FEVRAL İNQİLABI (1917) – Rusiyada çar monarxiyasının devrilmәsi ilә nәticәlәnәn burjua-demokratik inqilabı. Birinci dünya müharibәsi (1914–18) Rusiya imperiyasındakı ziddiyyәtlәri son dәrәcә kәskinlәşdirmişdi. Müharibә edәn dövlәtlәr arasında әn dәrin iqtisadi böhran keçirәn Rusiya idi. Böhran ölkәnin bütün sosial-iqtisadi vә siyasi hәyatını bürümüşdü. Mütlәqiyyәtin devrilmәsi, demokratik resp.-nın qurulması, mülkәdar torpaq sahibliyinin lәğvi, milli zülmün aradan götürülmәsi inqilabın әsas vәzifәlәri idi.
İnqilab fevralın 23-dә (martın 8-i) başladı. Hәmin gün Petroqradda 128 mindәn, bir gün sonra 200 mindәn çox fәhlә tәtil etdi. Fevralın 25-dә 300 min nәfәrin iştirakı ilә ümumi siyasi tәtil başlandı; polis vә qoşunlarla qanlı toqquşmalar oldu, kütlәvi hәbslәr keçirildi. Fevralın 27-dә ümumi siyasi tәtil silahlı üsyana çevrildi. Ordu vә donanmanın inqilabın tәrәfinә keçmәsi kütlәvi hal aldı. Şәhәr inqilabçılar tәrәfindәn, demәk olar ki, bütünlüklә tutuldu. Fevralın 28-nә (martın 13-nә) keçәn gecә Dövlәt dumasının Müvәqqәti komitәsinin yaradılması elan olundu. Müvәqqәti komitә çar II Nikolay ilә danışıqlara başladı vә o, martın 2-dә qardaşı Mixailin xeyrinә taxtdan әl çәkdi. Lakin Mixail dә hakimiyyәtdәn imtina etdiyi üçün Petroqrad Sovetinin icraiyyә komitәsi Müvәqqәti komitәyә hökumәt tәşkil etmәk hüququ verdi. Martın 2-dә knyaz G.Y.Lvov başda olmaqla Müvәqqәti hökumәt tәşkil edildi. Müvәqqәti hökumәtin qarşısında duran әsas vәzifә ölkәdә qayda-qanun yaratmaq vә Müәssislәr mәclisinә seçkilәr keçirmәk idi.
Martın 3-dә Bakı fәhlәlәri birgünlük tәtil keçirmәklә Petroqrad inqilabçıları ilә hәmrәy olduqlarını bildirdilәr. Hәmin gün Müvәqqәti hökumәt siyasi mәhbusların әfv olunması haqqında qәrar verdi: ölkәdә xeyli siyasi mәhbus, o cümlәdәn Azәrb.-da tәqr. 600 nәfәr azadlığa buraxıldı. Martın 5-dә Bakı İctimai Tәşkilatları Şurası, martın 7-dә isә Bakı rayonu fәhlә deputatları soveti tәşkil edildi. Belәliklә, Rusiyanın digәr yerlәrindә olduğu kimi, Azәrb.-da da ikihakimiyyәtlilik meydana gәldi. Martın 9-da Cәnubi Qafqazda mülki hakimiyyәt yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitәsinә (OZAKOM) verildi.
F.i. azәrb.-ların siyasi fәallığını artırdı. Martın 27-dә Bakı müsәlman ictimai tәşkilatlarının icraiyyә komitәsi yaradıldı. M.Hacınski Milli Müsәlman Şurası İcraiyyә Komitәsinin sәdri seçildi. Aprelin 15–20-dә Bakıda Qafqaz müsәlmanlarının qurultayı keçirildi. Azәrb.-ın muxtariyyәti uğrunda mübarizә genişlәndi.