FESSÁLİYA (Θεσσαλία) – Şimal-Şәrqi Yunanıstanda tarixi vil. Egey dәnizi sahilindә, әsasәn, Fessaliya düzәnliyindәdir. Sıra dağlarla әhatә olunmuşdur. Şm.-da Makedoniya (antik), q.-dә Epirlә sәrhәdlәnir, ş.-dәn dәniz suları ilә yuyulur. Şm.-da Olimp vә Ossa (Osa) dağları arasında yerlәşәn Tempi dәrәsi (Peney çayı hövzәsi) Makedoniyadan F.-ya keçiddir. C.-da dar Fermopila keçidi F.-nı Orta Yunanıstanla birlәşdirir.
F. әrazisindә Neolit vә subneolit mәdәniyyәtlәri (Dimini, Sesklo) mövcud olmuşdur. E.ә. 2-ci minillikdә F.-da Mikena mәdәniyyәti mәrkәzlәri meydana gәlmişdi. E.ә. 2-ci minilliyin sonu – 1-ci minilliyin әvvәllәrindә F.-nı Epir tayfalarından biri olan fessallar tutmuşdular. Yerli әhalini tabe etmiş fessalların özlәri mülkәdar aristokratiya tәbәqәsi ilә tәmsil olunur vә F. polislәrindә aparıcı mövqelәrә malik idilәr. Bәzi polislәrdә aristokratiyanın mәğlubiyyәti tiraniyanın qurulmasına gәtirib çıxarmışdı. Feradakı tiran Likofron e.ә. 404 ildә Spartanın kömәyi ilә Makedoniya tәrәfindәn dәstәklәnәn F. aristokratik polislәri ittifaqı ilә müharibәyә başlamışdı. Likofronun varisi tiran Yason müharibәni sona çatdırmış vә bütün F.-nı birlәşdirәrәk (e.ә.372) onun ömürlük başçısı (taqı) olmuşdu. Aristokratların sui-qәsdi nәticәsindә (e.ә. 370) Yason öldürüldükdәn sonra F.-nın әhәmiyyәti azalmış, daxili çәkişmәlәr onu zәiflәtmişdi. II Filippin dövründә F. Makedoniyanın tabeliyinә keçdi (e.ә. 352–344). Kinoskefala yaxınlığındakı vuruşmadan (e.ә. 197) sonra F. Yunanıstanın digәr әrazilәri ilә birlikdә romalıların tәsir dairәsinә düşәrәk Roma әyalәti olan Makedoniyanın tәrkibinә (e.ә. 148) qatılmışdı. 395–1396 illәrdә F. Bizansın, 1396–1881 illәrdә isә Türkiyәnin hakimiyyәti altında idi. 1881 ildәn Yunanıstanın tәrkibindәdir.