FEST (Φαιστός) – Messara (Mesara) platosunun Kastri tәpәsindә (Yunanıstan, İraklion nomu, Krit a.-nın c. sahilindә) qәdim şәhәr. İngilis hәrbçisi T. Spratt tәrәfindәn 1853 ildә aşkar olunmuşdur (Strabonun tәsvirlәri әsasında). Əsas qazıntılar Afinadakı İtaliya arxeologiya mәktәbi tәrәfindәn 1900–04 (F.Halbherr), 1906–09 (L.Pernye) illәrdә vә 1950 ildәn (D.Levi vә b.) aparılmışdır. F.-dә yaşayış mәskәni Son Neolit dövründәn mövcud olmuşdur. Tәqr. e.ә. 2100–1600 illәrdә F. Minoy mәdәniyyәtinin (sivilizasiyasının) mәrkәzlәrindәn biri idi. Tәqr. e.ә. 1900 ildә tәpәnin üstündә әhәngdaşı bloklarından ibarәt divarları әhәngdaşı vә kirәc plitәlәrlә üzlәnmiş saray kompleksi (sah. 8400 m2; ölçülәrinә görә Knossdan sonra ikinci) tikilmişdi. Sarayın q. hissәsindә girişlәrә (әsas giriş qәrb fasadının mәrkәzindә yerlәşirdi) aparan daş bloklardan cığırlar vә döşәnmiş hәyәt, onun şm.-ş. küncündә gil mehrabı öküz tәsvirlәri ilә bәzәdilmiş mәbәdgah var idi. Qaladan keçmәklә pandus formalı girişdәn şm. hәyәtinә vә hökmdar otaqlarına daxil olurdular. Otaqların döşәmәsi әhәngdaşı plitәlәri ilә döşәnmiş, aralıqları qırmızı vә ağ kirәc mәhlulla doldurulmuşdur. Sütunların taxta әsası rәngli daşlarla üzlәnmişdir. Gil borularla çәkilmiş kanalizasiya sistemi mövcud idi. Tәqr. e.ә. 1700 ildә F. zәlzәlә nәticәsindә dağıntılara mәruz qalmış, sonralar daha iki dәfә dağılmış vә yenidәn bәrpa edilmişdir. Sarayın şm. hissәsindәki kürsülü otaqda “F. diski” (bax Krit yazısı) tapılmışdır. Tәqr. e.ә. 1600 ildә köhnә saray kompleksinin yerindә yenisinin tikintisinә başlanılmışdı (tamamlanmamışdır). F.-in çiçәklәnmә dövrü e.ә. 17 әsr – 15 әsrin ortalarına tәsadüf edir. Agiya-Triada ilә yanaşı F. mәrkәzi Knoss olan dövlәti quruma daxil idi. Üç mәrtәbәyәdәk olan şәhәr evlәri daşdan, yuxarı mәrtәbәlәri, әsasәn, çiy kәrpicdәn hörülmüş, üstü daş vә taxta sütunlar (üst diametri aşağıdakından böyük idi) üzәrindәki tirlәrlә örtülmüş, damına kirәmit vurulmuşdur. Tәqr. e.ә. 1450 ildә, ehtimal ki, Santorin a.-nda vulkan püskürmәsi nәticәsindә F. mәhv olmuşdur. Tәpәnin yamaclarındakı mәskәndә yaşayış, o cümlәdәn Mikena mәdәniyyәti çәrçivәsindә davam etmişdir. Hәndәsi, arxaik vә klassik dövrlәrdә (tәqr. e.ә. 900–336) keçmiş sarayın q. hissәsindә yaşayış mәhәllәlәri salınmışdı. E.ә. 7 әsrdә iri şәhәrә çevrilәn F.-dә mәbәdlәr, o cümlәdәn Reya mәbәdi inşa edilmişdi. Ellinizm dövründәn Bizans dövrünәdәk kiçik yaşayış mәskәni olmuşdur.
Fest diski. İraklion arxeologiya muzeyi.