FEROMONLAR (yun. φέρω – aparmaq vә óρμάω – hәrәkәtә gәtirmәk, oyatmaq) – heyvanların әtraf mühitә ifraz etdiyi bioloji aktiv maddәlәr. Növdaxili kommunikasiyaya xidmәt edir. Tut ipәkqurdunun dişisindәn alınan cinsi feromon – bombikol tәmiz halda alınan ilk F.-dandır. Onun kimyәvi quruluşu da müәyyәn edilmişdir (A.F.Butenandt, 1961). Adәtәn, F.-ı xüsusi vәzilәr ifraz edir; onların duyulması isә xemoreseptorlar vasitәsilә hәyata keçirilir. F. kimyәvi birlәşmәlәrin eyni bir qrupundan tәşkil olunmamışdır, onların tәrkibindә terpenoidlәr, steroidlәr, doymuş vә doymamış turşular, aldehidlәr, spirtlәr vә b. maddәlәr olur. Quruda yaşayan heyvanların F.-ının (uçuculuq qabiliyyәti var) molekul kütlәsi adәtәn, 300-dәn çox olmur. F. olduqca aşağı qatılıqlarda fәaldır vә böyük mәsafәlәrәdәk (3 km-әdәk ) tәsir edirlәr. Heyvanların ifraz etdiyi F. çox vaxt müxtәlif aktivliyә malik olan bir neçә komponentin qarışığıdır. F. adәtәn, növә mәxsus olurlar, lakin bir növ üçün spesifik olan F. digәr qohum növlәrin nümayәndәlәrinә nәzәrә çarpacaq tәsir göstәrә bilirlәr. Alınan effektin xarakterindәn asılı olaraq müxtәlif cinsdәn olan fәrdlәrin görüşmәsi vә bir-birini tanıması, cinsi davranışı stimulә edәn cinsi F. (bәzi cinsiyyәt attraktantları) ayırd edilir; hәyәcan F.-ı, iz F.-ı, aqreqasiya F.-ı (çoxlu sayda fәrdin toplanmasına sәbәb olur), әrazini nişanlayan F. da vardır. F. fәrdi hәr hansı bir tәcili hәrәkәt etmәyә hәvәsә gәtirir (mәs., nikah partnyorlarını cәlbetmә, tәhlükә barәdә xәbәrvermә zamanı), yaxud davranışın formalaşması vә digәr fәrdlәrin inkişafına tәsir (mәs., ana arının ifraz etdiyi feremonlardan biri digәr erkәk arıları işçi arıya çevirir) üçün istifadә olunur.
Hazırda bir neçә min feremon öyrәnilmişdir (cücülәrdә daha müfәssәl). İcma halında yaşayan cücülәrin F.-ı koloniyada ierarxiyanın vә koloniyanın bütün mürәkkәb sistemini, kastalarda fәaliyyәtin xarakterini vә fәallığını tәnzimlәyir vә s. Balıqlarda vә suda-quruda yaşayanlarda cinsi vә hәyәcan F.-ı aşkar edilmişdir. Mәmәlilәrin iyli ifrazatları davranışın cinsiyyәt, analıq, әrazi, aqressiv formalarına, hәmçinin digәr fәrdlәrin fizioloji vә emosional vәziyyәtinә tәsir göstәrir. Donuzlarda erkәk fәrdlәrin cinsi F.-ı ağız suyu vәzilәri ilә ifraz edilәn vә dişi fәrdlәrdә sәciyyәvi hәrәkәtsizlik pozasının yaranmasına sәbәb olan iki steroid komponentindәn ibarәt olur. F. heyvanların davranışının idarә edilmәsindә potensial effektiv vasitәdir. Cinsi attraktantlar vә aqreqasiya F.-ı zәrәrverici cücülәrlә bioloji mübarizәdә (tәlәlәrdә cinslәr arasında normal kommunikasiyanı pozan aldadıcı yem) pestisidlәri әvәz etmәk lazım gәldikdә tәtbiq olunur.