FƏXRİ ƏRDİNC (Fahri Erdinç) (1.1. 1917, Ağhisar - 11.11.1986, Sofiya) - türk yazıçısı. Yaradıcılığına Səbahəddin Alinin təsiri olmuşdur. Balıkəsir ibtidai sinif müəllimi məktəbini (1936) bitirmiş, 1939 ildən Ankara Dövlət Konservatoriyasının teatr bölməsində təhsil almışdır. Bir müddət müəllim işləmiş, daha sonra radio teatrında fəaliyyət göstərmişdir. Siyasi görüşlərinə görə 1947 ildə həbs olunmuş, azadlığa çıxdıqdan sonra gizli yolla Bolqarıstana getmişdir (1949). Yaradıcılığa şeirlə başlamışdır. “Şən olasan, Hələb şəhəri” (1945) toplusunun, “Köç”pyesinin, “Əqrəblər” (1952), “Asi”, “Öz məmləkətimdən danışıram”, “Dirilər qəbiristanlığı” (1964) hekayə kitablarının, “Bir Əli” (1958), “Коreya haradadır?” (1966), “Acı loğma”, “Qardaş evi” (1979) romanlarının və s. müəllifidir. Bir sıra hekayəsi (“Azadlıq”, “Qiyamçı”, “Əyri güzgü” və s.) Azərb. dilinə tərcümə olunmuşdur.