FERSAN Rəfiq Şəmsəddin (1893, İstanbul - 13.6.1965, İstanbul) - türk bəstəkarı və tənburçalanı. Gənc yaşlarından (1905-12) Tənburi Cəmil bəydən dərs almışdır. Bir il Misirdə, 4 il İsveçrədə yaşamışdır. Türkiyəyə qayıtdıqdan (1917) sonra İstanbul Un-tinin Dövlət Konservatoriyasında tənbur müəllimi işləmişdir. 1923-27 illərdə Prezident musiqi kollektivinə rəhbərlik etmişdir. İstanbul bələdiyyə konservatoriyası ansamblında və İstanbul radiosunda fəaliyyət göstərmiş, 1950 ildən ömrünün sonunadək konservatoriya nəzdindəki Türk musiqi kollektivinin rəhbəri vəzifəsində işləmiş, yüzlərlə klassik əsəri nəşrə hazırlamışdır. Müxtəlif növ mahnı və sözsüz əsərlərin, peşrəvlərin və instrumental melodiyaların müəllifidir. 20 əsr türk musiqisinin görkəmli nümayəndələrindən biri olmuşdur.