FƏRQANƏ NEFTLİ-QAZLI VİLAYƏTİ – Özbәkistan, Tacikistan vә Qırğızıstan әrazilәrindә, Fәrqanә dәrәsindәdir. Sah. 38 min km2. Cәnubi Fәrqanә vә Şimali Fәrqanә neftli-qazlı r-nlarını әhatә edir. İlk neft yatağı (Şorsu) 1880 ildә kәşf edilmişdir; hasilat 20 әsrin 20-ci illәrindәn aparılır. 40-dan çox yataq aşkar olunmuşdur. Neft-qazlılıq Yura, Tәbaşir, Paleogen vә Neogen çöküntülәri ilә әlaqәdardır. Neftlәr metan-naften tәrkiblidir; sıxlığı 1000 kq/m3-әdәk, kükürdün miqdarı 2,1%-dir. Hasilat mәrkәzlәri Əndican, Kokand, Fәrqanә, Namanqan, Oş ş.-lәridir.