FƏLƏSTİN AZADLIQ TƏŞKİLATI (FAT; حركة التحرير الوطني الفلسطيني ) – Fәlәstin milli hәrәkatının mәrkәzi tәşkilatı. Fәlәstin xalqının müxtәlif ictimai-siyasi qüvvәlәrini milli maraqların reallaşdırılması mәqsәdilә vahid siyasi platforma vә tәşkilati struktur әsasında birlәşdirir.
İsrailә qarşı ümumәrәb qarşıdurmasında fәlәstinlilәri sәfәrbәr etmәk vә BMT Baş Assambleyasının 29.11.1947 il 181 saylı qәtnamәsinә uyğun olaraq müstәqil әrәb dövlәtinin qurulması üçün ayrılmış Fәlәstin әrazilәrini azad etmәk mәqsәdilә 1964 ildә Yerusәlim ş.-ndә Ərәb dövlәtlәri liqasının (ƏDL) himayәsi altında yaradılmışdır. FAT-ın әsas proqram sәnәdi olan Fәlәstin xartiyası (1964) da elә o zaman qәbul edilmişdir. FAT yarandığı dövrdә onun qeyri-rәsmi vәzifәsi ümumәrәb mәqsәdlәrini hәyata keçirmәk üçün Fәlәstin diasporunun hәrbi-siyasi aktivliyini vә resurslarını nәzarәt altına almaq idi. FAT çәrçivәsindә Fәlәstin milli fondu (FAT-ın maliyyәlәşdirilmәsi әrәb ölkәlәri hökumәtlәrinin bu ölkәlәrdә yaşayan fәlәstinlilәrdәn yığdığı vergilәr hesabına hәyata keçirilirdi) vә Misirin, İraqın, Suriyanın silahlı qüvvәlәri tәrkibindәki nizami Fәlәstin hәrbi birlәşmәlәrindәn ibarәt Fәlәstin azadlıq ordusu (FAO) yaradılmışdı. 1960-cı illәrin sonlarına qәdәr FAT-ın fәaliyyәti, әsasәn, siyasi bәyanatlar vermәkdәn vә tәşkilati işlәrdәn ibarәt idi. O, sıravi fәlәstinlilәr tәrәfindәn elit tәşkilat kimi qәbul edilirdi vә böyük nüfuza malik deyildi.
Ərәb ölkәlәri ordularının (o cümlәdәn Qәzza sektorundakı FAO bölmәlәrinin) “Altıgünlük müharibә”dә İsrailә mәğlub olması (5–10.6.1967; bax Ərәb-İsrail müharibәlәri) nәticәsindә FAT daha da nüfuzdan düşdü. 1969 ildә FAT öz müstәqilliyini saxlamış Fәlәstin müqavimәt hәrәkatının nәzarәti altına keçdi. “Fәth”in rәhbәri Y.Ərәfat lider seçildi. FAT müstәqil milli rәhbәrliyә yiyәlәndi, әrәb dövlәtlәrinin qәyyumluğundan çıxdı, sәylәrini Fәlәstin milli kimliyinin müdafiәsi, fәlәstinlilәrin qüvvәlәri ilә İsrailә qarşı silahlı mübarizәnin tәşkili (әrәb dövlәtlәrinin nәzarәti altında deyil, onlarla qarşılıqlı fәaliyyәt şәraitindә) vә beynәlxalq arenada Fәlәstin maraqlarının tәmin edilmәsi mәsәlәlәrinә yönәltdi. FAT-ın 1974 il Nizamnamәsi silahlı mübarizә gedişindә Fәlәstinin istәnilәn azad olunmuş әrazisindә onun suverenliyini bütün digәr Fәlәstin torpaqlarına da yaymaq mәqsәdilә milli hakimiyyәtin yaradılmasını nәzәrdә tuturdu.
1960-cı illәrin sonunda FAT rәhbәrliyinin vә hәrbi birlәşmәlәrinin yerlәşdiyi әsas baza İordaniya idi. 1970 ilin sentyabrında İordaniyanın kral rejimi ilә münaqişә sәbәbindәn (“Qara sentyabr” hadisәsi) FAT-ın bütün siyasi-hәrbi infrastrukturu Livana köçürüldü. 1982 ildә İsrailin Livana tәcavüzündәn sonra FAT-ın potensialı әhәmiyyәtli dәrәcәdә süquta uğradı, hәrbi aktivliyi xeyli zәiflәdi, mәnzil-qәrargahı Livandan Tunisә köçdü. FAT fәlәstinlilәrin milli maraqlarının müdafiәsi işini siyasi-diplomatik istiqamәtdә aparmağa başladı.
1988 ildә FAT İsrail tәrәfindәn işğal olunmuş İordan çayının qәrb sahilindә (İÇQS) vә Qәzza sektorunda fәlәstinlilәrin 1987 ildә başladıqları “intifada”nın (üsyanın) rәhbәrliyinә qoşuldu. Hәmin ildә Fәlәstin milli şurası Əlcәzair ş.-ndә Fәlәstin dövlәtinin müstәqilliyi haqqında bәyannamә, hәmçinin siyasi kommünike (rәsmi mәlumat) qәbul etdi; bu sәnәdlәrdәn aydın olurdu ki, İsrailin 4.6.1967 il sәrhәdlәrindә (yәni Altıgünlük müharibәdәn әvvәlki) mövcudluğu de-fakto tanınır, FAT 1967 il sәrhәdlәrindәn kәnarda qalan tarixi Fәlәstin torpaqlarına iddialarından әl çәkir, işğal olunmuş İÇQS (Şәrqi Yerusәlim dә daxil olmaqla) vә Qәzza sektoru hüdudlarında öz müqәddәratını tәyinetmә hüququnu hәyata keçirmәyә hazırdır.
1993 ildә Oslo ş.-ndә (Norveç) aparılan gizli Fәlәstin-İsrail danışıqlarının (Oslo prosesi) yekununda İsrail vә FAT (Fәlәstin dövlәti deyil) bir-birini qarşılıqlı tanıdılar. 1993–95 illәrin ikitәrәfli razılaşmalarına uyğun olaraq, İÇQS-nin vә Qәzza sektorunun ayrı-ayrı rayonlarında işğal olunmuş әrazilәrdә FAT-ın adından vә onun himayәsi altında fәaliyyәt göstәrmәk sәlahiyyәti almış Fәlәstin milli administrasiyası (FMA) işә başladı. 1996 ildәn FAT-ın әksәr orqanları da Fәlәstin әrazilәrindә yerlәşdilәr. 1998 ildә Fәlәstin milli şurası Fәlәstin xartiyasının (1964) İsraili mәhv etmәyә çağıran bәndlәrinin lәğvinә sәs verdi (Xartiyadakı dәyişiklik FMA-nın rәsmi sәnәdlәrindә әks olunmadı vә Xartiyanın düzәldilmiş yeni mәtni nәşr edilmәdi).
2013 ilә qәdәrki vәziyyәtә görә, FAT-ın rәhbәr orqanlarına Fәlәstinin әsas qruplaşmalarından “Fәth” (әn nüfuzlu vә çoxsaylı), Fәlәstinin azadlığı uğrunda xalq cәbhәsi (FAXC), Fәlәstinin azadlığı uğrunda demokratik cәbhә (FADC), Xalq partiyası (keçmiş Kommunist partiyası), Fәlәstin demokratik ittifaqı (FDİ), Fәlәstinin azadlığı cәbhәsi, Ərәb azadlıq cәbhәsi, Fәlәstin xalq mübarizәsi cәbhәsi (FXMC), Fәlәstin azadlıq cәbhәsi (FAC), hәmçinin ictimai tәşkilatlar vә hәmkarlar ittifaqlarının nümayәndәlәri vә s. daxildir. 1990 ildәn “Hәmas” vә “İslami cihad”ın da FAT tәrkibinә daxil olması mәsәlәsi müzakirә edilir. 2005 vә 2011 illәrdә bu haqda bir sıra razılaşmalar әldә olunsa da, onların hәyata keçirilmәsi tәxirә salınır.
FAT-ın ali rәhbәr orqanı ümumfәlәstin parlamenti rolunu oynayan vә mәnzil-qәrargahı Əmman ş.-ndә (İordaniya) yerlәşәn Fәlәstin milli şurasıdır (FMŞ). O, başlıca siyasi mәsәlәlәr haqqında FAT-ın strateji xәttini işlәyib hazırlayır. FMŞ bütün fәlәstinlilәrin, o cümlәdәn “mümkün olan ölkәlәrdә” diasporun iştirak etdiyi birbaşa seçkilәr nәticәsindә formalaşdırılmalıdır. Onun sessiyaları hәr iki ildәn bir keçirilmәli olsa da, praktikada bu qaydaya riayәt olunmur. FMŞ-nın son sessiyaları 1996 ildә Qәzza ş.-ndә vә 2009, 2011 illәrdә Ramallah ş.-ndә keçirilmişdir. Sessiyalararası dövrdә FMŞ-nin funksiyalarını FAT-ın Mәrkәzi şurası icra edir.
FAT çәrçivәsindә icraedici hakimiyyәt İcraiyyә komitәsinә mәxsusdur. O, FMŞ-nin formalaşdırdığı siyasәti hәyata keçirir, tәşkilatın büdcәsinә sәrәncam verir, Fәlәstin milli fondunun, Fәlәstin Qırmızı Aypara cәmiyyәtinin, FAT departamentlәrinin (danışıqlar, tәhlükәsizlik mәsәlәlәri, qaçqınların işlәri, KİV vә mәdәniyyәt işlәri vә s. üzrә) fәaliyyәtini kurasiya edir. 2009 ildәn İcraiyyә komitәsinin tәrkibindә 18 üzv var, sәdri FAT-ın faktiki lideridir (1969–2004 illәrdә Y.Ərәfat, 2005 ildәn M.Abbas). 2009 ildә FAT Mәrkәzi şurasının iclasında M.Abbas Fәlәstin dövlәtinin prezidenti seçilmişdir.
FAT-ın әsas informasiya orqanları “Fәlәstinin sәsi” radiostansiyası (1970 ildәn müxtәlif әrәb ölkәlәrindәn, 1994 ildәn işğal olunmuş Fәlәstin әrazilәrindәn yayımlanır), “Fәlәstin” peyk telekanalı (1994 ildәn), “Vәfa” xәbәr agentliyidir (1972 ildә yaradılmışdır, 1999 ildәn İnternetdә fәaliyyәt göstәrir).
FAT Fәlәstin xalqının beynәlxalq alәmdә tanınmış yeganә qanuni nümayәndәsidir vә İsraillә danışıqlar aparmaq onun müstәsna sәlahiyyәtidir. FAT-ın müxtәlif keyfiyyәtlәrdә (o cümlәdәn FMA, yaxud Fәlәstin dövlәti kimi) dünyanın 140 dövlәti ilә diplomatik münasibәtlәri vardır, ƏDL, İslam әmәkdaşlıq tәşkilatı, Qoşulmama hәrәkatı, Qırmızı Xaç komitәsi (bax Qırmızı Xaç), YUNESKO (2011 ildәn), Standartlaşdırma üzrә beynәlxalq tәşkilat, Aralıq dәnizi ittifaqı, Qrup 77, Asiya parlament assambleyası, Beynәlxalq olimpiya hәrәkatı vә FİFA da daxil olmaqla digәr idman assosiasiyalarının tamhüquqlu üzvüdür. 1974 ildә o, BMT-dә daimi müşahidәçi statusunu qazanmışdır.
1988 ildә elan edilmiş Fәlәstin dövlәti 132 ölkә (2013) tәrәfindәn (İsrail, ABŞ, Kanada, Avropa İttifaqının әksәr ölkәlәri, Avstraliya, Yaponiya vә b. istisna olmaqla) tanınmışdır. Lakin Fәlәstin-İsrail münaqişәsinin nizamlanma prosesi başa çatmadığından vә Fәlәstin әrazilәrinin İsrail tәrәfindәn işğalı davam etdiyindәn Fәlәstin dövlәti dünyanın siyasi xәritәsindә göstәrilmәmişdir.