FERDİNÁND (isp. Fernando, ital. Ferrante) – İtaliyada hersoq vә kralların adı:
I F e r d i n a n d (1751–1825) – Qoşa Siciliya krallığının kralı [1816–25], 1759 ildәn Neapol (IV F. adı ilә), Siciliya (III F. adı ilә) kralı. Burbonların Neapol qolunun nümayәndәsi. Napoleon müharibәlәri (1799–1815) zamanı tәkcә Siciliyada hakimiyyәtini qoruyub saxlaya bilmişdir [1799; 1806–15]. 1799 ildә Neapolda elan edilmiş Partenopeya resp.-nı amansızlıqla yatırmışdır. Neapol inqilabı (1820–21) başlandıqdan sonra demokratik konstitusiyanı elan etmәk mәcburiyyәtindә qalmışdı. 1821 ilin martında Avstriya müdaxilәçilәri Neapola daxil olduqda qeyri-mәhdud hakimiyyәtini bәrpa etmişdir.
I F e r d i n a n d Araqonlu (2.6.1423, Valensiya – 25.1.1494, Neapol) – Neapol kralı [1458 ildәn]. Trastamara sülalәsindәn Alicәnab V Alfonsonun nikahdankәnar oğlu. Cәnubi İtaliyaya soxulmuş hakimiyyәtә iddialı Jan Anju ilә toqquşmuş, 1460 ilin yayında Sarno yaxınlığında ona mәğlub olmuşdur. Neapol әyanlarının dәstәyilә 1464 ildә fransızları krallıqdan sıxışdırmışdır. Mesenat, elm vә incәsәnәtin himayәdarı idi.
II F e r d i n a n d Araqonlu (26.7. 1469, Neapol – 7.10.1496, Neapol) – Trastamara sülalәsindәn Neapol kralı [1495–96]. Fransa kralı VIII Karlın Neapol taxtına iddiası sәbәbindәn İskyaya qaçmış, sonra Siciliyada qohumu – Araqon kralı II Fernandonun yanında sığınacaq tapmışdır. 1496 ildә II Fernandonun dәstәyilә krallığın çox hissәsini fransız işğalçılarından azad etmişdir.
II Ferdinand (1810–59) – Burbonlar sülalәsindәn Qoşa Siciliya krallığının kralı [1830–59], 1825 ildәn Kalabriya hersoqu. İnqilabi çıxışları amansızlıqla yatırmışdır. 1848 ilin yanvarında Palermoda baş verәn üsyandan qorxuya düşәn II F. konstitusiyanı elan etmişdir. 1848 ilin mayında Neapolda әks-inqilabi çevriliş nәticәsindә onun mütlәq hakimiyyәti bәrpa olunmuşdur.
III F e r d i n a n d Lotaringiyalı (1769, Florensiya – 1824, Florensiya) – Böyük Toskana hersoqluğunun hakimi [1791– 1824 (1801–14 illәr istisna olmaqla)]. Napoleonun qoşunları Toskanaya daxil olanda III F. ölkәni tәrk etmişdir. Lünevill müqavilәsinә (1801) әsasәn böyük knyazlığından Roma hersoqunun xeyrinә imtina etsә dә, Böyük Toskana hersoqu titulunu saxlamışdı. Zalsburq kurfürstü (1803–05) olmuşdur. 1806 ildә kurfürstlük hersoqluğa çevrilmişdi. Eyni zamanda Zalsburq hersoqu vә Vürsburq knyazı (1806–14) idi. Leypsiq vuruşmasından (1813) sonra Fransa әleyhinә koalisiyaya qoşulmuşdu. Paris sülh müqavilәsinә әsasәn Böyük Toskana hersoqluğu III F.-a qaytarılmışdı. III F. maarifçi mütlәqiyyәt әnәnәlәrinin tәrәfdarı olmuşdur. Xarici siyasәtdә qәti bitәrәflik nümayiş etdirmişdir.