FƏRMANTƏPƏ – Azәrb. Resp. Ağdam r-nunda Leylatәpә mәdәniyyәtinә aid arxeoloji abidә. F. yaşayış yeri 2010 ildә aşkar edilmiş vә Azәrb. arxeoloqu Fәrman Mahmudovun şәrәfinә adlandırılmışdır. Ağdam r-nunun Ayaq Qәrvәnd k-ndәn 2 km ş.-dә, Sultanbud meşәsinin şm.-q.-indә yerlәşir. Diametri tәqr. 170 m, çay yatağı üzәrindәn hünd. 5 m-dir.
Fәrmantәpәdәn aşkarlanmış qәbir vә dәfn avadanlığı.
F. yaşayış yerinin şm. hissәsindә, 100 m2 sahәdә arxeoloji kәşfiyyat qazıntısı aparılmışdır. Qalınlığı 10–25 sm I mәdәni tәbәqәdәn 1573 әdәd saxsı qab fraqmenti, çaxmaqdaşı vә obsidian (d ә v ә g ö z ü) qәlpәlәri, qalınlığı 23–27 sm olan II tәbәqәdәn 864 әdәd saxsı qab vә daş alәt fraqmentlәri aşkar edilmişdir. Narın saman qatışıqlı sarı palçıqdan tökülmüş döşәmә qalıqları izlәnilir. Qalınlığı 45 sm-dәn çox olan III tәbәqәdә xırda çay daşları çoxdur, saxsı (486 әdәd) vә daş alәt fraqmentlәrinә az tәsadüf edilir; narın saman qatışıqlı palçıqdan hazırlanmış möhrә vә tәk-tәk samanlı çiy kәrpic qalıqları tapılmışdır. Tәbәqәdә 2 küp qәbir tәdqiq olunmuşdur. 1 saylı qәbirә c.-ş., şm.-q. istiqamәtindә qoyulmuş küpün uz. 43 sm, gövdәsinin diametri 45 sm, ağzının diametri isә 31 sm-dir, sәthi daraqlanmış tünd boz-qәhvәyi rәngli küpün oturacağı yuvarlaqdır. Südәmәr körpә uşağa mәxsus skelet pis saxlanılmışdır. Yanında hәr hansı lәvazimata tәsadüf edilmәmişdir. 2 saylı qәbirdәki küpün uz. 48 sm, gövdәsinin eni 42 sm, ağzının diametri isә 37 sm-dir, oturacağı küp yuvarlaqdır. Küp ağzının istiqamәti c.-ş.-әdir, sәthi daraqlanmış vә tünd boz-qәhvәyi rәngdәdir, sümüklәrin yanında hәr hansı bir lәvazimat tapılmamışdır.
F. Leylatәpә mәdәniyyәtinә aid yaşayış yeri olsa da, buradakı qәbirlәr müxtәlif dövrlәrәaiddir, qazıntılar nәticәsindә onlardan ikisi aşkar olunaraq tәmizlәnmişdir. Qәbirlәrdәn birindә yetkin insan meyiti q.-ş. istiqamәtindә, üzü şm.-a, bükülü vәziyyәtdә dәfn edilmişdir; әllәri üzünün qarşısında bir-birinin üstünә qoyulmuşdur, sağ әlinin barmaqlarında iki mis üzük, bilәyindә әqiq muncuqlardan ibarәt qolbaq aşkar edilmişdir. Skeletin әllәrinin vә ayaqlarının alt hissәsinin qarşısına xırdabuynuzlu heyvanın parçaları qoyulmuşdur. Skeletin yanına cilalı üç saxsı qab qoyulmuşdur. İkinci qәbir qazıntı sahәsinin mәrkәzindә tapılmışdır. Meyit arxası üstә, başı şm.-a doğru dәfn edilmişdir. Sol bilәyindә dәmir halqa qolbaq olmuşdur. Dәfnetmә adәti vә tapılan dәmir qolbağa görә ehtimal olunur ki, bu qәbir sonradan salınmışdır.
2013 ildә F. yaşayış yerindәki qazıntı sahәsindә tәqr. 1 m qalınlığında mәdәni tәbәqә öyrәnilmişdir. Sallama qәbirlәrdәn aşkar edilmiş materiallar istisna olmaqla, әldә edilәn bütün artefaktlar Leylatәpә mәdәniyyәtinә aiddir. Abidәnin şm.-ş. küncündә sah. 1,5 m2 olan kәşfiyyat şurfu qoyulmuşdu. Abidәnin ümumi mәdәni tәbәqә yatımının qalınlığı 2 m-ә yaxındır. F.-nin erkәn sakinlәri I vә IV tәbәqәlәrin formalaşdığı zaman kәsiyindә burada yaşamışlar. F. sakinlәrinin birdәn yüngül konstruksiyalı evlәrә keçmәsinin sәbәbini tәbii faktorlarla bağlamaq olar. Qazıntılar zamanı 2981 әdәd saxsı qab parçası, iki küp qәbir, çaxmaqdaşı vә obsidian qәlpәlәri, 2 әdәd sümük biz vә daşdan hazırlanmış çarx fraqmentlәri tapılmışdır. Saxsı mәmulatı әldә vә çarxda formalaşdırılmışdır. Sәthi işarәlәnmiş fraqmentlәrә, çox az miqdarda osteoloji qalıqlara tәsadüf edilmişdir. Maraqlı tapıntılardan biri dә dulus vә ya metal sobasına aid havakeş fraqmentidir.
Əd.: Azәrbaycanda arxeoloji tәdqiqatlar 2013–2014, s. 90–94.