FƏRİBÜRZ III (? – tәqr. 1243) – Kәsranilәr sülalәsindәn şirvanşah [1225–43]. I Gәrşәsbin oğludur. 1225 ildә nәinki Şirvan, bütün Qafqaz Cәlalәddin Mәnqburnunun hücumunu gözlәdiyi bir vaxtda monqolların, qıpçaqların, gürcülәrin viranedici yürüşlәri nәticәsindә xeyli zәiflәmiş Şirvanşahlar dövlәtindә I Gәrşәsbin hakimiyyәtindәn narazı qüvvәlәr III F.-ün başçılığı ilә üsyan qaldıraraq Gәrşәsbi devirdilәr. Gürcülәrin himayәsinә sığınmış I Gәrşәsb qalib gәlәcәyi tәqdirdә Şirvanın yarısını gürcülәrә vәd edәrәk onların yardımı ilә Şirvana soxuldu. Min nәfәrlik süvari ilә gürcülәrin üç min nәfәrlik qoşununa qarşı vuruşan III F. Şamaxı yaxınlığında düşmәni ağır mәğlubiyyәtә uğratdı vә bundan sonra Şirvanda hakimiyyәtini möhkәmlәndirdi. Az sonra xarәzmşah Cәlalәddin çoxsaylı qoşunla Cәnubi Qafqaza hücum etdi (1225). O, Azәrb.-ı әlә keçirәrәk III F.-dәn Mәlikşahın xәzinәsi üçün nәzәrdә tutulmuş mәblәğdә vergi tәlәb etdi. Lakin III F. dövlәtin ağır vәziyyәtdә olduğunu, Şәki vә Qәbәlәnin onun nәzarәtindәn çıxdığını sәbәb gәtirәrәk 50 min dinar vergi ödәmәyә razılıq verdi. 1227 ildә xarәzmşah Cәlalәddin Tiflisә ikinci yürüşü zamanı 1221 ildәn gürcülәrin әlindә olan Şәki vә Qәbәlәni dә geri qaytararaq bura öz adamını hakim tәyin etdi. Elә hәmin il Cәlalәddinin vәziri Şәrәfәlmülk iqta tabeliyindә olan Beylәqan vә Muğan torpaqları ilә yanaşı şirvanşahlara mәxsus Guştәsbi vilayәtini dә tutdu. Cәlalәddinin Şirvana müdaxilәsindәn ehtiyatlanan III F. onun qәrargahına gәlәrәk xarәzmşaha 500, Şәrәfәlmülkә isә 50 türk atı bağışladı. Şәrәf-әlmülkün tәhrikinә baxmayaraq, Cәlalәddin III F.-ün mülkiyyәt hüquqlarının tәsdiqlәnmәsi haqqında fәrman verdi vә vergini 20 min dinar azaltdı. 1231–32 illәrdә ölkә monqolların hücumuna mәruz qaldı, 8 il sonra isә bütün Cәnubi Qafqaz, o cümlәdәn Şirvan monqol dövlәtinin tәrkibinә qatıldı. Lakin Şirvanşahların asılılığı nominal xarakter daşıyırdı. Bunu tapılmış numizmatik materiallar da sübut edir. III. F.-ün adından bütün titulları göstәrilmәklә kәsilmiş sikkәlәrin heç birindә monqol hökmdarının adı çәkilmir. III F.-ün adına Şirvanın epiqrafik abidәlәrindә dә rast gәlinir. Bakının Bayıl buxtasındakı qala istehkamının tikintisi dә mәhz III F.-ün dövründә başa çatdırılmışdı.