FERMİ Enriko (29.9.1901, Roma – 28.11.1954, Çikaqo) – italyan fiziki, Nobel mükafatı laureatı (1938). Piza Un-tini bitirdikdən sonra (1922) Almaniyada və Niderlandda təhsil almışdır. 1926-38 illərdə Roma Un-tinin prof.-u olmuşdur. 1938 ildə İtaliyadan ABŞ-a mühacirət etmişdir. 1939-45 illərdə Kolumbiya Un-tinin prof.-u olmuş, ABŞ-da nüvə enerjisinin tətbiqi sahəsinə aid tədqiqatlara rəhbərlik etmişdir. 1946 ildən Çikaqo Un-tinin prof.-u olmuşdur. “Manhetten proyekti”nin elmi rəhbərlərindən biri idi.
Nüvə fizikasının, elementar zərrəciklər fizikasının, kvant və statistik mexanikanın inkişafına böyük töhvə vermişdir. 1925 ildə Paui prinsipinə tabe olan zərrəciklərin statistikasını işləyib hazırlamışdır (bax Fermi-Dirak statistikası). 1934 ildə P-parçalanmanın kəmiyyət nəzəriyyəsini yaratmışdır. 193438 illərdə F., əməkdaşları ilə birlikdə neytronların xüsusiyyətlərini öyrənmiş və praktiki olaraq neytron fizikasının əsasını qoymuşdur. İlk dəfə bir sıra elementləri (həmçinin uranı) neytronlarla bombardman edən zaman yaranan süni radioaktivliyi müşahidə edərək, neytronların yavaşıma hadisəsini kəşf etmiş və bu hadisənin nəzəriyyəsini yaratmışdır. 1942 ildə özünün qurduğu ilk nüvə reaktorunda ilk dəfə idarə olunan zəncirvarı nüvə reaksiyasını həyata keçirmişdir.
F. yüksək enerjilər fizikası sahəsində də nəzəri işlər aparmışdır. Kosmik şüaların yaranması nəzəriyyəsi (1949), iki nuklonun toqquşması nəticəsində küllü miqdarda mezonların yaranmasının statistik nəzəriyyəsi (1950), izotopik kvadrupleti (ilk adron rezonansını) kəşf etmişdir (1952). Elementar zərrəciklərin ilk tərkib modelini işləmişdir (Ç.Yanqla birgə). Fizika üzrə elmi məktəbin rəhbəri idi; M.Gell-Man, Ts. Li, B.Pontekorvo, E.Seqre, C.Steynberger, O.Çemberlen, Ç. Yanq və başqaları onun şagirdləri olmuşdur. F.-in şərəfinə uzunluq vahidi fermi, fermi səthi, fermi enerjisi və s. adlandırılmışdır. ABŞ Milli sürətləndirici laboratoriya F.-nin adını daşıyır. London Kral Cəmiyyətinin D.Hyuz medalı ilə təltif edilmişdir.