FETİSOV Vyaçeslav Aleksandroviç (d.20.4.1958, Moskva) - Rusiya idmançısı və məşqçisi (şaybalı hokkey), SSRİ əməkdar idman ustası (1978), RF əməkdar məşqçisi (2002); dövlət idman xadimi. RF Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri (2002-04), Bədən Tərbiyəsi və İdman Federal Agentliyinin rəhbəri (2004-08). 1970-ci illərin 2-ci yarısı-90-cı illərdə dünyanın ən güclü və məhsuldar hokkey müdafiəçilərindən biri. 14 dəfə SSRİ çempionu (1975, 1977-89), 3 dəfə SSRİ kubokunun (1977, 1979, 1988), 14 dəfə Avropa çempionlar kubokunun (1974, 1976, 1978-89) sahibi, 2 dəfə Qış Olimpiya Oyunlarının (1984, Sarayevo; 1988, Kalqari), 7 dəfə dünya (1978-83, 1986, 1989, 1990) çempionu, Kanada kubokunun (1981) sahibi, Qış Olimpiya Oyunlarının (1980, Leyk-Plesid) gümüş mükafatçısı, dəfələrlə dünya çempionatlarının mükafatçısı olmuşdur. 1989 ildən MHL-nın “Nyu-Cersi Devils” (1989-95) və “Detroyt Red Uinqs” (1995-98) klublarında çıxış etmişdir; iki dəfə Stenli kuboku yarışlarının (1997, 1998) qalibidir. F.-un adı 2005 ildən Hokkey Şöhrəti Zalındadır (Toronto). 2008 ildə Beynəlxalq Şaybalı Hokkey Federasiyası (IIHF) F.-u dünyanın altı ən güclü hokkeyçiləri sırasına daxil etmişdir. 2000 ildə Stenli kubokunun qalibi “Nyu-Cersi Devils” klubunun məşqçilərindən biri (1998-2002); Solt-Leyk-Sitidə Qış Olimpiya Oyunlarının (2002) bürünc mükafatını qazanmış Rusiya yığma komandasının baş məşqçisi və baş meneceri olmuşdur. 2000-ci illərin əvvəllərindən idman strukturlarında bir sıra rəhbər vəzifələrdə işləmiş, 2011 ilin sonlarından Federasiya Şurasının sosial siyasət üzrə komitəsi sədrinin birinci müavinidir. Haqqında “Qırmızı ordu” (2014) və “Şöhrət” (2015, F.-un ssenarisi əsasında) filmləri çəkilmişdir.