FƏALLIQ, p s i x o l o g i y a d a – canlı varlığın, onun dünyada mövcudiyyәt şәrti kimi fәaliyyәtli vәziyyәti. F.-ın subyekti olmaq “özünәsәbәbolma”, özündә öz davranışının mәnbәyini ehtiva etmәk demәkdir. F.-ın subyekti mәqsәdqoyan, azad vә inkişaf edәn varlıqdır.
İnsan F.-ın subyekti kimi onun müxtәlif tәzahür formaları ilә (insanı digәr canlılarla yaxınlaşdıran baza tәzahürlәrindәn tutmuş fәrdin özünü şәxsiyyәt kimi göstәrdiyi sırf insana mәxsus formalaradәk) sәciyyәlәnir. F.-ın aşağıdakı tәzahürlәri fәrqlәndirilir:
1) ümumi, qeyri-spesifik F. – konkret zaman anında subyektin “sayıqlıq dәrәcәsi”ni, hәyat fәaliyyәti enerjisini ifadә edir;
2) reflektiv F. – fәrdin vә ya növün keçmiş tәcrübәsi ilә qabaqcadan müәyyәn olunur vә “gerçәkliyin qabaqlayıcı inikası” (P.K.Anoxin) әsasında reallaşır, bu zaman “olacaq şey”in obrazı gәlәcәkdәn çox keçmişlә şәrtlәnir. Reflektiv akt hәyat fәaliyyәtinin vәrdiş olunmuş situasiyasında tәlәbatın ödәnilmәsinә doğru әvvәlcәdәn çәkilmiş yoldur;
3) ixtiyari davranış – fәrdin tәlәbatı tәminetmә situasiyasının özünü yaradan, mәqsәdqoyan vә mәqsәdyönlü F.-ı. Fәrd gerçәkliyin tәkcә qabaqlayıcı deyil, hәm dә şәkildәyişdirici inikasını reallaşdırır. Fәrdin öz hәrәkәtlәrini qurması baxımından ixtiyari davranışı mürәkkәb iyerarxik struktura malikdir vә fәaliyyәtin effektorlarından gәlәn siqnallarla müqayisә әsasında “lazım olan gәlәcәk” modeli ilә idarә olunur (N.A.Bernşteyn);
4) iradi akt – şüurlu şәkildә seçilmiş oriyentirlәrә dayanıqlı riayәtetmә (bax İradә). İradi aktda fәrd özünü etdiyi hәrәkәtlәrin ilkin sәbәbi, mәqsәdqoymanın mәnbәyi kimi hiss edir. İradi aktın bir növü dә eyni dәrәcәdә cәlbedici olan alternativlәr arasından seçim etmәkdir;
5) özünәgüvәn (“situasiyaüstü F.”) – fәrdin mövcudiyyәtinin gizli imkanlarının mәnbәyi kimi onun öz Mәni üzәrindә tәmәrküzlәşәn F.-ı. İnsan özünü duymağa, özünә әvvәlcәdәn mәlum olmayan keyfiyyәtlәrini müәyyәn etmәyә can atır. O, özündә әvvәllәr müşahidә etmәdiyi duyğuları oyatmaq, özü ilә ünsiyyәtin yeni formasını sınaqdan keçirmәk üçün hәrәkәt edir.