FERRİMAQNETİZM - maddənin maqnit halı; ferrimaqnit maddənin tərkibindədəki ionların elementar maqnit momentlərindən ibarət iki və ya daha çox altsistemlərin - maqnit altqəfəslərin yaranması ilə müşahidə olunur. Hər bir altqəfəs eyni maqnit momentinin oriyentasiyasına malik eyni növ ionlardan ibarətdir. Müxtəlif altqəfəslərin ionlarının maqnit momentləri bir-birinə qarşı yönəlir və ya, daha ümumi halda, mürəkkəb fəza konfiqurasiyası (məs., üçbucaqlı) əmələ gətirir. Çox vaxt bir altqəfəsdəki ionların sayı digər altqəfəsdəki ionların sayının tam misli qədər artıq olur. Ferrimaqnit halında maddənin spontan J vektoru bütün altqətəslərin maqnitlənmə vektorlarının vektorial cəminə bərabərdir. F.-ə maddənin maqnit nizamlılığının ən ümumi halı kimi də baxmaq olar. Bu baxımdan ferromaqnetizm F.-in xüsusi halı, yəni bir maqnit altqəfəsinə malik maddənin maqnit halı kimi də səciyyələndirilə bilər.
Antiferromaqnetizm F.-in xüsusi halıdır. Bu halda bütün altqəfəslər eyni maqnit ionlarından ibarət olur və J = 0. “Ferrimaqnetizm” termini L.Neel tərəfindən irəli sürülmüşdür (1948) və “ferrit” (ilk dəfə bu hadisənin müşahidə olunduğu keçid elementləri oksidlərinin geniş sinfinin adı) sözündən əmələ gəlib.
F.-in mövcud olması üçün zəruri şərt-maddədə dolmamış elektron örtüyü (d- və ya f-) hesabına məxsusi maqnit momentinə malik olan müsbət ionların (kationların) olmasıdır. Həmçinin, müxtəlif altqəfəslərin ionları arasında onların maqnit momentlərini antiparalel düzümə sövq edən mənfi mübadilə qarşılıqlı təsiri də olmalıdır. Bir qayda olaraq, bu qarşılıqlı təsir bilvasitə (dolayısı ilə) mübadilə qarşılıqlı təsiridir, yəni arada olan qeyri- maqnit anion vasitəsilə elektron mübadiləsi hesabına baş verir.
Ferrimaqnit düzümün əmələ gəlməsi müəyyən maqnit quruluşunun (kristalın maqnit altqəfəslərə bölünməsi, onların maqnitlənmə vektorlarının qiyməti, istiqaməti və s. ilə təyin olunan strukturun) yaranması ilə səciyyələnir. Maqnit quruluşunu neytronların difraksiyası (bax Zərrəciklərin difraksiyası) metodlarının köməyilə təyin etmək olar. Bu və ya digər maqnit quruluşunun əmələ gəlməsi maddənin kristallik quruluşundan, müxtəlif maqnit ionları arasındakı mübadilə qarşılıqlı təsirlərin qiymətlərindən asılıdır. Mübadilə qarşılıqlı təsiri altqəfəslərin maqnitlənmə vektorlarının yalnız bir-birinə nəzərən qarşılıqlı oriyentasiyasını təyin edir. Kristallik oxlara nəzərən oriyentasiyanı xarakterizə edən digər parametr, mübadilə enerjisindən bir neçə tərtib kiçik olan maqnit anizotropluğu enerjisi ilə təyin olunur.
Ferrimaqnetiklərin xassələrinin nəzəri izahını ilk dəfə Neel (1948) vermişdir. О göstərmişdir ki, ferrimaqnetiklərin əsas xüsusiyyətləri molekulyar sahə nəzəriyyəsi çərçivəsində yaxşı izah edilir. Çox da güclü olmayan (mübadilə enerjisindən xeyli kiçik) maqnit sahələrində ferrimaqnetiklər özlərini ferromaqnetiklər kimi aparır, çünki belə maqnit sahələri maddənin maqnit strukturunu dəyişdirə bilmir. Maqnit sahəsi olmadıqda ferrimaqnetiklər domenlərə parçalanır, maqnitlənmə prosesi doyma və histerezisə malik xarakterik əyrilər şəklində olur, onlarda maqnitostriksiya hadisəsi müşahidə olunur.
Müəyyən şərtlər daxilində ferrimaqnetiklərdə elektromaqnit enerjisinin rezonans udulması (ferrimaqnit rezonansı) baş verir. F.-in tədqiqi maqnit hadisələri fizikasının inkişafına güclü təkan verməklə yanaşı, maqnit dielektriklərin radio texnikada, ifratyüksək tezliklər texnikasında və hesablama texnikasında geniş istifadəsinə səbəb olmuşdur.