FƏS (فاس) - Mərakeşin şm.-q.-ində şəhər. Fəs-Məknəs vil.-nin inz. m. Əh. 1,1 mln. (2014; əhalisinin sayına görə ölkənin üçüncü şəhəri). Orta Atlas d-rının şm. ətəklərində yerləşir. Mühüm nəql. qovşağı; Rabat-Ucda yüksəksürətli avtomobil yolu və ölkənin başlıca Mərakeş-Ucda d.y. xətti F.-dən keçir. Beynəlxalq aeroport.
Təqr. 789 ildə I İdris tərəfindən Fəs çayının ş. sahilində məskən salınmışdır. Buranın ilk sakinləri ərəblər və bərbərlər olmuştar. II İdrisin hakimiyyəti illərində çayın digər sahilində yeni məskən yaranmışdır. 11 əsrdə Mürabitlərin hakimiyyəti zamanı məskənlər birləşdirilmişdir. 12 əsr- də Müvəhhidlərin hakimiyyətinə keçən şəhər çiçəklənmə dövrünü yaşamış və islam dünyasının ən iri mərkəzlərindən birinə çevrilmişdir. Merinilər dövründə (13-15 əsrlər) F. ölkənin paytaxtı (1248) və bütün Məğribin siyasi mərkəzi idi; şəhərin ayrıca məhəlləsində məskunlaşan Əndəlisdən gəlmiş yəhudilər ticarətdə və siyasətdə mühüm rol oynayırdılar. 1420 ildən F. Osmanlı dövlətinə bağlı olan Vattasilər nəslinin hakimiyyətində idi. 1603-67 illərdə F. ölkədə hakimiyyət uğrunda qanlı mübarizə meydanına çevrilmişdi. 16 əsrin ortalarından Sədilərə, 17 əsrin ortalarından isə Ələvilərə tabe idi. 1667 ildə hakimiyyətə gələn yerli Filalilər sülaləsindən olan Mövla Rəşid əl-Ələvi F.-in bərpasına başlamışdı. 1908 ildə Mövla Əbdüləzizin hakimiyyətdən uzaqlaşdırılmasında F. sakinləri fəal rol oynamışlar. 1911 ildə fəslilər üsyana qalxanda Sultan Mövla Əbdülhafiz Fransadan yardım istəmişdi. 1912 ildə Mərakeş Fransanın protektoratına çevrilmiş və F. paytaxt statusundan məhrum edilmişdir. F. Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri (1936-37, 1951 və 1954) olmuşdur. Mərakeş istiqlaliyyət qazandıqdan (1956) sonra ölkənin üçüncü böyük şəhəri olan F.-də sənaye sürətlə inkişaf etmişdi. F. həm də ölkənin dini mərkəzidir.
Fәs şәhәrindәn görünüş.
Şəhərin tarixi hissəsi (mədinə; Ümumdünya irsi siyahısına daxil edilmişdir) Fəs çayının təpəli sahillərində yerləşir. F. Köhnə şəhərdən (Fəs-əl-Bali) və qərbdən ona bitişən Yeni şəhərdən (Fəs-əl-Cədid, 1276 ildən) ibarətdir (Mellah yəhudi məhəlləsi ilə birgə, 14 əsrdən). Fəs-əl-Balinin ensiz, dolanbac küçələri, 2-4 mərtəbəli tikililəri olan bir-birindən ayrı 40 məhəlləsi, divarla (11-13 əsrlər; Nuar qəsəbəsi, 1069) və divar xaricində istehkamlar sistemi ilə əhatə olunmuşdur (Şm. arsenalı, hazırda Ordu muzeyi; C. arsenalı, hər ikisi 1582). Tikililərin (təqr. 800 dini bina, təqr. 500 karvansara - funduk və s.) çoxu Yaxın Şərq, bərbər və Əndəlis əyaləti memarlığının təsiri altında inşa edilmişdir. Fəs çayının sol sahilində Mərakeşin ən qədim məscidi Qarauin (857, minarə - 956; 933 və 1135 illərdə genişləndirilmişdir; həyətində 1617 əsrlərə aid köşklər), Əttarin (132325), Bu-İnaniyə (1350-55; məscidlə birgə), Əl-Şərratin (1670) mədrəsələri, Mövla İdris zaviyəsi (1437, 18 əsr, minarə - 19 əsr), Dar-əl-Bat sarayı (təqr. 1874, 1897 ildə inşası başa çatmışdır; hazırda Mərakeş İncəsənəti Muzeyidir), funduklar (Tetuan, 14 əsr; əl-Həcarin, 18 əsr, hazırda muzeydir) yerləşir. Sağ sahildə (F.-in ən qədim hissəsi) Əndəli məscidi (9 əsr, 1203-07 illərdə yenidən tikilmişdir; minarə - 956) var. Fəs-əl-Cədid Merinilərin iqamətgahı olmuşdur: bürclü divarlar, bağları ilə Dar-əl-Məhzən sarayı, Böyük məscid (1276, 1395 ildə yenilənmişdir), əl-Həmra (14 əsr) və əl-Əzhar (1357) məscidləri. F.-də həmçinin Köhnə mişvər, Şərarda qəsəbəsi (1670; hazırda xəstəxana və Karauin un-ti) və məqbərələri olan qəbiristanlıqlar var.
F. mühüm milli elm, təhsil və mədəniyyət mərkəzi, Məğribin əsas dini mərkəzlərindən biridir. Ali təhsil müəssisələri arasında bir neçə un-t, o cümlədən Sidi Məhəmməd ibn Abdulla (1974) və Əl-Karauin (859, dünyada ən qədimlərindən biri) un-tləri, Tibb İn-tu; bir neçə mədrəsə (Əl-Şəhric, 1321; Əttarin, 1325; Buİnaniyə, 1350-55), Konservatoriya; Mərakeş incəsənəti (1915), ordu (1963), Əl-Nəcarin dekorativ tətbiqi sənət (1998) muzeyləri və , Məhəmməd Qasimi ad. rəssamlıq qalereyası, bələdiyyə kitabxanası var. Əndəlis musiqisi (1995 ildən), küçə incəsənəti (2013 ildən) və s. festivallar keçirilir.
“Mas Fəs” futbol klubu (1946; 4 dəfə ölkə çempionu - 1965, 1979, 1983, 1985) oyunlarını ən iri çoxfunksiyalı idman qurğusu olan “Fəs” stadionunda (45 min yer) keçirir.
Şəhər iqtisadiyyatında xidmət sferası (ÜRM dəyərinin təqr. 75%-i; 2015) üstünlük təşkil edir. Aparıcı sahəsi xarici turizmdir (ölkədə əsas mərkəz); əsas növləri - mədəni-maarifləndirici, dağ və dini. Offşor biznesi, topdan və pərakəndə satış inkişaf etmişdir. ÜRM dəyərinin təqr. 20%-i sənaye istehsalında yaradılır (2015). Vilayət müəssisələrinin 90%-indən çoxu F.-də təmərküzləşmişdir. Yüngül (iri toxuculuq kombinati və s.), dəri, kimya, tamlı məhsullar (o cümlədən meyvə və tərəvəz emalı), elektron və elektrotexnika sənayesi inkişaf etmişdir. Tikinti materialları istehsal edilir; sement z-du (istehsal gücü ildə 1,3 mln. t) var. Çoxsaylı kustar emalatxanalar (zərgərlik məmulatları, mis və bürüncdən döymə məmulatlar, ipək parça, ənənəvi geyim, ağac üzərində naxış və oyma və s.) fəaliyyət göstərir.