FƏLƏK (әr.الفلك ) – klassik islam kosmologiyasında göy tәbәqәsi. Platonun әbәdi fırlanan canlı göy modelini vә Aristotelin Ayaltı vә Ayüstü alәm bölgüsünü mәnimsәmiş müsәlman filosoflar onların kosmoloji görüşlәrini neoplatonist interpretasiyada yenidәn işlәyib hazırlamışdılar. Quranda iki ayәdә (21:33; 36:40) xatırlanan “F.” sözü üzәrindә göy cisimlәrinin “üzdüyü” yer (“gәmi”), yaxud orbit mәnasını ifadә edir. İslam fәlsәfәsindә, xüsusilә Farabinin südur nәzәriyyәsindә F. başlıca termindir. Kindi, İbn Sina, İbn Rüşd, Fәxrәddin Razi vә b. müәyyәn fәrqlәrlә geosentrik Kainat modelini irәli sürmüşlәr (bax Dünyanın geosentrik sistemi). Kainatın mәrkәzindәki Yeri әhatә edәn, ruha vә iradәyә malik doqquz F. yuxarıdan aşağıya biri digәrinin varlıq vә hәrәkәtinin sәbәbidir. 4 ünsürdәn ibarәt Ayaltı alәmdәn fәrqli olaraq, F.-lәr efirdәn (“әsir”) tәşkil olunmuşdur. Maddәnin olmadığı doqquzuncu F. (“fәlәklәr fәlәyi”, yaxud әrş) tәqr. 1 sutka әrzindә şәrqdәn qәrbә doğru bir dövrә vurur. Digәr F.-lәr onun içәrisindә qәrbdәn şәrqә doğru fırlanır. Sәkkizinci F. (“bürclәr fәlәyi”, yaxud “kürsü”) 12 bürcün yerlәşdiyi tәbәqәdir. Hәrәkәt edәn F.-lәr fәrqlәndirildiyindәn, bәzәn yeddi F. [aşağıdan yuxarıya Qәmәr (Ay), Ütarid (Merkuri), Zöhrә (Venera), Şәms (Günәş), Mәrrix (Mars), Müştәri (Yupiter) vә Zühәl (Saturn)] sadalanır. Orta әsrlәr müsәlman dünyasında yayılmış gizli elmlәrdә bürclәrin vә F.-lәrin ünsürlәr alәmindәki hadisәlәrә, xüsusilә insanların taleyinә birbaşa tәsirindәn bәhs olunur. Klassik Şәrq, o cümlәdәn Azәrb. әdәbiyyatında tale mәnasında F.-dәn şikayәt motivi geniş yayılmışdır.