FƏLƏSTİN (yun. Παλαιστίνη, qәdim yәhudi dilindә Peleşet – Filistimlәr ölkәsi sözündәn) – Ön Asiyada, Aralıq dәnizinin şәrq sahillәrindә tarixi vә coğrafi vilayәt.
Fәlәstin әrazisindә әn qәdim mәdәniyyәtlәr. F. әrazisindә insan fәaliyyәtinin әn qәdim izlәri (tәqr. 1 mln. il әvvәl) Oldovay mәdәniyyәtinә aid edilir. Şәrqi vә Şimali Afrikadan bir neçә köç dalğası qeydә alınmışdır. F.-in qәdim mәdәniyyәtinin öyrәnilmәsi üçün nümunәvi abidә olan Übeydiyyә mağarasında Aşöl dövrünә aid materiallara da rast gәlinmişdir. Aşöl abidәlәri lokal xüsusiyyәtlәrә malik bir neçә qrupa bölünür. Suriya-Fәlәstin regionunun Son Aşöl dövrü üçün Yәbrud vә onu әvәz etmiş Hummali industriyası müәyyәnlәşdirilmişdir. Bunların әsasında Levallua industriyalı Orta Paleolit dövrü әnәnәlәrinin yerli variantı formalaşmışdır. Bu abidәlәr dairәsinә regiondakı әn qәdim (hәmçinin dünyadakı әn qәdim abidәlәrdәn olan) dәfn yerlәri (mәs., Kafzex, Sxul) aiddir: eyni zamanda vә hәtta sonralar da regionda sapient cizgili neandertaloidlәrin (bax Neandertal adamı) yaşamasına (mәs., Tabun vә Kebaradakı tapıntılar) baxmayaraq, burada dәfn olunanlar Afrikadankәnar Homo sapiensin әn qәdim tәmsilçilәri hesab edilirlәr. Kebaradan aşkarlanmış sonrakı dövrlәrә aid tapıntılara әsasәn Üst Paleolitin son mәrhәlәsinә – Epipaleolitә aid Kebara mәdәniyyәti müәyyәnlәşdirilir.
Übeydiyyәdәn tapılmış insan kәllәsinin fraqmentlәri.
Davamlı oturaq hәyatı, dәnli bitki yığıcılığının mühüm әhәmiyyәtini tәsdiqlәyәn Epipaleolit–Mezolit–Protoneolit dövrü abidәlәri Natufi mәdәniyyәtinә aid edilir. Bu dövrdә ölçüsünә, interyerinә görә fәrqlәnәn tikililәr meydana gәlir; ehtimal ki, ayini sәciyyә daşıyan hәmin tikililәr, hәmçinin bәzi qәbirlәr (mәs., Eyn Mәllahәdә küçüklә birgә dәfn olunmuş qız qәbri) sosial strukturun mürәkkәblәşdiyini göstәrir.
F. әrazisi әkinçilik vә heyvandarlığın tәşәkkül tapdığı әn qәdim vә әsas mәrkәzlәrdәn biri olan Mәhsuldar Hilal (çox vaxt Bәrәkәtli Hilal adlandırılır) bölgәsinә daxildir. F. әrazisindә keramikayaqәdәrki Neolit mәdәniyyәtlәrinin çiçәklәnmәsi Tәll әs-Sultan (İyerixon), Tahuna mәdәniyyәtinә (F.-dәki Vadi-Tahunanın adından) aid bir sıra abidәlәrlә tәmsil olunur. Bu әnәnәlәrin inkişafı әhalinin әvәzlәnmәsi, yaxud yenidәn qruplaşması ilә dayandırılmışdır. Regionun şm.-ında keramikalı Neolit dövrü abidәlәri Yәrmuk mәdәniyyәtinә aid edilir; çöl vә sәhra zonasında yaşayanların sürәk ovu ilә mәşğul olmasını qıfvarı planda hörülmüş uzun (2,5 km-әdәk) daş hasarlar tәsdiqlәyir. Bütövlükdә, F. әrazisi әsas mәrkәzlәri Mesopotamiyada (Hassuna mәdәniyyәti, Samirә) yerlәşәn mәdәniyyәtlәrin periferiyasına aiddir.
Natufi mәdәniyyәtinә aid daş dәnәzәnlәr. “Daqon” çörәk muzeyi. Xayfa (İsrail).
Eneolit dövründә region Qassul mәdәniyyәti (mәrkәzi, ehtimal ki, İordaniya әrazisindәki Qassul olmuşdur) zonasına daxil idi. Regional ayini mәrkәzlәrdәn Eyn Gedi (En Gedi) vahәsindәki mәbәd ilә Nahal-Mişmar dәfinәsinin bağlılığı tәxmin edilir. Bu dövrdә metal mәmulatlarının әhәmiyyәtini Nahal-Kan tapıntıları da tәsdiqlәyir. Tәqr. e.ә. 4-cü minilliyin dördüncü rübündә Qassul birliyi dağıldı, hәmçinin sonralar davam etmiş bir sıra miqrasiyalar baş verdi. Yeni mәdәniyyәt mәrkәzlәri cәnubda (Beer-Şeva mәdәniyyәti) vә şimalda (Holan yüksәkliklәri) formalaşdı; onlar üçün ossuarilәrdә dәfn sәciyyәvi idi.
Erkәn Tunc dövründә (tәqr. e.ә. 3300– 2300; 3 mәrhәlәyә bölünür) vәziyyәt tәdricәn sabitlәşir, әsas mәrkәzlәri Sinay y-a-nda olan metallurgiya (o cümlәdәn ixracyönümlü) inkişaf edir, maldarlarla әlaqә saxlayan oturaq әhalinin sıxlığı artır, şәhәrlәr [Megiddo, Tәll әl-Fәrxә, Ay (Qay), İyrixon, Qüds, Lahiş, Tәll әl-Hәsi vә s.] meydana gәlir. Qafqazdan miqrasiya qeyd olunur; mәs., Xirbәt әl-Kәrәk mәdәniyyәti Kür-Araz mәdәniyyәti daşıyıcılarının köçü ilә әlaqәlәndirilir. Region Mesopotamiya vә Misir kimi sivilizasiyalar mәrkәzlәri fonunda periferiya olaraq qalırdı. Erkәn Tunc dövrünün sonunda daxili qarışıqlıq, elәcә dә basqınlar nәticәsindә bir sıra şәhәr mәrkәzi xarabalığa çevrildi.
Hassuna mәdәniyyәtinә aid keramika.
Orta Tunc dövrü (tәqr. e.ә. 2300–1550; 2 mәrhәlәyә bölünür) mәdәniyyәtlәri, әvvәlki әnәnәlәrin dә saxlanılmasına baxmayaraq, әsasәn, gәlmә maldarlarla bağlıdır. Orta Tunc dövrünün ikinci mәrhәlәsindә şәhәr hәyatının yenidәn canlanması vә inkişafı (bәzәn köhnә sitayiş mәrkәzlәri yaxınlığında), mәbәd tikintisinin sürәtlәnmәsi kәnanilәrin egiona gәlişi vә mәskunlaşması ilә әlaqәlәndirilir. Onların amorilәrlә qarşılıqlı әlaqәlәri nәticәsindә Suriya-Fәlәstin regionunu әhatә edәn mәdәni birlik formalaşmışdır. Akkad dilindә mixi yazılı abidәlәr yayılmışdır, Misir yazısı ilә tәk-tәk abidәlәr (Bet-Şean sütunu) qeydә alınmışdır; e.ә. 2-ci minillikdә protokәnani yazısı vә protosinay yazısı meydana gәlmişdir. Ehtimal ki, F. әrazisindәn olan bәzi qruplar hiksosların Misirә köçündә (e.ә. 17 әsr) iştirak etmişlәr.
Nahal Mişmar mağarasından tapılmış dәfinә. Mis, e.ә. 4-cü minillik.
Hiksosların darmadağın edilmәsindәn sonra Misir ekspansiyası Son Tunc dövründә (tәqr. e.ә. 1550–1200) köhnә әnәnәlәri aradan qaldırmadı. XVIII vә XIX sülalәlәrdәn olan fironların hökmranlığı zamanı region Misirin hurrilәr, Mitanni vә hettlәr ilә müharibә meydanına çevrildi. Yerli şәhәrlәr, әsasәn, muxtariyyәtlәrini saxlasalar da, Misirin nәzarәti altına keçәrәk vergi ödәyirdilәr. Misir canişininin iqamәtgahı Qәzzada, digәr mәrkәzlәr isә Yaffada, Bet-Şeanda (B e f Ş a n, B e f Sa n) yerlәşirdi. Misir, Şәrqi Aralıq dәnizi vә Mesopotamiya mәdәniyyәtlәri ilә fәal qarşılıqlı әlaqәlәrә baxmayaraq, müharibәlәr, misirlilәrin әsarәti, köçәrilәrin artan basqınları nәticәsindә bir çox şәhәr mәrkәzi tәnәzzül etdi.
Fәlәstin e.ә. 2-ci minilliyin sonlarından Roma istilasınadәk. Tәqr. e.ә. 1200 ildә dәniz xalqları, o cümlәdәn filistimlәr F.-in şimal vә qәrb әrazilәrinә soxulmağa başladılar. Əvvәlki dövrlәrdә mövcud olmuş şәhәrlәrin yerindә salınmış Aşkelon, Aşdod, Qәzza, Ekron, Qәt vә digәr şәhәrlәr onların mәrkәzinә çevrildi. Tәll-Qasiledә dini mәrkәz tәdqiq edilmişdir. E.ә. 11 әsrdә piktoqrafik yazıdan abstrakt işarәlәrә (22 hәrf) keçid başa çatdı, yazı zamanı hәrflәrin ardıcıllığı sabit xarakter aldı (İzbet-Sartaxadan tapılmış üzәrindә şagird çalışması – 80 hәrfdәn ibarәt 5 sıra, o cümlәdәn әlifba yazılmış ostrakon әn qәdim abidәlәrә aiddir).
Bu dövrdә şәhәrlәri әlә keçirәrәk onların xarabalıqlarında, yaxud yeni yerlәrdә mәskәnlәr salan maldar [o cümlәdәn yәhudi (ibri)] tayfaların cәnubdan vә şәrqdәn ekspansiyası başladı. Yeni әrazilәrin tutulması vә maldarların konsolidasiyası, onların filistimlәrlә müharibәlәri gedişindә yerli, әsasәn, kәnanilәrә mәxsus әnәnәlәrin mәnimsәnilmәsi prosesi baş verir, bu da öz növbәsindә yeni hәrbi-siyasi birliklәrin güclәnmәsinә gәtirib çıxardı. Şaul (yun. Σαούλ, hәmçinin bax Talut) vә Davudun işğalları gedişindә vahid İsrail çarlığı meydana gәldi, Davudun hakimiyyәti dövründә Yerusәlim ş. çarlığın paytaxtı oldu. İudaizmin әsas sitayiş mәrkәzi olan Yerusәlim mәbәdini tikdirmiş Süleymanın dövründә çarlıq özünün çiçәklәnmә dövrünә qәdәm qoydu. Bu әrazidә tәdqiqat aparan arxeoloqlar Megiddo, Asor, Gezer vә bәzi kiçik şәhәrlәrdәki tikililәri dә Süleyman vә onun xәlәflәrinin quruculuq fәaliyyәti ilә әlaqәlәndirirlәr.
Süleymanın ölümündәn sonra daha iki sitayiş mәrkәzinin [şm.- da Dan, c.-da Bet-el (Vefil)] әsasını qoymuş Navatın oğlu I İerovoamın başçılıq etdiyi 10 İsrail qәbilәsi vahid çarlıqdan ayrılaraq İsrail çarlığını yaratdı. Çarlığın paytaxtı bir neçә dәfә dәyişdirildikdәn sonra Samariyaya köçürüldü. Megiddo, Asor, Tirsa vә s. şәhәrlәrdә geniş tikinti işlәri aparıldı. Süleymanın xәlәflәrinin hakimiyyәti altında qalan vilayәtlәr Misir fironu I Şeşonkun basqınından (tәqr. e.ә. 925) sonra dirçәlmәyә başlamış Yәhudi çarlığının (İ u d e y a ç a r l ı ğ ı) tәrkibinә qatıldı. E.ә. 8–7 әsrlәrdә inkişaf edәn Yerusәlim paytaxt olaraq qaldı. Qırmızı dәnizә gedәn yola nәzarәt edәn, köçәrilәrin vә İordan çayının sol sahilindәki dövlәtlәrin hücumlarına qarşı müdafiәdә mühüm rol oynayan Lahişdә vә digәr şәhәrlәrdә quruculuq işlәri aparıldı. Tez-tez qonşularla baş verәn münaqişәlәrә vә daxili çәkişmәlәrә (o cümlәdәn bir sıra hakimlәrin vә icmaların iudaizmdәn imtina etmәlәri ilә әlaqәdar) baxmayaraq, regionun şәhәr mәdәniyyәti Orta Tunc dövründәki çiçәklәnmә sәviyyәsini üstәlәdi (mәs., su tәchizatı sistemlәrinin yayılması sahәsindә). Ticarәt әlaqәlәri, xüsusilә finikiyalılarla, mühüm әhәmiyyәt kәsb edirdi. E.ә. 10–9 әsrlәrdә yaradılmış erkәn yәhudi yazısı tәqr. 800 ildә geniş yayıldı.
Qübbәtüs-Sәhra mәscidi. 7 әsr. Qüds (Yerusәlim).
E.ә. 730-cu illәrin sonlarından region Aşşur qoşunlarının bir sıra dağıdıcı hücumlarına mәruz qaldı, nәticәdә İsrail çarlığı süqut etdi (e.ә. 722) vә burada Yeni Aşşur dövlәtinin (bax Aşşur çarlığı) tәrkibinә daxil olan bir neçә dairә yaradıldı. İudeya (Yerusәlim aşşurlular tәrәfindәn tutulmasa da) vә Aralıq dәnizi sahillәrindәki (Filistiyadakı) bәzi şәhәrlәr Yeni Aşşur dövlәtinin vassalına çevrildi. Müharibәlәr F. әhalisinin Mesopotamiya vә Madaya (Midiyaya; burada köçkünlәrin assimilyasiyası başlamışdı) köçürülmәsi, Mesopotamiya vә Ərәbistan sakinlәrinin bir hissәsinin isә F.-dә mәskunlaşdırılması ilә müşayiәt olunurdu. F. hәmçinin aşşurluların Misirә basqınları üçün baza kimi istifadә edilirdi. Arxeoloji mәlumatlara görә, e.ә. 7 әsrdә Aşşur әleyhinә çıxışlara vә cәza ekspedisiyalarına baxmayaraq, nisbi sabitlik şәraitindә dağıdılmış mәskәnlәr bәrpa olunur, salamat qalanları isә inkişaf edirdi. Yәhudi çarı İosiya [tәqr. 640/639–609/608] monoteizmi möhkәmlәndirmәk mәqsәdilә dini islahat keçirmiş, İudeya әrazisini genişlәndirmişdi. Arxeoloqlar tәrәfindәn Egey dünyası ilә әlaqәlәri xüsusilә sıx olan Filistiyada iqtisadiyyatın vә sinkretik mәdәniyyәtin inkişafı qeydә alınmışdır. E.ә. 635 vә e.ә. 609 (yaxud e.ә. 608) illәrdә region misirlilәrin hücumlarına mәruz qalmışdı.
E.ә. 609 ildә zәiflәmiş Aşşur çarlığı süqut etdi. Qalib gәlmiş Yeni Babil dövlәtinin çarı II Navuxodonosor Misir qoşunlarını darmadağın edәrәk tezliklә F.-i nәzarәti altına aldı. İudeyanın Babilistan әleyhinә ittifaqlarda iştirakı babillilәrin cәza yürüşlәrinә vә onun işğalına sәbәb oldu. E.ә. 586, yaxud e.ә. 587 ildә Yerusәlim tutuldu; şәhәr vә mәbәd dağıdıldı, әhalinin böyük hissәsi sürgün edildi. Mitspa (ehtimal ki, indiki Tәll-әn-Nәbsә) Yeni Babil әyalәtinin paytaxtı oldu. Digәr şәhәrlәr dә (xüsusilә Filistiya vә İudeyanın bir hissәsindә) dağıntılara mәruz qaldı, onlardan bәzilәri bir daha bәrpa edilmәdi. F.-dәn çıxarılan әhali kompakt halda Mesopotamiyada mәskunlaşdırıldı (bax Babil әsarәti), boşalmış torpaqlara isә qonşu xalqlar, o cümlәdәn İordan çayının sol sahili әrazilәrindәn xalqlar köçürüldü.
E.ә. 539 ildә Əhәmәni şahı II Kir Babilistanı tutduqdan sonra Babil әsarәtindә olanlara vәtәnlәrinә qayıtmaq icazәsi verildi. Babil әsarәtindәn qayıdan yәhudilәrin yazı sistemlәrinin yeni versiyası arami yazısı әsasında inkişaf etmәyә başladı. F. Əhәmәnilәr dövlәtinә qatıldı vә әyalәtlәrә bölünәrәk ehtimal ki, I Daranın dövründә 5-ci Avarnaxar (“Çayaşırı”, yәni Fәrat çayından q.-dәki әrazilәr) satraplığının tәrkibinә keçdi. Arxeoloji tәdqiqatlara görә, bu dövrdәn bir çox mәskәnin bәrpası vә çiçәklәnmәsi, boş torpaqların mәnimsәnilmәsi, ticarәtin genişlәnmәsi, sikkә zәrbi, c.-ş.-dәn hücumlara qarşı yeni istehkamların tikintisi başladı. I Artakserksin [e.ә. 465–424] hakimiyyәti zamanı Ezranın başçılığı ilә yәhudilәrin daha bir qrupu Yerusәlimә qayıtdı vә hüquqi immunitet almış mülki-mәbәd icmasının formalaşması başa çatdı. “İman saflığını hifz etmiş” yәhudilәrdәn ibarәt icma regionun digәr әhalisindәn ayrılaraq (nikahların qadağan olunmasınadәk) tәdricәn F.-dә hökmranlığı әlә keçirdi.
Ağ mәscidin minarәsi. 14 әsr. Ramla (İsrail).
Əhәmәnilәrә qarşı müharibәnin gedişindә, e.ә. 332 ildә Tir ş. tutulduqdan sonra Makedoniyalı İsgәndәrin ordusu Misir sәfәri zamanı F. әrazisindәn keçdi. F.-dә idarәçilik sistemi (özünüidarәetmә hüququna malik icmalara nәzarәt edәn canişin vә onun administrasiyası) saxlanıldı. Qәzzadakı müqavimәt vә Samariya üsyanı yatırıldı, bu şәhәrlәrdә yunan kolonistlәri mәskunlaşdılar. İsgәndәrin ölümündәn (e.ә. 323) sonra F.-ә sahib olmaq uğrunda diadoxlar Ptolemey Laq vә I Selevk Nikator mübarizә aparırdılar. E.ә. 301 ildә F. Ptolemeylәr dövlәtinә qatılsa da, e.ә. 200 ildәn Selevkilәr dövlәtinin tәrkibinә keçdi, lakin V Ptolemey Epifan ilә Kleopatranın (III Antioxun qızı) nikahı vә e.ә. 190 ildә Selevkilәrin romalılara mәğlub olması Misirin nüfuzunu qismәn bәrpa etdi.
Bu müharibәlәr F.-in, xüsusilә Misirә gedәn yollar üzәrindә yerlәşәn Qәzza vә digәr şәhәrlәrin iqtisadi inkişafını lәngidә bilmәdi. Finikiya vә digәr regionlarla güclәnmәkdә olan әlaqәlәr mühüm rol oynayırdı. Tacirlәrin, mәmurların, F.-dә torpaq sahәlәri almış hәrbçi kolonistlәrin vasitәsilә ellinizmin tәsiri (memarlıq vә mәişәtdәn tutmuş ayinlәrin vә yunan dilinin yayılmasınadәk) artırdı. Kәnd әhalisinin üstünlük tәşkil etdiyi, hәmçinin dini mәrkәz vә yәhudilәrin dövlәtçilik ideyalarının rәmzi kimi qalmaqda olan yeganә Yerusәlim ş.-nә malik İudeya, nisbәtәn zәif mәskunlaşmış Samariya kimi bu proseslәrin periferiyasında idi.
IV Antiox Epifanın [e.ә. 175–164] dövründә Selevkilәr ilә Ptolemeylәr arasında yenidәn başlanan müharibәnin gedişindә Antiox Yerusәlim mәbәdinin әmlakını müsadirә etdi. Bundan sonra o, Yerusәlim sakinlәrinin bir hissәsinә vә Yason yunan adını qәbul etmiş baş kahin İisusa arxalanaraq fәal ellinlәşdirmә vә iudaizmi sәrt mәhdudlaşdırma (bir sıra yәhudi ayinlәrinin qadağan edilmәsi vә hәtta mәbәdin hәyәtindә Zevs mehrabının inşasınadәk) siyasәti yürütdü. Nәticәdә, e.ә. 166 ildә Mattafiyanın başçılığı ilә yәhudilәrin bir hissәsi üsyan qaldırdı. Mattafiyanın üçüncü oğlu İuda Makkabinin dövründә üsyançılar bir sıra uğurlar qazandılar. Selevkilәr açıq müqavimәti, әsasәn, yatırmaqla dini tәqiblәri dayandırdılar. E.ә. 152 ildә İudanın qardaşı İonafan baş kahin oldu vә siyasi manevrlәrlә F. yәhudilәri üzәrindә nәzarәti bәrpa etdi. Selevkilәr zәiflәdikcә F.-in bir çox icması müstәqillik әldә etdi vә varlandı. E.ә. 142 ildә faktiki müstәqillik әldә etmiş İudeya vergilәrdәn azad olundu.
İonafanın ölümündәn (e.ә. 143) sonra qardaşı Simon (Şimon) dini vә hәrbi-siyasi hakimiyyәti bütünlükdә cәmlәşdirәrәk, Hasmonilәr sülalәsi iqtidarının әsasını qoydu (e.ә. 104 ildәn onlar rәsmәn çar elan olunurdular). Yeni әrazilәr әlә keçirәn Hasmonilәr çox vaxt iudaizmi qәbul etmәyәn yerli әhalini qovaraq, bәzәn isә qıraraq burada yәhudilәri yerlәşdirirdilәr. İudeyada formalaşmış ictimai-iqtisadi model (sәrt dini reqlamentasiya, yerli istehsala istiqamәtlәnmә, mәdәni tәcridolunma vә dözümsüzlük) yeni әrazilәrә dә yayıldı. Lakin varlanmış Hasmonilәr vә onlarla әlaqәli nәsillәr nüfuzdan düşür (e.ә. 90–84 illәrdә Fariseylәr üsyanı vә s.; bax hәmçinin Sadukelәr, Essenilәr, Ölü dәniz әlyazmaları), ellinlәşdirilmiş vә ortodoksal yәhudilәr arasında mübarizә, hәmçinin onların әhalinin digәr qrupları ilә qarşıdurması davam edirdi; bәzi regionlar faktiki müstәqil oldu. Aleksandr Yannayın [e.ә. 103–76] dövründә, demәk olar ki, bütün F. әrazisinin, Li- van vә İordan çayının solsahil әrazilәrinin böyük hissәsinin çarlığın tәrkibinә qatılması nәticәsindә onun sәrhәdlәri son dәrәcә genişlәndi. Aleksandr Yannayın varislәri arasında mübarizә başladı vә onlar kömәk üçün Romaya müraciәt etdilәr.
Fәlәstin Roma vә Bizans ağalığı dövründә. E.ә. 63 ildә Roma sәrkәrdәsi Qney Pompey Yerusәlimi tutaraq II Hirkanı dәstәklәsә dә, Yәhudi çarlığını Romanın vassalı elan etdi, Aleksandr Yannayın әlә keçirdiyi әrazilәrin bir hissәsini isә Romanın Suriya әyalәtinin tәrkibinә qatdı. Parfiya qoşunlarının basqını gedişindә e.ә. 40 ildә F.-dә hakimiyyәti II Hirkanın düşmәnlәri әlә keçirdilәr, lakin e.ә. 37 ildә Yerusәlimi tutmuş I İrod (Böyük) Romanın dәstәyi ilә onları darmadağın etdi. Oktavian Avqust e.ә. 30 ildә Aksi burnu döyüşündәn sonra onun tәrәfinә keçmiş I İrodun İudeya, Samariya, Qalileya vә digәr әrazilәr üzәrindә hakimiyyәtini tanıdı. I İrod yәhudi dini-milli xüsusiyyәtlәrini ellinlәşdirilmiş formada saxlayaraq öz çarlığını Roma imperiyası sisteminә daxil etmәyә çalışırdı. Genişmiqyaslı quruculuq işlәri, o cümlәdәn Masadada, Herodionda (İrodion; Yerusәlimdәn 12 km c.-da, İrodun dәfn olunduğu yer), Maheronda (Madabadan 30 km c.-ş.-dә), İyerixonda möhkәmlәndirilmiş sarayların, Yerusәlimdә yeni Mәbәd vә saray kompleksinin, Samariyanın yerindә Kesariya (S e z a r e y a), Sebastiya (imperator Avqustun yunanca adından) şәhәrlәrinin salınması, Nәbatilәr dövlәti ilә sәrhәddә qalaların tikintisi bununla әlaqәdar idi. Böyük sahәyә vә mürәkkәb struktura malik komplekslәr (bağ, teatr, hovuz vә hamamlar da daxil olmaqla) freskalar, oyma naxışlar vә mozaikalarla bәzәdilirdi.
I İrodun ölümündәn (eramızın 4 ili) sonra onun 3 oğlu arasında bölüşdürülәn çarlığı tәdricәn Romanın tәrkibinә keçdi: 6 ildә İudeya vә Samariya (mәrkәzi Kesariya olan İudeya әyalәtinin özәyi), 44 ildә Qalileya vә İordan çayından ş.-dә yerlәşәn Pereya; tәqr. 90 ildә isә digәr әrazilәr yerli çar sülalәsi saxlanılmaqla Romanın Suriya әyalәtinin tәrkibinә qatıldı.
Eramızın 1 әsrinin әvvәllәrindә F. İsa Mәsihin doğulduğu, yaşadığı, vәz etdiyi, çarmıxa çәkildiyi vә tәkrar dirildiyi mәkana, xristianlığın beşiyinә çevrildi.
Romanlaşmanın güclәnmәsi, yәhudi vә qeyri-yәhudi icmaları arasında qarşıdurmalar, romalıların hakimiyyәtdәn sui-istifadә halları Yәhudi müharibәsinә (66–74) gәtirib çıxardı (bax hәmçinin Zelotlar); onun gedişindә Yerusәlim mәbәdi dağıdıldı (70 il). Müharibәnin izlәri Masada, İrodion, Maheron vә s. şәhәrlәrin әrazilәrindә aparılan arxeoloji tәdqiqatlar zamanı qeydә alınmışdır. Hәyatın bütün sahәlәrindә (yurisdiksiyadan tutmuş mәişәtәdәk) Romanın iştirakı kәskin artdı, Yerusәlimdә X legion, 120 ildәn isә Nazaretdәn c.-da VI legion yerlәşdirildi, Roma koloniyaları (o cümlәdәn veteranların) meydana gәldi, bütpәrәstlik mәbәdlәri, teatrlar, gimnasiyalar, amfiteatrlar, ippodromlar, yollar vә s. tikildi. Bu dövrdә iqtisadi inkişaf müşahidә olunurdu. 116 vә 132–135 illәrdә (bax Bar-Koxba) baş vermiş Roma әleyhinә üsyanlar yatırıldı vә әyalәt F. adlandırıldı.
Dominat dövründә keçirilәn inzibati islahatlar gedişindә F. vә ona qonşu olan bir sıra әrazilәr 3 әsrin sonundan imperiyanın şәrq hissәsinin (sonralar Bizans) tәrkibinә keçmiş Şәrq diosezinә daxil olan I, II vә III Fәlәstin әyalәtlәrinә qatıldı. Region әhalisinin çox hissәsini müxtәlif mәzhәbli bütpәrәstlәr vә xristianlar [onların dini Qaleri edikti (311) vә Milan ediktinәdәk rәsmәn tanınmırdı], hәmçinin hәyatın bütün sahәlәrinә nüfuz etmiş romanlaşmaya baxmayaraq, dinlәrini vә onunla bağlı ayinlәrini, müәyyәn münfәridliklәrini qoruyub saxlamış samariyalıların (әsasәn, Samariyada) vә yәhudilәrin icmaları (әsasәn, Qalileyada) tәşkil edirdi.
Böyük Konstantinin (I Konstantin) tәkhakimiyyәtliliyi [324–337] dövründә onun vә anası Müqәdddәs Yelenanın fәaliyyәti, o cümlәdәn kilsәlәrin tikintisi hesabına F.-dә xristianlığın mövqeyi möhkәmlәndi. 4 әsrdәn F. rahiblik mәrkәzlәrindәn birinә çevrildi, burada ilk lavralar (pravoslav kişi monastırları) meydana gәldi. 451 ildә IV Ümumdünya (Xalkidon) kilsә mәclisindә Yerusәlim pravoslav kilsәsinin patriarxat statusu ilә avtokefallığı elan olundu.
4–6 әsrlәrdә vaxtaşırı baş verәn zәlzәlәlәrә, xristianların yәhudilәr, samariyalılar vә digәr dinlәrin nümayәndәlәri ilә münaqişәlәrinә (Dönük Yulianın dövründә xristianlara qarşı qırğınlar, 481 vә 529 illәrdә öz çarlarını elan etmiş samariyalıların üsyanlarının qәddarcasına yatırılması vә s.), xristianlararası mübahisәlәrә (bax Xristologiya, Nәsturilik, Monofizitlik) baxmayaraq, F. imperiyanın nisbәtәn dinc hissәlәrindәn idi. Lakin mübahisәli mәsәlәlәrә dair mәqbul qәrarın qәbul edilmәmәsi, digәr әrazilәrdә olduğu kimi, vergi zülmünün artması mәrkәzi hakimiyyәtә qarşı narazılıqlara gәtirib çıxardı.
614 ildә, Bizans ilә Sasanilәr arasında növbәti müharibә zamanı, yәhudilәr vә samariyalıların bir hissәsinin dәstәyi ilә II Xosrov F.-ni әlә keçirdi, lakin I İrakli ilә bağlanmış sülh müqavilәsinә (629) görә Bizansın F. üzәrindә nәzarәti bәrpa edildi. Konstantinopolun mövqeyini möhkәmlәndirmәk mәqsәdilә monofizitlәrlә monofelitlik formasında barışıq әldә etmәk cәhdlәri uğursuz oldu. Daxili çәkişmәlәr vә müharibәlәr nәticәsindә zәiflәmiş imperiya әrәb istilalarına mәruz qaldı (F.-ә ilk hücumlar 634 ilә tәsadüf edir). İordan çayının qolu olan Yәrmuk (ә l-Y ә r m u k) çayı sahilindә Bizans ordusunu darmadağın edәn (636) әrәb dәstәsi F.-ә doğru irәlilәdi, 637 ilin mayında Yerusәlim vә bir sıra digәr şәhәrlәr, 640–641 illәrdә Kesariya, 644 ildә isә Askalon (Aşkelo n) tәslim oldu vә bununla F.-in fәthi başa çatdı.
Fәlәstin eramızın 7 әsrindәn. F. әrazisi Cund-Filәstin vә Cund al-Urdun hәrbi dairәlәri kimi Xilafәtin tәrkibinә keçdi. Əmәvilәr dövründә Xilafәtin әn imtiyazlı әyalәtlәrindәn biri olan F.-ә çox sayda әrәb qәbilәsi köçürüldü. Abbasilәr dövründә әhali tәdricәn müsәlmanlaşdı. Abbasilәr xilafәtinin parçalanması dövründә F. Tulunilәrin (868–905), İxşidilәrin (935–969), Fatimilәrin (969–1099, fasilәlәrlә) hakimiyyәti altında idi. 9–11 әsrlәrdә sabit siyasi vәziyyәtlә әlaqәdar F.-dә iqtisadi yüksәliş müşahidә olunurdu. Becәrilәn torpaq sahәlәri genişlәnir, Əkkа, Kesariya, Askalon vә Qәzzada ticarәt inkişaf edirdi.
1099 il iyulun 15-dә sәlibçilәr Qüdsü (Y e r u s ә l i m) әlә keçirdilәr vә onu Yerusәlim krallığının mәrkәzi elan etdilәr (bax Sәlib yürüşlәri). Suriya vә Misirin müsәlman hakimlәri ilә mübarizәdә, hәmçinin yerli әhalinin müqavimәti nәticәsindә zәiflәmiş sәlibçilәr 1187 ildә Hittin vuruşmasında Sәlahәddin Əyyubiyә mәğlub olaraq Qüdsü itirdilәr. F. Əyyubilәrin, sonralar isә Mәmlüklәrin hakimiyyәti altına keçdi. Sәlahәddinin ölümündәn (1193) sonra F.-dә başlanan daxili çәkişmәlәrdәn istifadә edәn sәlibçilәr 1229 ildә Qüdsü yenidәn әlә keçirsәlәr dә, 1244 ildә Qüds sәlibçilәrdәn azad edildi. 1260 ilin sentyabrında Eyn Calut vuruşmasında Yaxın Şәrqә soxulmuş monqol qoşununun darmadağın edilmәsindәn sonra misirlilәr F.-dә qәti olaraq möhkәmlәndilәr. 1265 ildә Sezareya vә Arsuf, 1266 ildә Sәfәd, 1291 ildә Əkka vә s. şәhәrlәr sәlibçilәrdәn azad olundu. Mәmlüklәr dövründә keçirilmiş yeni inzibati islahata әsasәn F. Dәmәşqә tabe olan 6 bölgәyә (Qәzza, Lod, Kakun, Qüds, Xәlil, Nablus) bölündü.
1516 ildә F. әrazisi sultan I Sәlimin başçılıq etdiyi türk ordusu tәrәfindәn tutuldu vә Osmanlı imperiyasının tәrkibinә qatıldı. 18 әsrdә Babi-Alinin tәnәzzülü şәraitindә F.-dә vergilәr artırılır, yerli әhali bәdәvilәrin basqınlarından zәrәr çәkirdi. F.-in şm.-ında Livan әmiri II Fәxrәddinin, Sәfәd (S a f a d) vil.-ndә Zahir әl-Ömәrin hakimiyyәti möhkәmlәndi. 1773 ilin әvvәllәrindә Saydadan Yaffayadәk olan әrazilәr Zahirin hakimiyyәti altında olsa da, 1775 ildә o, osmanlılara mәğlub oldu.
1799 ilin әvvәllәrindә F.-ә Napoleon Bonapartın (bax I Napoleon) komandanlığı ilә fransız ordusu soxuldu. Fransızlar Qәzza, Rәmlә, Lidda (L o d) vә Yaffanı әlә keçirdilәr. Osmanlı ordusu Britaniya donanmasının dәstәyi ilә Əkka yaxınlığında Napoleonun qoşununu dayandırdı, 1799 ilin mayında fransızlar Misirә çәkilmәyә mәcbur oldular.
Fәlәstin 19 әsrin әvvәllәrindәn 1939 ilәdәk. 1800 ildә sayı tәqr. 300 min nәfәr olan F. әhalisinin böyük çoxluğunu müsәlmanlar tәşkil edirdi. Xristianların sayı tәqr. 25 min nәfәr, yәhudilәr (әsasәn, sefaradlar) isә 5 min nәfәr idi. 1800–31 illәrdә F. әrazisi şm.-da Nablusdan başlayaraq c.-da Xevronadәk (әl-Xәlil) uzanan, o cümlәdәn Qüdsün dә daxil olduğu Dәmәşq vilayәtinә vә Qalileyanın, hәmçinin sahilyanı r-nların daxil olduğu Əkka vilayәtinә bölünürdü. Negevin çox hissәsi Osmanlı yurisdiksiyasından kәnarda idi.
1832 ildә F. İbrahim paşa tәrәfindәn tutuldu vә Misirin әyalәtinә çevrildi. 1832– 40 illәrdә hakimiyyәtin mәrkәzlәşdirilmәsi, bәdәvi basqınlarının vә canişinlәrin özbaşınalıqlarının qarşısının alınması sahәsindә keçirilmiş islahatlar F.-in iqtisadi inkişafına müsbәt tәsir göstәrsә dә, vergilәrin artırılması, әsgәri mükәllәfiyyәtin tәtbiqi 1834 ildә yerli әhalinin üsyanına gәtirib çıxardı. Üsyan Misir hökumәti tәrәfindәn amansızlıqla yatırıldı. Misir ağalığına qarşı narazılıqların artdığı bir şәraitdә 1840/41 illәrin qışında F. әhalisi Livan vә Suriyanın azadlıq mübarizәsini dәstәklәdi. Bu zaman Osmanlı imperiyası Suriya vә F. üzәrindә öz hakimiyyәtini bәrpa etdi (1841).
1840-cı illәrdәn etibarәn Avropa dövlәtlәri F.-ә fәal nüfuz etmәyә başladılar. 1847 ildә Roma papası IX Piy Yerusәlim patriarxatını bәrpa etdi. 1869 ildә Süveyş kanalının açılması ilә F.-in strateji vә iqtisadi әhәmiyyәti kәskin dәrәcәdә artdı. 1880 ildә F. әhalisinin sayı 450 min nәfәrә çatdı, Qüds regionun әn iri şәhәrinә çevrildi. 1890–92 illәrdә fransız şirkәti tәrәfindәn Qüds–Yaffa d.y. xәtti çәkildi, 1908 ildә İstanbul–Dәmәşq–Mәdinә d.y.-na birlәşdirilmiş Xayfa–Dәrәa d.y. xәttinin tikintisi başa çatdırıldı. 1882 ildә Misirin ingilislәr tәrәfindәn işğalından sonra Osmanlı imperiyasının Almaniya ilә yaxınlaşması şәraitindә imperator II Vilhelm 1898 ildә Qüdsә rәsmi sәfәr etdi. 1882– 1903 illәrdә F.-ә yәhudilәrin ilk kütlәvi köçü (a l i y a) baş verdi. 1905–14 illәrә tәsadüf edәn aliyanın ikinci dalğası nәticәsindә regionda yәhudilәrin sayı nәzәrәçarpacaq dәrәcәdә artdı vә 1909 ildә Yaffanın şm.-ında yeni yәhudi şәhәri Tәl-Əviv meydana gәldi.
Birinci dünya müharibәsi illәrindә F. Almaniya-Türkiyә ilә Britaniya qoşunları arasında hәrbi әmәliyyatlar meydanına çevrildi. Osmanlı imperiyasının Asiyadakı mülklәrinin (әsasәn, әrәb әrazilәrinin) bölüşdürülmәsinә dair B.Britaniya ilә Fransa arasında imzalanmış Sayks-Piko müqavilәsinә (1916) görә, F.-dә beynәlxalq idarәçilik rejimi qurmaq nәzәrdә tutulurdu. Lakin 1917 il noyabrın 2-dә Britaniya hökumәti F.-dә “yәhudi xalqı üçün milli ocağın yaradılması” haqqında Balfur deklarasiyasını elan etdi. 1917 il dekabrın 11-dә ingilis ordusu Qüdsü әlә keçirdi vә bununla F.-dә Osmanlı hakimiyyәtinә son qoyuldu. 1920 ilin aprelindә San-Remo konfransında Millәtlәr Cәmiyyәtinin qәrarı ilә B.Britaniyaya F.-ni mandatlı әrazi kimi idarә etmәk hüququ verildi (Britaniyanın mandatı 1922 ildә tәsdiqlәndi). Mandatlı әraziyә hәmçinin indiki İordaniya torpaqları (1921 ildә burada Transiordaniya әmirliyi, 1946 ildә onun әsasında müstәqil krallıq yaranmışdır) dә daxil idi. Bu dövrdә F.-dә bütün hakimiyyәt Britaniya ali komissarının әlindә cәmlәnmişdi, onun yanında Britaniya mәmurlarından ibarәt F. hökumәti fәaliyyәt göstәrirdi. B.Britaniya hökumәti yәhudilәrin F.-ә genişmiqyaslı immiqrasiyasına dәstәk verirdi. 1921 ildә yaradılmış Yәhudi agentliyinә kolonizasiya, sәnaye vә ticarәtin tәşkili mәsәlәlәri ilә bağlı hökumәt funksiyaları hәvalә olundu. İngilislәrin sәnayelәşdirmәyә yönәldilmiş yeni vergi sistemindәn daha çox yәhudilәr yararlandılar. İngilislәr bәzi layihәlәrin icrasını qәsdәn yәhudi sahibkarlara tapşırırdılar. Bununla da iki icma arasındakı inkişaf fәrqi әrәblәrin әleyhinә dәyişdi. 1931 il mәlumatlarına әsasәn әrәblәrin 86%-i kәndlәrdә yaşayarır vә k.t.-nda çalışırdı, şәhәrlәrdә üstünlük tәşkil edәn yәhudilәr isә sәnaye vә ticarәtlә mәşğul olurdular. Bundan әlavә, әrәb mәktәblәrinin çoxu ibtidai tәhsil sәviyyәsindә olduğu halda, yәhudilәrin universitetlәri belә mövcud idi. 1933 ildә Almaniyada yәhudilәrә qarşı düşmәnçiliyin artması onların F.-ә növbәti kütlәvi köçünә sәbәb oldu. F.-i tәdricәn itirdiklәrini görәn әrәblәr müxtәlif gizli tәşkilatlar yaradaraq mübarizәyә başladılar. Bunlardan әn güclülәri Yaşıl Əl, Qara Əl, Cihadi-Müqәddәs tәşkilatları idi. Müxtәlif bölgәlәrdә yaradılan milli komitәlәr 1936 il aprelin 25-dә Ali Ərәb Komitәsindә (AƏK) birlәşdilәr. Eyni zamanda yәhudilәr dә ingilislәrin dәstәyi ilә әrәblәrә qarşı Haqanah tәşkilatını yaratdılar.
Britaniya mandatlığı dövründә F.-dә dәfәlәrlә silahlı çıxışlar (1920 ildә Qüdsdә yәhudilәrә qarşı qırğın; 1929 ildә Qüdsdә, Nablusda, Əkkada, Xayfada vә Yaffada әrәb-yәhudi qarşıdurması, 1933 ildә Britaniya polisi ilә toqquşmalarla müşayiәt olunan Qüds vә Yaffa tәtillәri) baş vermişdi. Bunlardan әn böyüyü Fәlәstin üsyanı (1936–39) idi. 1939 ilin mayında әrәb vә yәhudi icmaları ilә razılıq әldә etmәyә çalışan Britaniya hökumәti F.-ә mәrhәlәli şәkildә müstәqillik verilmәsini, yәhudi immiqrasiyasının mәhdudlaşdırılmasını vә 10 ildәn sonra vahid әrәb-yәhudi dövlәtinin yaradılmasını nәzәrdә tutan proqramın әks olunduğu M.Makdonaldın “Ağ kitab”ını [әvvәlki illәrdә F. probleminә dair U.Çörçillin “Ağ kitab”ı (1922), Passfildin “Ağ kitab”ı (1930), “1937 ilin iyul ağ kitab”ı, “1937 ilin dekabr ağ kitab”ı, “1938 ilin noyabr ağ kitab”ı nәşr olunmuşdu] dәrc etdirdi. İkinci dünya müharibәsinin başlaması proqramın hәyata keçirilmәsini tәxirә saldı.
Fәlәstin 1939– 47 illәrdә. İkinci dünya müharibәsi illәrindә F. Yaxın Şәrq vә Şimali Afrikadakı Britaniya qoşunlarının tәchizi üçün mühüm nәqliyyat qovşağı idi. B.Britaniyanın hәrbi ehtiyaclarının ödәnilmәsi yerli tәsәrrüfatın yüksәlişinә sәbәb olsa da, bu daha çox yәhudi әhalinin sosial-iqtisadi, hәrbi-texniki vә siyasi inkişafına gәtirib çıxardı. 1940-cı illәrdә yәhudi icması (işuv) vә Yәhudi agentliyi mandatlı administrasiyaya faktiki paralel olan hakimiyyәt orqanlarını yaratdılar. Çoxluq tәşkil edәn әrәblәrin effektiv idarәçilik vә iqtisadi institutları formalaşmamışdı, әrәb siyasi dairәlәri arasında hökm sürәn daxili tәfriqә isә AƏK-in fәaliyyәtindә birbaşa әks olunurdu.
F.-in gәlәcәk statusu mәsәlәsindә AƏK onun әrazi bütövlüyünün vә әrәb identikli-yinin saxlanılması ideyasından çıxış edirdi. Sonralar Ərәb Dövlәtlәri Liqası (ƏDL) da eyni mövqeni tutdu. Onun 1945 ildә qәbul olunmuş nizamnamәsindә F. mandat sәrhәdlәri daxilindә әrәb dövlәtlәrindәn biri kimi müәyyәnlәşdirilirdi. Bu fonda möhkәmlәnmiş yәhudi icmasının F.-dә milli müqәddәratını tәyinetmә cәhdi vә onun Britaniya siyasәti ilә razılaşmaması özünü açıq şәkildә büruzә verdi. 1945 ildә mandatlı hökumәtә, hәmçinin әrәblәrә qarşı, xüsusilә yәhudilәrin sayca üstünlük tәşkil etdiyi rayonlarda silahlı qiyam baş verdi. Zorakılığın qarşısını B.Britaniya tәkbaşına ala bilmәdi vә әrәblәrlә yәhudilәrin dinc yanaşı yaşamasını, hәmçinin ingilislәrin buradan çıxmasından sonra suveren hakimiyyәt sәlahiyyәtlәrinin yerli әhaliyә verilmәsini tәmin etmәk mәqsәdilә 1947 ilin fevralında F. mәsәlәsini BMT-nin müzakirәsinә çıxartdı.
1947 ilin aprel–may aylarında әrәb dövlәtlәri vә AƏK F. üzrә mandatın lәğvi mәsәlәsinә baxılması vә onun müstәqilliyinin tanınması tәlәblәri ilә BMT-yә müraciәtlәr etdilәr. 1947 ilin avqustunda BMT-nin xüsusi komissiyasının F.-in gәlәcәk statusuna dair tövsiyәlәri tәqdim olundu. Bunların әsasında 1947 il noyabrın 29-da BMT Baş Assambleyası mandatın lәğvinә vә F.-in 3 hissәyә: әrәb dövlәti (әrazinin 42%-i), yәhudi dövlәti (56%) vә Qüdslә Vifleyemin (әtrafları ilә birlikdә) daxil olacağı xüsusi beynәlxalq rejimli әrazi vahidinә (2%) bölünmәsinә dair 181 (II) №-li qәtnamә qәbul etdi.
Bu qәrar Yәhudi agentliyini razı salsa da, azlıqlara (1947 ilin noyabrına olan mәlumata görә, yәhudilәr mandatlı F. әhalisinin tәqr. 30%-ini vә yәhudilәr üçün nәzәrdә tutulmuş әrazinin әhalisinin yarısından bir az çoxunu tәşkil edirdilәr, F. torpaqlarının tәqr. 7%-i yәhudilәrin mülkiyyәtindә idi) imtiyazlar verәn bölüşdürülmә planını F.-in әrәb әhalisinin öz müqәddәratını tәyinetmә hüququna zidd hesab edәn AƏK vә әrәb dövlәtlәri tәrәfindәn qәti şәkildә rәdd olundu.
1947 ilin noyabrında F.-in müxtәlif r-nlarında yәhudilәr vә әrәblәr arasında silahlı toqquşmalar başladı. İşuvun zorakı hәrәkәtlәri AƏK vә ƏDL tәrәfindәn F. әrәblәrinin milli suverenitetinә qarşı tәhlükә olan yәhudi azlığının qiyamı kimi qәbul edildi. Lakin mandat lәğv olunmayana qәdәr nizami әrәb qüvvәlәrinin әmәliyyatlarda istifadәsi qeyri-mümkün idi; 1948 ilin әvvәllәrindәn F. әrәblәrinin qruplaşmaları tәrәfindә könüllü “Ərәb qurtuluş ordusu” vuruşurdu.
Fәlәstin 1948–96 illәrdә. 1948 ilin aprel–may aylarında işuv dәstәlәri yәhudi dövlәti yaratmaq üçün nәzәrdә tutulmuş bütün әrazilәri, hәmçinin әrәb dövlәtinin tәrkibinә daxil olacaq bәzi rayonları vә xüsusi beynәlxalq rejimli әrazi vahidlәrini nәzarәtlәri altına aldılar. 1948 il mayın 14-dә B.Britaniya ingilis qoşun vә mülki heyәtinin F.-dәn çıxarılmasını başa çatdırdı vә hakimiyyәt sәlahiyyәtlәrini yerli әhaliyә tәhvil vermәdәn mandatın lәğv olunduğunu bәyan etdi. Hәmin gün Tәl-Əvivdә İsrail dövlәtinin müstәqilliyi haqqında bәyannamә qәbul olunsa da, bәyannamәdә dövlәtin sәrhәdlәri göstәrilmirdi. Bundan sonra ABŞ, ardınca SSRİ İsrail dövlәtini tanıdı. 1948 il mayın 15-dә әrәb dövlәtlәri mandat sәrhәdlәri çәrçivәsindә F.-in müstәqilliyini baş tutmuş fakt (fait accompli) elan etdilәr. Sülhün vә tәhlükәsizliyin bәrpası, mülki әhalinin müdafiәsi vә F.-in әrazi bütövlüyünün saxlanılması mәqsәdilә Misir, İordaniya, İraq, Suriya vә Livan nizami ordu bölmәlәrini F.-ә yeritdilәr. Birinci әrәb-İsrail müharibәsi (1948–49) әrәb dövlәtlәrinin mәğlubiyyәti ilә başa çatdı (bax Ərәb-İsrail müharibәlәri).
Müharibә zamanı AƏK 1948 il sentyabrın 22-dә Qәzza ş.-ndә müvәqqәti ümumfәlәstin hökumәtini formalaşdırdı vә Fәlәstin Milli şurasını çağırdı. 1948 il oktyabrın 1-dә Şura mandatlıq dövründәki sәrhәdlәr çәrçivәsindә F.-in müstәqilliyini elan etdi. Yeni siyasi reallıqlara zidd olan bu qәrar yalnız ƏDL (İordaniya istisna olmaqla) vә Əfqanıstan tәrәfindәn tanındı. Nәticәdә F. dövlәti üçün nәzәrdә tutulmuş әrazinin bir hissәsi İsrail tәrәfindәn, F.-in digәr әrәb rayonları (F.-in ümumi tarixi sahәsinin 22%-i) isә Misir (Qәzza bölgәsi; 1949, 24 fevral) vә İordaniya [İordan çayının q. sahili (İÇQS); 1949, 3 aprel] tәrәfindәn tutuldu. Qüds vә әtrafının böyük hissәsi İordaniyanın nәzarәtinә, Qüdsün q. rayonları isә İsrailin tәrkibinә keçdi. 1950 il oktyabrın 23-dә Yerusәlim (Qüds) İsrailin paytaxtı elan olundu. İsrail ilә İordaniya vә Misirin nәzarәti altındakı F. әrazilәrini ayıran xәtlәr “yaşıl xәtlәr” adlanırdı vә beynәlxalq sәrhәd statusuna malik deyildi.
1947–49 illәrdә әrәblәr ilә yәhudilәr arasındakı hәrbi әmәliyyatların nәticәlәrin- dәn biri tәqr. 800 min Fәlәstin әrәbinin İsrailin tәrkibinә qatılmış әrazilәrdәn (bu әrazilәrdәki әrәb әhalisinin tәqr. 80%-i) köçmәsi oldu. Onlara mәxsus daşınmaz әmlak İsrail dövlәtinin mülkiyyәtinә keçdi. 1949 ildәn sonra öz evlәrinә qayıtmağa çalışan Fәlәstin әrәblәri qeyri-leqal immiqrantlar kimi İsraildәn çıxarılırdılar.
1949 il mayın 24-dәn İÇQS İordaniya hәrbi administrasiyası tәrәfindәn idarә olunurdu, 1949 ilin oktyabrında İordaniya kralı İÇQS-nin krallığın әrazisinә qatılmasını elan etdi. 1949 ilin noyabrında hәrbi idarәçilik lәğv olundu, әsasәn, әvvәlki hüquqi sistem saxlanılmaqla İÇQS İordaniya mülki hakimiyyәtinin yurisdiksiyasına verildi. 1950 ilin aprelindә İÇQS-nin әhalisi İordaniya parlamentinә deputat seçkilәrindә iştirak etdi. 1950 il aprelin 24-dә yeni seçilmiş parlament İÇQS-nin İordaniyaya qatılması qәrarını ratifikasiya etdi. Qәzza bölgәsindә Misir hökumәti yerli әhalinin, әsasәn, siyasi hüquq vә azadlıqlarına dair cüzi dәyişikliklәrlә әvvәlki Britaniya qanunvericiliyini qüvvәdә saxladı. F.-in ayrılmaz hissәsi hesab edilәn Qәzza bölgәsindә inzibati cәhәtdәn mandatlıq rejiminә bәnzәr idarә üsulu saxlanıldı. Süveyş böhranından (1956) vә Qәzzanın İsrail tәrәfindәn müvәqqәti işğalından (1956–57) sonra Misirin Qәzza üzәrindә idarәçiliyi bәrpa olundu. 1962 ildә müstәqil F. dövlәtinin yaradılmasınadәk qüvvәdә qalacaq Qәzza konstitusiyası qәbul edildi.
F. qaçqınlarının tәqr. 2/3-si İÇQS vә Qәzza bölgәsinә, digәrlәri isә qonşu әrәb dövlәtlәri әrazisinә yerlәşdilәr. Nәticәdә tәqr. 750 min nәfәr BMT tәrәfindәn qaçqın kimi qeydә alındı. Onlara humanitar yardım göstәrmәk mәqsәdilә 1950 ilin mayında BMT-nin Fәlәstin Qaçqınlarına Yardım vә İşlәrin Tәşkili üzrә Yaxın Şәrq Agentliyi fәaliyyәtә başladı. F. qaçqınlarını F. vәtәndaşları hesab edәn (mandatlıq dövründәki Britaniya qanunlarına әsasәn) vә öz әrazilәrindә vәtәndaşlığa götürmәyәn (İordaniya istisna olmaqla) әrәb dövlәtlәri onlara müxtәlif növ müvәqqәti şәxsiyyәt vәsiqәlәri vә yol sәnәdlәri verirdilәr.
1950-ci illәrin sonunadәk fәlәstinlilәrin milli siyasi tәşkilatı vә hamı tәrәfindәn tanınan rәhbәrliyi yox idi. Ərәb dövlәtlәri fәlәstinlilәri İÇQS, Qәzza vә tarixi F. sәrhәdlәri xaricindә öz nәzarәtlәri altında birlәşdirmәkdә, itirilmiş әrazilәrin azad olunmasında vә İsrailә qarşı mübarizәdә onların maddi resurslarından, qüvvәsindәn istifadә etmәkdә maraqlı idilәr. Belә şәraitdә 1958 ildә Yasir Ərәfat tәrәfindәn “Fәlәstini yalnız fәlәstinlilәr xilas edә bilәr” şüarı ilә çıxış edәn “Fәth” tәşkilatı yaradıldı. Bunu öz maraqları üçün tәhlükә hesab edәn әrәb dövlәtlәri hәrәkәtә gәldilәr. 1959 ildә Misirin tәşәbbüsü ilә yalnız Misirdәki vә Qәzza bölgәsindәki fәlәstinlilәri әhatә edәn Fәlәstin Milli İttifaqı yaradıldı. 1964 ildә ƏDL-in himayәsi altında ümumfәlәstin ictimai-siyasi institutlarının yaradılması üçün ilk tәcrübә olan Fәlәstin Azadlıq Tәşkilatı (FAT) quruldu. Lakin mәrkәzi Qahirәdә yerlәşәn FAT ilk gündәn әrәb dövlәtlәrinin nәzarәti altında idi. 1969 ildә FAT fәlәstinlilәrin müstәqil nәzarәtinә keçdi vә onların milli hәrәkatının özәyinә çevrildi.
1967 il iyunun 5–10-da baş vermiş әrәb-İsrail müharibәsi nәticәsindә İsrail tarixi F. әrazilәrinin qalan rayonlarını (Qüdsün ş. hissәsi daxil olmaqla İÇQS-ni vә Qәzza bölgәsini) da işğal etdi (tәqr. 400 min fәlәstinli bu әrazilәri tәrk etdi). Müharibәdәn sonra İÇQS vә Qәzza bölgәsi İsrail hәrbi administrasiyasının idarәçiliyinә keçdi, bütün әrәb sakinlәri yenidәn siyahıya vә qeydә alındılar. Mülki mәsәlәlәr әvvәlki qaydada İordaniya (İÇQS) vә Misir (Qәzza) qanunları әsasında fәaliyyәt göstәrәn Fәlәstin mәhkәmәlәrinin sәrәncamında qaldı (mәhkәmә sisteminin özü isә İsrailin nәzarәtinә keçdi). Fәlәstinlilәrin gündәlik, o cümlәdәn tәhlükәsizlik mәsәlәlәrini nizamlamaq mәqsәdilә mövcud qanunları lәğv edәn, yaxud әhәmiyyәtli dәrәcәdә dәyişdirәn xüsusi hәrbi sәrәncamlar verildi, İsrail hәrbi tribunalları yaradıldı. Şәrqi Qüdsә İsrail yurisdiksiyası şamil edildi. İsrail vәtәndaşlığından imtina edәn Qüdsün әrәb әhalisinin çoxu bir sıra imtiyazlar (sәrbәst hәrәkәtetmә, İsraildә işәdüzәlmә, sosial zәmanәtlәr vә s.) verәn, lakin bütün İsrail vergilәrinin ödәnilmәsini nәzәrdә tutan “Yerusәlimin daimi sakinlәri” statusunu aldılar. 1967 ildә birlәşdirilmiş Yerusәlim (Qüds) İsrailin paytaxtı elan edildi (1980 ildә bu status Yerusәlim haqqında Əsas qanunla tәsdiq olundu). Beynәlxalq birlik üzvlәrinin çoxu bu qәrarları tanımadı. BMT sәnәdlәrindә 1967 ilin iyununda İsrailin nәzarәtinә keçәn Şәrqi Yerusәlim, İÇQS vә Qәzza bölgәsi işğal edilmiş әrazilәr kimi tәsnif olunur.
İlk vaxtlar yәhudi mәskәnlәri İÇQS vә Qәzza bölgәsindәki İsrailin yeni hәrbi bazaları yerlәşәn rayonlarda, sonralar isә boş qalmış әrazilәrdә vә bilavasitә fәlәstinlilәrin yaşayış mәntәqәlәri yaxınlığında, yaxud onların içindә (mәs., Şәrqi Yerusәlim, Xevron) salınırdı. Belә tәcrübә İsrailә effektiv nәzarәt yaratmaq vә formal ilhaq etmәdәn yeni әrәb әrazilәrini mәnimsәmәk imkanı verirdi. 1967 ildәn fәlәstinlilәrin ictimai vә özәl torpaqlarını müsadirә etmәk vә satın almaq, hәmçinin tutulmuş әrazilәrә İsrail vәtәndaşlarını köçürmәk vә burada onların daimi yaşayışı üçün infrastruktur yaratmaq tәcrübәsi tәtbiq olunur.
1967 ildәn İÇQS vә Qәzza bölgәsindә Fәlәstin Müqavimәt Hәrәkatı (FMH) iştirakçıları, ilk növbәdә “Fәth” partizan hәrәkatına keçdi. Bu mәqsәdlә Y. Ərәfat 1967 ilin avqustunda qәrargahını Nablusa köçürdü vә sentyabrdan İsrailә qarşı tәxribatlara başlanıldı. İsrailin hәdәfinә çevrilmәkdәn çәkinәn İordaniya onlara qarşı çıxsa da, Misir onları dәstәklәdi. İÇQS-dә möhkәmlәnә bilmәyәn vә İordaniya torpaqlarına çәkilәn partizan hәrәkatı iştirakçılarını tәqib edәn İsrail onların qәrargahlarını bombaladı. “Fәth”in uğursuzluğu FAT-a da tәsir göstәrdi vә onun sürgündәki hökumәt rolunu oynayan milli şurası “Fәth”lә birlәşmәk qәrarına gәldi. 1969 il fevralın 1–5-dә Qahirәdә keçirilәn konfransda Y. Ərәfat tәşkilatın başçısı seçildi. 1970 ildә FAT-ın İordaniyadan çıxarılmasından sonra işğal olunmuş F. әrazilәrindә FMH-nin fәaliyyәti zәiflәdi. İÇQS vә Qәzza bölgәsinin fәlәstinli әhalisi, әsasәn, vәtәndaş itaәtsizliyi kampaniyalarını tәşkil edәrәk İsrail administrasiyasına müstәqil surәtdә müqavimәt göstәrirdi. İsrailin cavab tәdbirlәri zorakı xarakter daşıyırdı: azadlıqdan mәhrum edilmәklә yanaşı, onlara qarşı müxtәlif növ kollektiv cәza tәdbirlәri, o cümlәdәn deportasiya tәtbiq olunurdu.
1973 ildә özünü FAT-ın müttәfiqi kimi tәqdim edәn Fәlәstin Milli Cәbhәsi (FMC) yaradıldı. 1976 ildә İÇQS vә Qәzza bölgәsindә ikinci dәfә (birinci seçkilәr 1972 ildә olmuşdu) bәlәdiyyә seçkilәri keçirildi. Bu seçkilәrdә FMC vә FAT tәrәfindәn dәstәklәnәn namizәdlәr qәlәbә qazandı. 1977 ildә seçkilәr qadağan olundu, yeni seçilmiş bәlәdiyyәlәr buraxıldı. 1978 ildә İsrail hökumәti tәrәfindәn qanunsuz elan olunan FMC-nin yerinә Milli Rәhbәr Komitә (MRK) yaradılsa da, 1982 ildә o da qadağan edildi.
1978 ildәn “Fәth” F.-in işğal olunmuş әrazilәrindәki әhaliyә dәstәk mәqsәdilә әrәb dövlәtlәrindәn vәsait toplamağa başladı. Toplanmış vәsait İÇQS vә Qәzza bölgәsindәn yerli әhalinin artan miqrasiyasının qarşısının alınması, İsrailin mәskunlaşdırma siyasәtinin tәtbiq edilә bilәcәyi әrazilәrdә torpaqların mәnimsәnilmәsi mәqsәdilә tәhsilin, mәnzil tikintisinin vә k.t.-nın inkişafına yönәldilirdi.
1980 ildә “Fәth”in himayәsi altında sosial-siyasi vә humanitar fәaliyyәt göstәrәn, hәmçinin mühafizәkar әhalinin dәstәyini qazanmağa çalışan “Şәbibә” gәnclәr hәrәkatı yarandı. 1980-ci illәrin birinci yarısında “Şәbibә” xaricdә yerlәşәn F. rәhbәrliyinin işğal olunmuş әrazilәrdә әsas nüfuz alәti idi.
1981 ildә işğal olunmuş әrazilәrdә İsrail mülki hökumәti fәaliyyәtә başladı. O, siyasәtlә maraqlanmayan kәnd әhalisini vә onların mühafizәkar elitasını öz tәrәfinә çәkmәk mәqsәdilә kәndli cәmiyyәtlәrinin yaradılmasına tәşәbbüs göstәrdi. Cәmiyyәtlәr bilavasitә İsrail tәrәfindәn maliyyәlәşdirilsә dә, FAT vә ona daxil olan tәşkilatlarla rәqabәtә girә bilmәdi.
1970-ci illәrin sonlarından F. әrazisindә islami qüvvәlәrin fәallığı artdı. Onların әsas fәaliyyәt sahәlәri xeyriyyә fondları vә cәmiyyәtlәri vasitәsilә ilk növbәdә hәyat sәviyyәsi İÇQS-dәn xeyli aşağı olan Qәzza bölgәsindә tәhsilә dәstәk vә әhaliyә sosial yardım idi. 1988 ildә İslam Müqavimәt Hәrәkatı (“Hәmas”) tәşkilatı meydana gәldi. İslamçılar FAT-ın tәrkibinә daxil olmadılar.
1987–91 illәrdә İÇQS vә Qәzza bölgәsindә geniş beynәlxalq rezonans doğurmuş Fәlәstin “intifada”sı (İsrail әsgәrlәrinә qarşı silah kimi yalnız daşdan istifadә olunan mübarizә forması) baş verdi. “İntifada”, әsasәn, dinc xarakter daşıyır, küçә iğtişaşları vә vәtәndaş itaәtsizliyi aksiyaları çәrçivәsindәn kәnara çıxmırdı. Lakin ümumi vәziyyәtin qeyri-sabitliyi, işğal olunmuş әrazilәrdә tәhlükәsizlik sistemindәki boşluqlar, İsrailin hәrbi qüvvәlәrdәn geniş istifadәsi, hәmçinin İsraillә münaqişәnin kәskinlәşdiyi şәraitdә F.-in yeni siyasi qüvvәlәrinin özünütәsdiq cәhdlәri fәlәstinlilәrin hәrbilәşdirilmiş qruplaşmalarının formalaşdırılması vә zor tәtbiqi üçün zәmin yaratdı.
1988 ildә İordaniya fәlәstinlilәrin xeyrinә İÇQS-ni öz әrazisindәn ayırdığını elan etdi. 1988 il noyabrın 15-dә Fәlәstin dövlәtinin müstәqillik bәyannamәsi qәbul edildi. Bәyannamәdәn aydın olurdu ki, fәlәstinlilәr İÇQS vә Qәzza bölgәsindә “yaşıl xәtt” çәrçivәsindә öz müqәddәratlarını tәyin etmәyә razıdırlar.
“İntifada” vә FAT-ın siyasi mövqeyinin yumşalması 1991 ildә Fәlәstin-İsrail sülh prosesinin başlanması üçün şәrait yaratdı. Nәticәdә milli rәhbәrlik diasporadan bilavasitә F.-ә qayıtdı, hәmçinin 1994 ildә FAT tәrәfindәn İÇQS әrazisinin bir hissәsindә vә Qәzza bölgәsindә fәlәstinlilәrin mәhdud sәlahiyyәtlәrә vә müstәqilliyә malik özünüidarәetmә orqanı – Fәlәstin Milli Administrasiyası (FMA) yaradıldı. Bundan sonra İsrail mülki administrasiyasının idarәçilik sәlahiyyәtlәrinin FMA-ya verilmәsinә, FMA başçısı vә Fәlәstin qanunverici şurası üzvlәrinin seçkilәrinә hazırlıq başladı (seçkilәr 1996 keçirildi).
Fәlәstin 1996 ildәn. FMA İsrail üçün işğal olunmuş әrazilәrdә hәrbi kontingentinin azaldılmasına, fәlәstinlilәrin mülki idarәçiliyi, onların sosial-iqtisadi rifahı (beynәlxalq donor cәmiyyәtlәrinin yardımı ilә), tәhlükәsizliyi ilә bağlı xüsusi sәlahiyyәtlәrin FMA-ya verilmәsinә imkan yaratsa da, işğal olunmuş әrazilәr üzәrindә onun tam hәrbi-siyasi nәzarәti vә zәruri hallarda F. hakimiyyәtinin işinә qarışmaq ehtimalı saxlanıldı. Eyni zamanda, İsrail FMA-nın cavabdehliyindәn kәnarda qalan F. әrazilәrinin mәnimsәnilmәsini, mövcud mәskәnlәrin genişlәndirilmәsini vә yenilәrinin tikintisini davam etdirirdi. FMA-nı milli dövlәtçilik yolunda ilk addım hesab edәn fәlәstinlilәrdәn fәrqli olaraq, İsrail onu fәlәstinlilәrә verilәn nәzarәtli muxtariyyәt kimi şәrh edirdi. Bununla әlaqәdar F. әrazilәri vә hakimiyyәtinin tanınmış hәqiqi beynәlxalq statusuna zidd olaraq yanlış “Fәlәstin muxtariyyәti” termini meydana gәldi.
1990-cı illәrdә xaricdәn gәlmiş “Fәth” vә FAT rәhbәrlәri ilә yerli xadimlәr, o cümlәdәn “Fәth”in “intifada” zamanı nüfuz qazanmış gәnc fәalları arasında rәqabәt F.-dә daxili siyasi vәziyyәti mürәkkәblәşdirdi. Fәlәstin–İsrail sülh prosesinә vә FMA-da “Fәth”in monopoliyasına qarşı olan millәtçilәr ilә islamçılar arasında kәskin ziddiyyәtlәr ortaya çıxdı.
2000–05 illәrdә yeni F. “intifada”sı baş verdi. Əvvәlki kimi öncәdәn hazırlanmayan bu dәfәki “intifada”da mülki qüvvәlәr deyil, siyasi tәşkilatlar (millәtçilәr, islamçılar, “sollar”) әsas rol oynayırdılar. Ümumi fәaliyyәt proqramı olmayan “intifada” iştirakçıları öz aralarında rәqabәt aparırdılar. “İntifada” çox vaxt F. qruplaşmaları (FMA-nın hәrbi bölmәlәri daxil olmaqla) ilә işğal olunmuş әrazilәrdә ağır hәrbi texnikadan istifadә etmәklә әmәliyyat keçirәn İsrail nizami ordusu arasında silahlı qarşıdurmaya çevrilir, zorakılığın qurbanları isә daha çox mülki şәxslәr olurdu.
Fәlәstin üsyanından (2000–05) FAT rәhbәrliyini beynәlxalq nüfuzdan salmaq, İÇQS vә Qәzza bölgәsindә hәrbi iştirakını bәrpa etmәk, tәhlükәsizlik rejimini sәrtlәşdirmәk üçün istifadә edәn İsrail fәlәstinlilәrә qarşı hәrbi әmәliyyatları vә repressiyaları güclәndirdi. Nәticәdә FMA infrastrukturuna ciddi ziyan dәydi. Üsyan fәlәstinlilәr, ilk növbәdә millәtçilәr ilә islamçılar arasında әvvәldәn mövcud olan ziddiyyәtlәrin kәskinlәşmәsinә gәtirib çıxardı.
2004 ilin iyununda İsrail İÇQS-dәn fәlәstinlilәrin İsrailә nәzarәtsiz keçidinin qarşısını almaq vә bununla da milli tәhlükәsizlik üçün tәhlükәni aradan qaldırmaq istәyini bәyan edәrәk İÇQS perimetri boyunca ayırıcı sәdd çәkdirmәyә başladı. F. әrazilәrinin içәrilәrinә doğru çox vaxt “yaşıl xәtt”dәn kәnara çıxan sәddin çәkilmәsi nәticәsindә İÇQS әrazisinin tәqr. 10%-i faktiki olaraq zәbt edildi. İÇQS әrazisinin daha 3%-indәn çoxu digәr F. әrazilәrindәn tam, yaxud qismәn ayrıldı. Ərәb Şәrqi Qüdsü ilә qonşu F. şәhәrlәri arasında әnәnәvi humanitar, iqtisadi vә mәdәni әlaqәlәr pozuldu.
2004 ildә Beynәlxalq mәhkәmә (BM) sәdd çәkilmәsinin beynәlxalq hüquq normalarına vә fәlәstinlilәrin öz müqәddәratını tәyinetmә hüququna zidd olmasına dair konsultativ qәrar çıxardı vә İsraildәn tikintinin dayandırılmasını, tikilmiş hissәlәrin sökülmәsini, әhaliyә kompensasiya ödәnilmәsini tәlәb etdi. BM-in qәrarı BMT Baş Assambleyasının 20 iyul 2004 il tarixli ES- 10/15 qәtnamәsi ilә tәsdiqlәnsә dә, İsrail onu yerinә yetirmәdi. 2011 ildә istehkamın 438 km-nin (nәzәrdә tutulmuş әrazinin 61,8%-i) tikintisi başa çatdırıldı. Eyni qәbildәn olan daha bir sәdd Qәzza bölgәsi ilә sәhәddә inşa edildi.
2005 ildә İsrail birtәrәfli qaydada Qәzza bölgәsindәn öz qoşunlarını tamamilә çıxarsa da, quru sәrhәdlәri (Misirlә sәrhәd istisna olmaqla), hava mәkanı vә әrazi suları üzәrindә özünün nәzarәtini tam saxladı.
2011 ildә İÇQS-dә tәqr. 300 min İsrail vәtәndaşının (İÇQS әhalisinin tәqr. 11%-i) yaşadığı 120 tamyararlı mәskәn vә 94 mәskunlaşdırılmış istehkam var idi. İşğal olunmuş Şәrqi Qüdsdә tәqr. 200 min kolonistin yaşadığı daha 12 mәskәn (Köhnә şәhәrdәki ayrı-ayrı obyektlәr istisna olmaqla) yerlәşir. İÇQS yaşayış mәskәnlәri İsrail tәrәfindәn rәsmәn ilhaq olunmasa da, İsrail ordusunun vә kolonistlәrin yarımhәrbi birlәşmәlәrinin mühafizәsi altında de fakto eksterritoriallıq statusuna malikdir. İÇQS üçün xüsusi nәqliyyat şәbәkәsi yaradılmışdır. İÇQS-dә yaşayan kolonistlәr İsrailin tamhüquqlu vәtәndaşları hesab olunurlar, nә F. mәhkәmәlәrinin, nә dә İsrail hәrbi tribunallarının yurisdiksiyası onlara şamil edilmir. 2010–11 illәrdә kolonistlәrlә yerli әhali arasında tez-tez baş verәn toqquşmalar, o cümlәdәn silahlı qarşıdurmalar fәlәstinlilәr arasında itkilәrә, onların әmlakının itirilmәsinә vә k.t. sahәlәrinin xarabalığa çevrilmәsinә sәbәb oldu. Kolonistlәrin yaşayış mәskәnlәrinin infrastrukturu, ayırıcı divarlar, İsrail hәrbi obyektlәri, F. şәhәrlәri arasında nәzarәt-buraxılış mәntәqәlәri sistemi İÇQS-dәki F. rayonlarının ayrı-ayrı anklavlara çevrilmәsinә gәtirib çıxarır.
2006 ildә “Hәmas” Fәlәstin qanunverici şurasına seçkilәrdә qәlәbә qazandı. 2007 ildә “Hәmas” ilә “Fәth” hәrәkatı arasındakı ziddiyyәtlәr fәlәstindaxili parçalanmaya gәtirib çıxardı vә nәticәdә islamçılar Qәzza bölgәsindә hakimiyyәti әlә keçirәrәk burada FAT-dan vә İÇQS-dәki FMA mәrkәzi hökumәtindәn asılı olmayan müstәqil hökumәtlәrini vә tәhlükәsizlik orqanlarını yaratdılar.
2007 ildә İsrail Qәzza bölgәsini blokadaya aldı vә onu “düşmәn qurum” elan etdi. 2005 ildәn Qәzzadakı F. qruplaşmaları vaxtaşırı әldәqayırma raketlәr vә minaatanlardan İsrailin sәrhәdyanı rayonlarını atәşә tutur. İsrail isә Qәzzaya aviasiya vә artilleriya zәrbәlәri endirir, quruda әmәliyyatlar keçirir. Ən genişmiqyaslı әmәliyyat 2008– 09 illәrin qışında aparılmışdır. 2009 ildәn İsraili hәrbi әmәliyyatlara tәhrik etmәmәk mәqsәdilә “Hәmas” bütün yerli silahlı birlәşmәlәri öz nәzarәti altına almağa çalışır.
İşğal olunmuş F. әrazilәrinin qәti statusu müәyyәnlәşdirilmәmişdir. Fәlәstin-İsrail sülh prosesi çәrçivәsindә mövcud problemin hәllinә dair fasilәlәrlә aparılan danışıqlarda, beynәlxalq tәşkilatların fәal sәylәrinә baxmayaraq, әslindә heç bir irәlilәyiş müşahidә olunmur. 2012 il noyabrın 29-da BMT Baş Assambleyasının böyük sәs çoxluğu ilә F.-ә “BMT-dә müşahidәçi dövlәt” statusunun verilmәsi haqqında qәbul etdiyi qәrar da sülh prosesinә tәsir göstәrmәdi. İsrail vә ABŞ bu qәrarı dәstәklәmәdi. F.-in beynәlxalq sәviyyәdә tanınmasından sonra İsrail işğal olunmuş әrazilәrdә yәhudi qәsәbәlәrinin salınması vә genişlәndirilmәsi siyasәtini fәallaşdırmışdır.