FƏDAİ, fidai (әr. فداىى – özünü qurban verәn, fәda edәn) – öz amalı uğrunda hәyatından keçmәyә hazır olan şәxs. “F.” sözü daha çox dini vә ya siyasi anlamda işlәdilir. F.-lәr islam tarixindә ilk dәfә xaricilәr arasında meydana gәlmişlәr. İsmaililәr dövlәtinin banisi Hәsәn Sәbbahın [1090–1124] Sәlcuqilәr dövlәtinә qarşı mübarizәdә yaratdığı könüllülәrdәn ibarәt tәşkilat da “fidaiyan” (far. fәdailәr) adlanırdı. F.-lәrin әn mühüm xüsusiyyәti verilәn әmrә mütlәq itaәt idi (bax hәmçinin Hәşşaşilәr).
“F.” sözü müsәlman ölkәlәrindә azadlıq mübarizәsi zamanı silahlı dәstәlәrin özlәrinә verdiklәri ad kimi dә işlәnmişdir. İran inqilabı (1905–11) dövründә şәhәr yoxsullarından, xırda burjuaziya, fәhlә vә kәndli nümayәndәlәrindәn ibarәt könüllü silahlı F. dәstәlәri Tәbriz üsyanında (1908–09)mühüm rol oynamışlar. Cәnubi Azәrb.-da milli-demokratik hәrәkat dövründә (1945–46) özünümüdafiә dәstәlәrinin üzvlәri (bax Cәnubi Azәrbaycan mәqalәsi, Tarixi oçerk); Əlcәzairdә milli azadlıq müharibәsi dövründә (1954–62) vәtәnpәrvәr gizli cәbhәnin dәstә üzvlәri; Fәlәstin Azadlıq Tәşkilatı silahlı partizan dәstәlәrinin üzvlәri; İranda şah rejiminә qarşı mübarizә aparan bәzi tәşkilatların üzvlәri (“İslam F.-lәri”, 1941 ildә yaradılmışdı; “Xalq F.-lәri”, 1963 ildә yaradılmışdı) özlәrini F. adlandırmışlar.