FETİŞİZM – 1) fövqәltәbii xassәlәr aid edilәn maddi әşyalara – fetişlәrә sitayiş. Qәrbi Afrika xalqlarının fetişlәrә (dirәk, daş vә s.) sitayişi ilә ilk dәfә 15 әsrdә portuqaliyalı dәnizçilәr tanış olmuşdular. “Fetiş” terminini 18 әsrin әvvәllәrindә holland sәyyahı V.Bosman işlәtmişdir. F.-in әn qәdim din olması haqqında nәticәyә gәlmiş fransız alim Ş. de Bross “Fetiş–allahlar kultu haqqında” әsәrindә onu qәdim misirlilәr, yunanlar vә romalıların dinindә araşdırmışdır. Fransız maarifçilәr F.-i dinin arxaik forması kimi nәzәrdәn keçirirdilәr. G.V.F.Hegelә görә, F. insanın sehrli vasitә olan fetişin kömәyilә tәbiәt üzәrindә öz dolayı hakimiyyәtini bilavasitә gerçәklәşdirdiyi ibtidai dinin – sehrbazlığın bir forması idi. F.-in etnoqrafiyada xarakteristikası çoxmәnalıdır: C.Lebbok F.-i sitayiş obyektini arzuları yerinә yetirmәyә mәcbur edә bilmәk imkanı – ibtidai inanc kimi izah edirdi; E.B.Taylor, H.Spenser vә b.-na görә, F. animizmin bir formasıdır. Müxtәlif xalqların inanclarında F.-in yeri fәrqlidir: avstraliyalılarda fetişlәr (çurinqalar) totemlәrin simvolu vә әvәzlәyicisi, Şimali Amerika hindilәrindә qәbilә himayәçilәrinin tәcәssümü, Qәrbi Afrika xalqlarında şәxsi himayәçilәrdir. Müxtәlif formalı fetişlәr var: daş, ağac parçası, heyvan bәdәninin hissәlәri, tәsvirlәr (bütlәr) vә s. Dünya dinlәrindә F. cәsәd qalıqları vә ikonalara (xristianlıqda), müqәddәs stupalara (buddizmdә), müqәddәs yerlәrә vә “Qara daş”a – Hәcәrül-әsvәdә (islamda) pәrәştiş şәklindә qalmaqdadır. 2) Cinsi hәvәsin öz-özlüyündә heç bir erotik mәna daşımayan canlı vә ya cansız predmetlәrә yönәlmәsi ilә müşayiәt olunan cinsi pozğunluq. Seksual oriyentasiyadan asılı olaraq, әks vә ya eyni cinsin geyimlәri (xüsusi formaları fetiş-moda vә transvestik F.-dir), bәdәnin müxtәlif üzvlәri (xüsusi forması fut-F.), ümumiyyәtlә, qarşı tәrәfә aid müxtәlif әşya vә predmetlәr fetiş ola bilәr.