FÉYERABEND Pol (Paul) Karl (13.1.1924, Vyana – 11.2.1994, İsveçrә, Vokantonu, Jenolye) – Avstriya-Amerika elm filosofu, postpozitivizm nümayәndәsi. Veymarda (1946) dramaturgiya nәzәriyyәsi, Vyana Un-tindә tarix, sosiologiya vә fizika üzrә tәhsil almışdır (doktorluq dissertasiyasını 1951 ildә müdafiә etmişdir). Avstriya filosofu vә fiziki F.Frank (1884–1966), K.Popper (1952–53 illәrdә London iqtisadiyyat mәktәbindә ondan dәrs almışdır) vә L.Vitgenşteynin ideyalarından tәsirlәnmişdir. Bristol Un-tindә (1955–58) dәrs demişdir. 1959 ildәn ABŞ-da yaşamış, Berklidә Kaliforniya Un-tinin prof.-u olmuşdur.
1950-ci illәrin sonu – 1960-cı illәrin әvvәllәrindә T.Kun, S.Tulmin, İ.Lakatos vә b. ilә birlikdә mәntiqi empirizmin metodoloji proqramlarının, ilk növbәdә elmin hipotetik-deduktiv vә kumulyativist modelinin tәnqidi ilә çıxış etmişdir: bir-birini әvәzlәyәn nәzәriyyәlәr arasında mәntiqi ardıcıllıq münasibәti qurmaq olmaz; elmi terminlәrin mәnaları bütün nәzәriyyә konteksti ilә müәyyәnlәşdiyindәn vә, demәli, rәqabәt aparan nәzәriyyәlәrin terminlәri eyni bir mәnanı daşıya bilmәdiyindәn, elmi nәzәriyyәlәr “qarşılıqlı müqayisәolunmazdır”. Nәzәriyyә “bütövlükdә dünyaya baxışdır” vә bir nәzәriyyәdәn digәrinә keçid elmi ideyaların mәntiqi inkişafı vә hәqiqәtlәrin toplanması deyil, dünyagörüşünün dәyişmәsidir (antikumulyativizm tezisi). Elmin inkişafı ümumi qәbul olunmuş konsepsiyaların alternativlәrini yaratmaq yolu ilә nәzәriyyәlәrin qarşılıqlı tәnqidi vә mübarizәsi nәticәsindә hәyata keçir (“proliferasiya”, çoxalma prinsipi).
F.-in tәklif etdiyi metodoloji, yaxud epistemoloji anarxizm konsepsiyasının (“Metoda qarşı. Anarxist idrak nәzәriyyәsi oçerki” – “Against method: outline of an anarchistic theory of knowledge”, 1975; “Azad cәmiyyәtdә elm” – “Science in the free society”, 1978) әsasında elmi yaradıcılığın mütlәq azadlığı, ilk növbәdә “metodoloji mәcburiyyәt”dәn, universallıq vә obyektivlik iddialarından azadlığı ideyası durur. Problemlәrin hәlli yollarını ixtira edәn vә onları mövcud qanun-qaydalara uyğun gәlmәsinә görә deyil, nәticәlәrin nә dәrәcәdә uğurlu olmasına görә dәyәrlәndirәn ağlın hüdudsuz azad yaradıcılığı insan idrakının vә bütövlükdә insan varlığının ali dәyәridir. F. hesab edirdi ki, hәr bir tәdqiqatçı hansısa ümumi standartları vә hәmkarlarının tәnqidini nәzәrә almadan öz konsepsiyasını işlәyib hazırlamaq hüququna malikdir. Avtoritarizmin istәnilәn forması elmi ideologiyada yolverilmәzdir. Azad cәmiyyәtdә bütün әnәnәlәr bәrabәrhüquqludur vә onlar üçün hakimiyyәt mәrkәzlәri eyni dәrәcәdә әlçatan olmalıdır. Azadlıq ambisiyalı nәzәriyyә sistemlәrinin hökm sahiblәrinә әta etdiyi nemәt yox, fәrdlәrin müxtәlif vektorlu fәallığının mәhsuludur. Elmin inkişafındakı ziddiyyәtlәr, elmi-texniki tәrәqqinin mәnfi nәticәlәri F.-dә elmi dövlәtdәn ayırmaq (dinin dövlәtdәn ayrılması kimi), cәmiyyәti onun mәnәvi-intellektual diktatından qurtarmaq ideyalarının yaranmasına sәbәb olmuşdu.