FƏNƏRLİLƏR [yun. φαναριώτης, hәrfi mәnada – Fәnәr (yunan patriarxının iqamәtgahı yerlәşәn İstanbul mәhәllәsi) sakini] – Osmanlı imperiyasında 18 әsr – 19 әsrin әvvәllәrindә yunan ruhanilәrinin vә ticarәt-maliyyә aristokratiyasının nümayәndәlәri (Mavrokordato, İpsilanti, Sutsso, Karaca vә digәr ailәlәr). Bir çox imtiyazlara, o cümlәdәn Osmanlı idarәçiliyindә yüksәk vәzifәlәri (draqoman – diplomatik missiyalarda tәrcümәçi, qospodar – osmanlılardan asılı olan ölkәlәrin hakimi vә s.) tutmaq hüququna malik idilәr. F.-in Valaxiya vә Moldovada hakimiyyәti Valaxiya üsyanı (1821), Yunanıstanda isә Yunanıstan milli azadlıq inqilabı (1821–29) nәticәsindә lәğv olunmuşdur.