FERGÜSON Semüel (10.3.1810, Belfast - 9.8.1886, Hout) - irland şairi, ser; İrlandiya Kral Akademiyasının prezidenti (1882). Dublin Triniti kollecinin hüquq fakültəsini bitirmişdir (1832). “Gənc İrlandiya” hərəkatına qoşulmuşdur. 1840-cı illərdən İrlandiya tarixi və arxeologiyası sahəsində tədqiqatlar aparmış, kelt mədəniyyətini öyrənmək üçün 1863 ildə İrlandiya, Böyük Britaniya və Fransa Bretanına səyahət etmişdir. 1867 ildə İrlandiya məhkəmə aktları mühafizinin köməkçisi olmuşdur; 1878 ildə rıtsar rütbəsinə yüksəlmişdir. Şair kimi debütü 1832 ildə olmuşdur. “Konqal” poeması (nəşri 1872) və kelt folklor süjetləri əsasında yazdığı balladaları (“Poeziya” toplusu, nəşri 1887) ilə geniş şöhrət qazanmışdır. Elmi əsərlərin, o cümlədən “İrlandiya, Uels və Şotlandiyada oqam kitabələri”nin (nəşri 1887) müəllifidir. F.-un yaradıcılığı irland ədəbiyyatına böyük təsir göstərmiş, irland intibahı üçün zəmin yaratmışdır.
Ə s ə r i: Poems. Dublin, 1880.