FƏRRUXİ YƏZDİ (فروخئ يزدئ) (təxəllüsü; əsl adı Mirzə Məhəmməd) (1889, Yəzd ş. - 18.10.1939, Tehran) - İran şairi, ictimai xadim. İran inqilabı (1905-11) dövründə sosial-demokratlarla yaxınlaşmış, 1908 ildə Yəzd hakimini tənqid etdiyinə görə həbsxanaya salınmışdır. İnqilabi məzmunlu şeirlər yazmışdır. 1927 ildə Moskvaya getmiş, qayıtdıqdan sonra “Yol qeydləri”ni dərc etdirmişdir. Cənubi Azərb.-ın acınacaqlı vəziyyətindən bəhs edən “Tehran-Azərbaycan” şeiri (Azərb. dilinə çevrilmişdir) var. 1927 ildə Bakıda olmuşdur. İran məclisinin (1930) yeganə müxalifətçi deputatı olan F.Y. mühacirətə getmək məcburiyyətində qalmışdır; 1939 ildə vətənə qayıtmış, səltənəti təhqir etməkdə təqsirləndirilərək, yenidən həbs olunmuş və həbsxanada öldürülmüşdür.
Əd.: Hacızadə Ə.Fərruxi Yəzdinin poeziyası. B., 1965.