FEVRAL SİLAHLI ÜSYANI (1934) (alm. Österreichischer Bürgerkrieg, Februarkämpfe) – Avstriyada 1934 il fevralın 12–15-dә bir tәrәfdәn şutsbund, sosial-demokratlar vә kommunistlәr, digәr tәrәfdәn E.Dolfusun hökumәt qoşunları (nizami ordu, polis, haymver) arasında silahlı qarşıdurma. Münaqişәnin sәbәbi Nasional-Sosialist Alman Fәhlә Partiyasının (NSAFP) nüfuzunun güclәnmәsi, 1933 ilin martında Dolfusun avtoritar rejiminin qurulması vә siyasi azadlıqların mәhdudlaşdırılması idi. Ən şiddәtli döyüşlәr iri sәnaye mәrkәzlәri Lintsdә, Vyananın bir neçә rayonunda, Ştayrda, Brukk-an-der-Murda baş vermişdir. Qarşıdurmalar zamanı hökumәt qoşunları ağır toplardan, minaatanlardan vә zirehli avtomobillәrdәn istifadә etmişlәr. Münaqişә qurbanlarının sayı hәr iki tәrәfdәn tәqr. 1600 nәfәr idi. Fevralın 15-dә çıxışlar yatırılmış, Avstriya Sosial-Demokrat Fәhlә Partiyasının vә ona yaxın tәşkilatların әmlakı müsadirә edilmiş, çıxış iştirakçılarının çoxu hәbs olunmuş, әn fәalları edam edilmişdilәr. 1934 il mayın 1-dә qәbul olunmuş konstitusiya avstrofaşizmin vә Dolfus rejiminin әsaslarını tәsbit etmişdir.