FEYXOA (Feijoa, Acca) – mәrsinkimilәr fәsilәsindәn bitki cinsi. Dekorativ vә meyvә bitkisidir. Cәnubi Amerikanın subtropiklәrindә 3 növü var: bunlardan 1 növü Sellov F.-sı (F. sellowiana, A. sellowiana) becәrilir. Avropa, Asiya, Afrika ölkәlәrinә, Avstraliyaya, ABŞ-ın vә Rusiyanın cәnubuna introduksiya olunub. Sәthi kök sistemi vә sıx, qollu-budaqlı çәtiri olan kiçik ağaclar, yaxud kollardır (hünd. 4 m-әdәk). Yarpaqları sadә, oval, qısasaplaqlı, qarşı-qarşıya düzülmüşdür. Əsasәn, cücülәrlә tozlanan, iri, ağ qarışıq qırmızı lәçәkli ikicinsli qoltuq çiçәklәri tәk-tәk, cüt, yaxud bir neçә әdәd olmaqla, qalxanvarı çiçәk qrupunda yerlәşir. Meyvәsi iri (20–60 q), yaşıl gilәmeyvәdir, spesifik әtri vә dadı olan çoxtoxumlu yuvacıqlarda yerlәşmişdir; çiy halda istifadә edilir vә cem hazırlanır. F. kifayәt qәdәr şaxtaya (–10°C-yәdәk) vә quraqlığa davamlıdır. Krımda, Qafqazın Qara dәniz sahillәrindә, Dağ.-ın c.-unda mәhdud sayda becәrilir. F.-dan dekorativ mәqsәdlәr üçün dә istifadә edilir. Toxumla vә vegetativ yolla çoxaldılır. Azәrb.-ın Lәnkaran – Astarа zonasında 1 növü becәrilir. Yetişdirilәn sortları bunlardır: Nikitskiy, Pervents, Svetlıy, Buqristıy, Krupnoplodnıy, Ranniy aromatnıy. Ağır vә gilli torpaqlarda yaxşı becәrilir, yüngül qumlu torpaqlarda pis böyüyür vә tez solur. Meyvә vә şirәsindәn ateroskleroz, sinqa vә qalxanabәnzәr vәzinin müalicәsindә istifadә olunur.
Feyxoa (A. sellowiana) bitkisi, çiçәyi vә meyvәsi.