FERMİ-DİRAK STATİSTİKASI - yarımtam spinə (1/2, 3/2, ..., h Plank sabiti vahidlərində) malik identik (fərqləndirilməyən, eyniləşmiş) zərrəciklərdən ibarət sistemlərə tətbiq edilən kvant statistikası. F.-D. s. 1926 ildə E.Fermi tərəfindən irəli sürülmüş və elə həmin ildə onun kvant- mexaniki interpretasiyası P.Dirak tərəfindən verilmişdir. Kvant fizikasında sistemin halı, onu təşkil edən bütün zərrəciklərin koordinat və spinlərindən asılı olan dalğa funksiyası ilə ifadə olunur. F.-D.s-na tabe olan zərrəciklər (fermionlar) üçün dalğa funksiyası antisimmetrikdir, yəni istənilən fərqləndirilməyən zərrəciklər cütünün yerlərini dəyişdikdə dalğa funksiyası işarəsini dəyişdirir. V. Pauli 1940 ildə isbat etdi ki, kvant zərrəcikləri üçün istifadə olunan statistikanın növü birqiymətli şəkildə zərrəciklərin spini ilə təyin olunur (yarımtam spinli zərrəciklərdən fərqli olaraq, tam spinə malik olan zərrəciklər sistemi Boze-Eynşteyn statistikasına tabe olur). F.-D.s.-na əsasən hər bir kvant halında yalnız bir zərrəcik yerləşə bilər (Pauli prinsipi). Tarazlıq şəraitində ideal fermion qazı (fermi-qaz) üçün Ei enerjisinə malik zərrəciklərin ni orta sayı
Fermi paylanma funksiyası ilə təyin olunur, burada i -zərrəciyin halını xarakterizə edən kvant ədədlər dəstini, k - Boltsman sabitini, Т - qazın mütləq temp-runu, - kimyəvi potensialı ifadə edir. F.-D.s. Fermi-qazlara və Fermi-mayelərə tətbiq olunur.
F.-D.s.-na tabe olan metalların kvant elektron nəzəriyyəsinin əsaslarını bir sistem kimi 1928 ildə A.Zommerfeld yaratmışdır. İfratkeçiricilik və 3He-un ifrataxıcılıq hadisələri F.-D.s. ilə bağlıdır.