FET (Şenşin), Afanasi Afanasyeviç (5.12.1820, indiki Oryol vil., Mtsensk r-nunun Novocelki k.-3.12.1892, Moskva) - rus şairi, tərcüməçi, publisist. Peterburq EA m. üzvü (1886). Mülkədar Şenşin və Almaniyadan gəlmiş Karolina Şarlotta Fetin oğlu. 1835-37 illərdə Verro ş.-ndə (indiki Viru, Estoniya) özəl pansionda, 1838-44 illərdə Moskva un-tində təhsil almışdır. Bədii yaradıcılığa 1839 ildən başlamış, “Lirik panteon” adlı ilk şeir kitabı 1840 ildə nəşr olunmuşdur. Həmin vaxtdan “Oteçestvennıye zapiski”, “Moskvityanin”, “Sovremennik” jurnallarında dərc olunmağa başlamışdır. F. yalnız lirik şeirlər yazmış, poeziyaya məhəbbət və gözəllik duyğularını ifadə etmək vasitəsi kimi yanaşmışdır. F.-in yaradıcılığında təbiət və məhəbbət mövzuları vəhdət təşkil etmişdir (“Sən onu sübt çağı oyatma”, 1842; “Mən sənin yanına xeyirxahlıqla gəlmişəm”, 1843; “Arılar”, 1854; “Payız”, 1855; “Yox, sən ehtiraslı nəğmə gözləmə”, 1858 və s.). “Axşam işıqları” (1-4, 1883-91) şeir, “Xatirələrim, 18481889” (h. 1-2, 1890) və “Həyatımın ilk illəri” (nəşri 1893) adlı memuar kitablarının müəllifidir. F. tərcümə ilə də məşğul olmuş, klassik Roma şairlərinin (Horatsi, Katull, Yuvenal, Tibull, Ovidi, Vergili və b.), həmçinin Avropanın yeni dövr müəlliflərinin əsərlərini tərcümə etmişdir: bütünlüklə Götenin “Faust”unu (h. 1-2, 1882-83), “German və Doroteya” (1856) poemasını, A. Şopenhauerin dörd fəlsəfi traktatını, həmçinin H.Heyne, F.Şiller, P.J. Beranje, A de Müsse, Bayron, Mitskeviç və b.-nın ayrı-ayrı əsərlərini, Şərq şairlərinin (Hafiz və b.), şeirlərini (alm. dilindən). İ.S. Turgenev və L.N. Tolstoyla şəxsi dostluq və yaradıcılıq əlaqələri saxlamışdır.
Ə s ə r l ə r i: Сочинения. Т. 1-2, М., 1982; Вечерние огни. М., 1979; Воспоминания: В 3 т. Пушкино, 1992; Сочинения и письма: В 20 т. М.; СПБ., 2002-2014 (т. 1-5).
Əd.: А.А. Фет. Материалы и исследования. М.; СПБ., 2010; Вып. 1; Ранчин А.М. Путеводитель по поэзии А.А. Фета. М., 2010.