FƏQƏRƏLƏR – onurğalı heyvanların vә insanın ox skeleti olan onurğanın elementlәri. Balıqların tipik F.-i cisimdәn vә onunla әlaqәdar olan ucları qılçıqlı nazik çıxıntılı üst (nevral) vә alt qövslәrdәn (hemal) ibarәtdir. Belә F.-in cismi mәrkәzindә xordanın keçdiyi, iki tәrәfi basıq disk (amfisel) formasında olur. Nevral qövslәr onurğa beyninin yerlәşdiyi onurğa kanalını mәhdudlaşdırır; onurğanın quyruq hissәsinin altındakı hemal qövslәr quyruq aortasının vә venanın keçdiyi hemal kanalını әhatә edir. Gövdә şöbәsindә hemal qövslәr F.-in altında birlәşmәyib, yan köndәlәn çıxıntılar әmәlә gәtirirlәr. Onlar qabırğa qabarlarını birlәşdirmәk üçündür, qabırğa başcıqları isә kiçik yastı oynaqlar vasitәsilә fәqәrә cisimlәrinin yan sәthlәrinә birlәşir (bir fәqәrәnin arxa kәnarında vә qonşu arxa fәqәrәnin ön kәnarında). Quru onurğalılarının (tetrapodlar) F.-i daha mürәkkәb quruluşludur. Nevral qövslәrin әsasında F. arasında yeni, daha möhkәm әlaqәlәr yaradan cüt ön vә arxa oynaq çıxıntıları әmәlә gәlir; bunlar filogenezin gedişindә tәdricәn xordanı bütünlüklә әvәz edirlәr. Tetrapodların әksәriyyәtindә F.-in cismi amfisel quruluşlarını itirirlәr vә önә әyilәn (prosel), yaxud arxayaәyilәn (opistosel), mәmәlilәrdә vә insanda isә yastı diskli (platisel) olurlar. Bәzi amniotlarda (sürünәnlәr, quşlar vә mәmәlilәrdә) F. arasında digәr başqa әlavә әlaqәlәr yaranır. Onların F.-i onurğanın xüsusilәşmiş şöbәlәrindә müxtәlif quruluş xüsusiyyәtlәri qazanır. Başın daha çox hәrәkәtliliyini tәmin edәn boyun şöbәsinin iki ön fәqәrәsi (atlant vә epistrofey) xüsusi quruluşu ilә fәrqlәnir. Quşlarda bütün boyun F.-inin cismi yәhәrşәkilli formaya malikdir.
İnsanda döş şöbәsi fәqәrәsi: a – yandan görünüşü; b – üstdәn görünüşü; 1 – cismi; 2 – yuxarı qabırğa çuxurcuğu; 3 – yuxarı oynaq çıxıntısı; 4 – köndәlәn çıxıntı; 5– köndәlәn çıxıntının qabırğa çuxurcuğu; 6 – tinli çıxıntı; 7– aşağı oynaq çıxıntısı; 8 – aşağı qabırğa çuxurcuğu; 9 – fәqәrә qövsü; 10 – fәqәrә dәliyi.
Onurğalıların fәrdi inkişaf prosesindә F. xorda әtrafında toplanmış mezenxima hüceyrәlәrindәn әmәlә gәlir. Onlar qığırdaq rüşeymlәri şәklindә formalaşır. Müxtәlif qrup heyvanlarda F. rüşeymlәrin müxtәlif kombinsiyalarından ibarәtdir. İlan balıqlarında yalnız onurğa beyninin yanlarında xorda üzәrindә yerlәşәn üst qığırdaq qövslәri inkişaf edir. Balıqlarda hәr skelet-әzәlә seqmentindә 8 cütә qәdәr belә rüşeym olur; bunlara 4 cüt nevral vә hemal qövs rüşeymi, 4 cüt fәqәrә cismi rüşeymi aiddir; bunların arasında episentrlәr, hiposentrlәr vә әlavә element olan 2 cüt plevrosentr vardır. Qığırdaqlı balıqlarda F. bütün 8 cüt rüşeymdәn inkişaf edir. Sümüklü balıqlardan ikitәnәffüslülәr, pәncәüzgәclilәr vә nәrәkimilәrdә F.-in cismi isә qığırdaq olaraq qalır.Əsl sümüklü balıqlarda F.-in cismindә dә sümüklәşmә gedir. Suda-quruda yaşayanların müxtәlif qruplarında F. hiposentrlәrdәn, bel (üst) plevrosentrlәrdәn, yuxarı vә aşağı qövslәrdәn әmәlә gәlir. Sürünәnlәrin, quşların vә mәmәlilәrin F.-i, әsasәn, bel plevrosentrindәn yaranır.