarixi faktlar vardır. F. siyasi xadimlәrin parlaq xarakteristikasını vermәklә yanaşı, onların tarixi hadisәlәrdәki rolunu şişirtmişdir. F. Makedoniyalı İsgәndәrin tapşırığı ilә zәrdüştilәrin yunan dilinә tәrcümә olunmuş müqәddәs kitablarını öyrәnmişdir. Bir müddәt Efesdә yaşamış, Misirdә – Ptolemeyin ona verdiyi sığınacaqda vәfat etmişdir.