FERRİTLƏR – dәmir (III)-ün әsaslığı daha çox olan digәr metal oksidlәri ilә әmәlә gәtirdiyi mürәkkәb oksidlәr. Bәzәn kimyәvi tәbiәtindәn asılı olmayaraq bütün ferrimaqnetiklәr F. adlanır. Şpinel quruluşlu F.-in ümumi formulu MIIFe2O4; burada MII – Ni, Co, Mn, Mg, Cu, Fe, Zn, Cd. Onlar kub kristal qәfәsdә kristallaşır. Qranat quruluşlu F. kub kristal qәfәsdә kristallaşır vә ümumi formulu R3Fe5O12; burada R – Sm-dәn Lu-a qәdәr nadir-torpaq elementlәr, hәmçinin Y-dur. Heksaferritlәr heksaqonal sinqoniyada kristallaşır; maqnetoplümbit (PbFe12O19) vә ya ona yaxın minerallara oxşardır. F.-in bir-neçә tipi, mәs., BaFe12O19, BaM2Fe16O27, Ba3M2Fe24O41vә s. ayırd edilir. Strukturu dәyişmiş perovskit mineralın CaTiO3 rombik quruluşlu F. qrupu ortoferritlәr adlanır. Yuxarıda qeyd edilәn bütün F. qrupları ferrimaqnetiklәr, ortoferritlәr isә antiferromaqnetiklәrdir; sonuncular yalnız çox aşağı temp-rlarda (bir neçә K dәrәcә vә aşağı) ferrimaqnetiklәrә çevrilir.
Adәtәn F. nisbәtәn yüksәk bәrkliyә vә әrimә temp-rlarına malik kristal maddәlәrdir. Onlar suda vә üzvi hәlledicilәrdә hәll olmur. Turşuların tәsirindәn parçalanır. Havada stabildir, lakin 1000°C vә daha yuxarı temp-rlarda dissosiasiya edә vә tәrkibindә olan Fe2+, Mn2+ ionları oksidlәşә bilir. Polikristallik F. keramikanın alınma texnologiyası ilә istehsal edilir. F. maqnit materialları kimi radiotexnika, elektronika, avtomatika vә hesablama texnikasında istifadә olunur.
Əd.: Л е м ю к Л.М., Ж у р а в л ё в Г.И. Химия и технология ферритов. Л., 1983.