FEYXTVANGER (Feuchtwanger) Lion (7.7.1884, Münxen - 21.12.1958, ABŞ, Los-Anceles) - alman yazıçısı. Almaniya Demokratik Resp.-nın Milli mükafatı (1953) laureati. Münxen və Berlin un-tlərində oxumuş, fəlsəfə doktoru elmi dərəcəsini (1907) almışdır. Jurnalistika ilə məşğul olmuş,Varlı yəhudi fabrikantı ailəsində doğulmuşdur. 1908 ildə “Güzgü” ədəbi jurnalını nəşr etdirmişdir. İlk kitabı “Tənhalar” (1903) adlı hekayələr toplusudur. 1914-18 illərdə yazdığı şeirlərdə, “İranlılar” (Esxilin eyniadlı faciəsi əsasında, 1917), “Sülh” (Aristofanın eyniadlı komediyası əsasında, 1918) əsərlərində, “Hərbi əsirlər” (1919) pyesində müharibə əleyhinə çıxmışdır. F.-in ilk əsərləri arasında “Uorren Hastinqs” dramı (1916; sonralar Breхtlə birlikdə “Kəlkələ 4 may” adlı pyes kimi yenidən işləmişdir. Tomas Vendt” (1920) romanı var. Yazıçının tarixi romanları dövrün mütərəqqi ictimai-siyasi ideyaları ilə səsləşirdi: “Eybəcər hersoginya” (1923), “Yəhudi Züss” (1925), 30-cu illərdə yazdığı “Yəhudi müharibələri” (1932), “Oğullar” (1935), “Gün gələcək” (1942) trilogiyası; “Yalançı Neron” (1936). 1933 ildə Almaniya vətəndaşlığından məhrum edilmiş, kitabları yandırılmış, əmlakı müsadirə olunmuşdur. Faşistlərin hakimiyyətə gəldiyindən xaricdə xəbər tutan F. Almaniyaya qayıtmamış, Fransa Rivyerasında yaşamışdır. 1936-39 illərdə B.Brext və V.Bredel ilə birlikdə SSRİ-də çıxan “Das Wort” (“Söz”) jurnalının redaktoru olmuşdur. Fransa hökumətini tənqid etdiyinə görə 1939 ildə həbs düşərgəsinə salınmış, 1940 ildə oradan qaçmış, ABŞ-a getmişdir. “Gözləmə zalı” trilogiyasında [“Müvəffəqiyyət” (1930), “Oppenheymlər ailəsi” (1933), “Sürgün”romanları], “Lautenzak qardaşları” (1943) romanında faşizm ifşa olunur. “Tülkülər üzümlükdə” (1947). “Qoyya, yaxud İdrakın məşəqqətli yolu” (1952), “Qəribə adamın müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyi” (1952) romanlarının müəllifidir. “Dul xanım Kapet” (1956) pyesi var. Antik və hind dram əsərlərinin tərcüməçisi, ədəbiyyat və teatr tənqidçisi kimi tanınmışdır. Bir çox əsəri ekranlaşdırılmışdır.
Ə s ə r l ə r i: Qəribə adamın müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyi. B., 1958; Собр. соч.: т. 1-12, М., 1963-68; Собр. соч.: В 6 т. М., 1988-1994.
Əd:. Ранние исторические романы Л. Фейхтвангера. М., 2010; S temburq W. von. L. Feuchtwanger. B., 2016.