FERROƏRİNTİLƏR – dәmirin silisium, manqan, xrom vә s. elementlәrlә әrintisi; әsasәn, metalları oksigensizlәşdirmәk vә poladı legirlәmәk üçün tәtbiq edilir. Tәrkibindә qatışıq şәklindә dәmir olan bәzi әrintilәr (mәs.,silikoxrom, silikoalüminium, silikokalsium) vә bundan әlavә texniki cәhәtdәn saf halda olan metal vә qeyri-metallar (metal manqan, metal xrom, kristal silisium) da şәrti olaraq F.-ә aid edilir. F. filiz, yaxud filiz konsentrantını flüs vә reduksiyaedici (adәtәn, karbon, silisium vә ya alüminium) ilә әritmәklә alınır. Proses filiz reduksiyaedәn elektrik sobalarında, bәzәn dә xüsusi әritmә şaxtalarında (kürәlәrdә) aparılır, az miqdarda F. isә domna sobalarında alınır. Ən mühüm F. ferrosilisium, ferroxrom, ferromanqan, ferrovolfram, ferromolibden, ferrovanadium, ferrotitan, ferrosilikosirkonium, ferroniobium, ferrofosfor, ferrobor vә s.-dir.