FƏRDİYYƏT – hәr hansı hadisәnin, ayrıca varlığın, insanın tәkrarolunmaz xüsusiyyәti. Ən ümumi planda F. mәlum fәrdi onun öz spesifik fәrqliliklәri ilә xarakterizә edәn xüsusilik qismindә fәrdin mәnsub olduğu bütöv sinfә, yaxud onun böyük qisminә aid tipikliyә qarşı qoyulur. Fәlsәfә tarixindә F. haqqında tәsәvvürlәr fәrd anlayışının işlәnib hazırlanması ilә sıx bağlıdır.
İnsanı başqalarından fәrqlәndirәn әlamәtlәrin (fikirlәr, hisslәr, meyillәr, arzular, tәlәbatlar, maraqlar, әhval-ruhiyyә, hәyәcanlar, davranışlar, vәrdişlәr, hәvәslәr, bacarıqlar) unikal mәcmusu olan F. psixologiyada sadәcә fәrdi fәrqlәrin toplusu kimi deyil, müxtәlif sәviyyәlәrini şәxsiyyәt, xarakter vә temperamentin tәşkil etdiyi vahid iyerarxik struktur kimi nәzәrdәn keçirilir. F.-in formalaşmasının ilkin şәrti insanın inkişafı, tәhsili vә sosiallaşması, mәdәni mühitә inteqrasiyası prosesindә F. xüsusiyyәtlәrinә çevrilәn onun bioloji qabiliyyәtlәridir. F.-in tam formalaşması prosesi özünüdәrk, insanın öz Mәnini özünün icra etdiyi sosial rollardan refleksiv şәkildә ayırması, şәxsiyyәt kimi özünütәyinetmәsi vә özünüfәallaşdırması ilә bağlıdır. İntibah dövründәn başlayaraq Avropa mәdәniyyәtindә әnәnәvi ictimai әlaqәlәrin vә qanunların müqabilindә insanın F.-inә xüsusi әhәmiyyәt verilir. Humanist pedaqogika insanın F.-inin tәşәkkülü vә inkişafı üçün optimal şәraitin yaradılmasını özünün ümdә mәqsәdi hesab edir. Fәrdi-psixoloji fәrqliliklәrin tәhlili ilә mәşğul olan diferensial psixologiyada F. fәrdi cizgilәrin orta qrup tendensiyaları ilә müqayisәsi әsasında öyrәnilir (bu cizgilәrin kәmiyyәt vә keyfiyyәt baxımından ölçülmәsi metodikaları psixodiaqnostikada işlәnib hazırlanmışdır).
Bioloji elmlәrdә “F.” anlayışı konkret orqanizmin spesifik xüsusiyyәtlәrini (mәs.,“biokimyәvi” F.) sәciyyәlәndirir.