FƏLƏSTİN ÜSYANI (1936–39) – Fәlәstinin әrәb әhalisinin çıxışları; yәhudilәrin 1930-cu illәrdәn artan immiqrasiyası vә Britaniya mandatının şәrtlәrindәn narazılıqları sәbәbindәn baş vermişdi. Üsyandan әvvәl bir sıra münaqişә qeydә alınmışdı: 1920 ildә Qüdsdә yәhudilәrә qarşı qırğın, 1929 ildә Qüdsdә, Nablusda, Əkkada, Xayfada, Xevron vә Yaffada әrәb-yәhudi toqquşmaları, 1933 ildә Britaniya polisi ilә toqquşmalarla müşayiәt olunan Qüds vә Yaffa tәtillәri.
1935 ilin noyabrında beş әrәb siyasi partiyası yәhudilәrin immiqrasiyasının, torpaqların immiqrantlara verilmәsinin dayandırılması vә demokratik әrәb hökumәtinin tәsis olunması tәlәbi ilә Fәlәstin ali komissarına etiraz sәnәdi tәqdim etdi. B.Britaniya bu tәlәblәri rәdd edәrәk әvәzindә hәlledici sәsin B.Britaniya hökumәtindә qalması şәrtilә qanunverici şuranın yaradılması tәklifini verdi. Buna cavab olaraq 1936 ilin aprelindә әrәblәr tәdricәn silahlı mübarizәyә çevrilmiş ümumi tәtilә başladılar.
Birinci mәrhәlәdә (1936, aprel – 1937, oktyabr) әrәb-yәhudi toqquşmaları vә müxtәlif şәhәrlәrdә әrәb siyasi partiyalarının yerli nümayәndәlәrindәn ibarәt milli komitәlәrin yaradılması ilә yanaşı üsyana müfti Ə. әl-Hüseyninin rәhbәrliyi ilә Ali Ərәb Komitәsi (AƏK) başçılıq etmәyә başladı. 1936 ilin yayının sonunda üsyanın mәrkәzi şәhәrlәrdәn yerli hәrbi tәşkilatların üzvlәrinin (AƏK onlarla әlaqәlәrini inkar edirdi) başçılıq etdiyi kәnd әrazilәrinә keçdi. Üsyançılara kömәk üçün digәr ölkәlәrdәn әrәb könüllülәrinin Fәlәstinә gәlmәsindәn sonra Britaniya hökumәti nizami qoşunlardan istifadә etdi. 1936 ilin oktyabrında Transiordaniya, Yәmәn, Sәudiyyә Ərәbistanı vә İraq krallarının üsyanı dayandırmaq haqqında müraciәtindәn sonra AƏK müvafiq bәyannamә qәbul etdi. 1936 ilin noyabrında lord U.R.Pil başda olmaqla Fәlәstinә komissiya gәldi. 1937 ilin iyulunda o, Fәlәstindә iki dövlәtin: әrәb (İordan çayının Qәrb sahili, Negev әrazisi, Qәzza әtrafı vә Transiordaniya daxil olmaqla) vә yәhudi (Qalileya vә indiki Aşdodadәk olan sahilyanı әrazilәr daxil olmaqla) dövlәtlәrinin, elәcә dә B.Britaniyanın nәzarәti altında әrazinin (Qüds, Vifleyem, Akaba körfә-zinin şm.-q.-i, Nazaret) yaradılmasının zәruriliyi haqqında hesabat hazırladı. Komissiya hәmçinin ikitәrәfli qaydada әhalinin dәyişdirilmәsi tәklifini irәli sürdü.
AƏK-in hesabatı tanımaması üsyanın iknci mәrhәlәsinin (1937, oktyabr – 1939, noyabr) başlanğıcı oldu. 1937 ilin oktyabrında bir sıra qәtl vә sui-qәsdlәrdәn sonra Britaniya hökumәti AƏK vә milli komitәlәri qeyri-qanuni elan edәrәk әrәb siyasi xadimlәrinin hәbsinә vә deportasiyasına başladı. Suriyaya qaçan Ə. әl-Hüseyni xaricdәn üsyana rәhbәrlik etmәyә çalışsa da, onun cәhdlәri uğursuz oldu. Bundan sonra üsyan qeyri-mütәşәkkil xarakter aldı. 1938 ilin oktyabrında üsyançılar Qüds, Yaffa, Xevron (әl-Xәlil) vә bütün Cәnubi Fәlәstinә nәzarәt etsәlәr dә, 1939 ilin әvvәllәrindә Britaniya hökumәti üsyanı lokallaşdırmağa vә qismәn yatırmağa nail oldu. 1939 ilin sentyabrında hәrbi әmәliyyatlar dayandırıldı. Fәlәstin әrәblәrinin dәstәlәri ingilislәr tәrәfindәn buraxıldı, silahları isә müsadirә olundu. Fәlәstinin hәr iki icması ilә münasibәtlәri normallaşdırmağa çalışan B.Britaniya hökumәti 1939 ilin mayında Fәlәstinә müstәqillik verilmәsini, yәhudilәrin immiqrasiyasının mәhdudlaşdırılmasını vә 10 ildәn sonra vahid әrәb-yәhudi dövlәtinin yaradılmasını nәzәrdә tutan mәrhәlәli hazırlıq proqramını – “Ağ kitab”ı dәrc etdirdi [әvvәlki illәrdә U.Çörçillin “Ağ kitab”ı (1922), Passfildin “Ağ kitab”ı (1930) nәşr olunmuşdu]. İkinci dünya müharibәsinin başlaması ilә proqramın hәyata keçirilmәsi tәxirә salındı.