FƏNA VƏ BƏQA (әr. الفناء – yoxolma, puçolma vә البقاء – әbәdilik) – şәxsi keyfiyyәt vә әlamәtlәrdәn tәmizlәnmәni, ilahi varlıqda әrimәni ifadә edәn tәsәvvüf anlayışları. F. Allahdan başqa hәr şeyin yoxluğa mәhkum olması haqqında Quran ayәsinә әsaslanır (55:26). Adәtәn, F. vә B. terminlәri yanaşı işlәdilir. F. vә B. ilә bağlı tәsәvvürlәrin ilk sistemlәşdiricisi vә tәlimin banisi kimi 9 әsr әrәb sufi mütәfәkkiri Əbu Sәid Xәrraz qәbul edilir. O göstәrirdi ki, F. “insanın öz tәbiәtinә xas hәrәkәt vә keyfiyyәtlәrin dәrkindәn tәmizlәnmәsi”, B. isә “insanın ilahi seyrә dalmasıdır”. Bistami vә Hәllac F.-nı “keçici olanın әbәdi olanda itmәsi” kimi sәciyyәlәndirirdilәr; bu anlamda F.-nı ilahi vә insani başlanğıcların substansional vәhdәti kimi qiymәtlәndirmәk olar. Ümumilikdә F. xarici alәmdәn tәcrid, özünüdәrkin itirilmәsi, hiss vә şәxsi keyfiyyәtlәrdәn arınma kimi başa düşülür, F.- nın әn yüksәk pillәsi onun özünün dәrk edilmәmәsidir. Bu pillәdәn sonra B. – ilahi substansiyanın seyri, ona yaxınlıq hissi, özünü ümumi vәhdәtin daxilindә görmә gәlir. İbn Ərәbinin tәlimindә F. “hәr şeydә Allahı görmә”, B. isә sufinin ilahi bilgilәrlә dolu yeni baxış tәrzi ilә çoxluqlar alәminә “qayıdışı”dır.