FETİS Fransua Jozef (25.3.1784, Mons - 26.3.1871, Brüssel) - Belçika musiqişünası və bəstəkarı. 1800-06 illərdə Paris konservatoriyasında A.F.Bualdyödən, L.B.Praderdən (fp.) və J.B.Reydən (musiqi nəzəriyəsi) dərs almışdır. 1821-31 illərdə həmin konservatoriyada musiqi nəzəriyyəsi fənlərini tədris etmişdir. 1827 ildə Parisdə “Revyü müzikal” qəzetini təsis etmiş, 1833 ilədək onun aparıcı müəllifi olmuşdur. 1833 ildən Brüsseldəki konservatoriyanın direktoru və kral kapell asının kapelmeysteri idi. Musiqi tarixi və nəzəriyyəsi, musiqi leksikoqrafiyasına dair fundamental əsərlərin müəllifi, Belçika və fransız musiqişünaslıq məktəblərinin başçısı olmuşdur. Elmi monoqrafiyaların dərslik və məlumat kitablarının, o cümlədən “Ümumi bioqrafik musiqiçilər lüğəti”nin (c.1-8, 1835-44; ikinci düzəldilmiş və əlavələr edilmiş nəşri 1860-65), “Ümumi musiqi tarixi”nin (c.1-5, 1869-76) və s. əsərlərin müəllifidir. F.-in ən mühüm nəzəri əsəri - “Harmoniyanın nəzəriyyəsi və praktikasına dair müfəssəl traktat”ı (1844) Fransada geniş yayılmış (1844-1903 illərdə 20 nəşri olmuşdur), 19-20 əsrlər alman (H.Riman və onun məktəbi) və rus (B.Z.Yavorski, B.V.Asafyev və onların ardıcılları) musiqi nəzəriyyəsinə böyük təsir göstərmişdir. Operaları, simfoniyaları, kvartetləri və digər musiqi əsərləri var.