FƏRDİ KOMPÜTER – fәrdi istifadә üçün nәzәrdә tutulmuş universal hesablama maşınları. F.k. enerji tәlәbatının xeyli az, ölçülәrinin kiçik, konfiqurasiyasının çevik vә qiymәtinin ucuz olması ilә xarakterizә edilir. F.k. konfiqurasiyasının seçilmәsindә әsas amillәr nәzәrdә tutulan tәtbiq sahәsidir (ofis işi, qәza-xilasetmә bölmәsi, mürәkkәb qrafik proqramlarla iş vә s.). 21 әsrin әvvәllәrindәn F.k. insan fәaliyyәtinin demәk olar ki, bütün sahәlәrindә istifadә olunur. F.k.-in yaradılması EHM-lәrin layihәlәndirilmәsi vә istehsalını xeyli sadәlәşdirmәyә vә ucuzlaşdırmağa imkan verәn mikroprosessorun ixtirasından sonra mümkün olmuşdur. 1973 ildә “R2E” şirkәti (Fransa) mikroprosessor (Intel 8008) bazasında yaradılmış ilk F.k.-i tәklif etdi. Hәmin il “Xerox” şirkәtinin (ABŞ) yaratdığı Xerox Alto F.k.-indә ilk dәfә olaraq istifadәçinin qrafik interfeysi (Graphical User Interface – GUI), idarәetmә üçün isә klaviatura ilә yanaşı әlavә manipulyator – siçan (1970 ildә amerikalı mühәndis D. Engelbart patentlәşdirmişdir) tәtbiq olunmuşdur. 1970-ci illәrin sonundan F.k.-lәrin inkişafı vüsәt aldı. 1980-ci illәrin ortalarında müasir universal F.k.-in әsas әlamәtlәrini özündә birlәşdirәn IBM PC (1981) vә “Apple” şirkәtinin Macintosh (1984; hәr ikisi ABŞ) kompüterlәri hazırlandı. Mikroelektronikanın sürәtli inkişafı F.k.-in ölçülәrinin kiçildilmәsinә, hesablama gücünün artmasına, tәkcә stolüstü (stasionar) deyil, hәm dә portativ (gәzdirilәn) kompüterlәrin (mәs., noutbuklar, cib F.k.-lәri) tәkmillәşdirilmәsinә imkan yaratdı. Mobil telefonların vә cib kompüterlәrinin funksional imkanlarının birlәşdirilmәsi smartfonların yaradılmasına sәbәb oldu.
F.k.-in әsas elementi kompüterin mühüm qovşaqlarını birlәşdirәn sistem blokudur. Sistem blokunda ana platada (sistem inteqral çap lövhәsi) mikroprosessor, әmәli vә daimi yaddaş qurğusu, sәs kartı, bir vә ya bir neçә sistem şinlәri vasitәsilә istifadәçi ilә qarşılıqlı әlaqә interfeyslәrini tәmin edәn әsas sistem kontrollerlәri (yaddaş, yaddaşa birbaşa müraciәt vә s.), giriş-çıxış kontrollerlәri (klaviatura, ardıcıl port kontrollerlәri vә s.), hәmçinin sistem şininә әlavә qurğuların adapterlәrini qoşmağa imkan verәn genişlәndirmә vasitәlәri yerlәşdirilir. Sistem blokuna bunlardan başqa müxtәlif informasiya yığıcıları (toplayıcıları; mәs., sәrt maqnit disklәrindә, әyilgәn vә ya optik disklәrdә), qidalandırma (enerji) bloku, soyutma sistemi vә s. dә daxildir. Müasir F.k.-lәrin proqram tәminatı ilkin yüklәmә proqramından, әmәliyyat sistemindәn, tәtbiqi proqramlar dәstindәn ibarәtdir.
F.k.-lәr şәrti olaraq universal, işçi stansiya, ev kinoteatrı üçün F.k.-ә, oyun kompüterlәrinә, gәzdirilәn kompüterlәrә (noutbuklar, planşetlәr, cib kompüterlәri vә s.) ayrılır. Müasir u n i v e r s a l F.k. yüksәk mәhsuldarlıqlı kompüterlәrdir; onlarda mәtnlәri, elektron cәdvәllәri işlәmәk, iki vә üçölçülü qrafik tәsvirlәri, verilәnlәr bazalarını emal etmәk vә mühasibatlıq, tәdris, oyun proqramlarından istifadә mümkündür. Belә kompüterlәrin konfiqurasiyası onları İnternetә qoşmağa, lokal kompüter şәbәkәsi qurmağa imkan verir. İ ş ç i s t a n s i y a l a r әvvәllәr yüksәk hesablama gücü vә ixtisaslaşdırılmış avadanlıqlar (qrafik sürәtlәndiricilәr, çoxkanallı sәs plataları, riyazi sürәtlәndiricilәr vә s.) tәlәb edәn texniki, elmi vә tәtbiqi mәsәlәlәrin (mәs., avtomatik layihәlәndirmә sistemlәri, üçölçülü modellәşdirmә, animasiya, videoaxının emalı) hәlli üçün nәzәrdә tutulmuş F.k. sinfi idi. 21 әsrin başlanğıcından bu mәsәlәlәr uyğun konfiqurasiyaya malik universal F.k.-lәrdә uğurla hәll edilir. E v k i n o t e a t r ı ü ç ü n F.k. rәqәmli audio vә videoinformasiyanı yazır vә canlandırır. Müasir oyun F.k.-lәri güclü üçölçülü oyun sürәtlәndiricilәri (analoji sürәtlәndiricilәr işçi stansiyaların tәrkibindә riyazi hesablamaların sürәtlәndirilmәsi rejimindә tәtbiq edilir) ilә tәchiz olunur.