FƏS – kişi baş geyimi. Mәrakeşin Fәs ş.-ndә istehsalı geniş yayılmışdı; adı da buradandır. Osmanlılarda vә onlardan asılı olan ölkәlәrin şәhәr әhalisi vә kәnd ziyalıları arasında dәbdә idi. Gәnclәr, әsasәn, qırmızı vә ya yaşıl rәngli, yaşlılar isә qara, yaxud tünd rәngli F. qoyurdular. F. kәsik konus formasında astarlı olur, yuxarı kәsiyә rәngli saplardan 10–15 sm uzunluqda qotaz bәnd edilirdi. Mahud vә digәr qiymәtli parçalardan tikilirdi. Əyanlara mәxsus F.-lәrin qotazları qiymәtli daş vә muncuqlarla bәzәdilirdi. 1826–1925 illәrdә qara qotazlı qırmızı F. Türkiyәdә mәmur vә әsgәrlәrin rәsmi baş geyimi olmuşdur. Türkiyәdә ülәmaların qoyduqları bәyaz tülbәndli fәslәr dә vardır. Hazırda bir sıra islam ölkәsindә, o cümlәdәn Misirdә (xüsuslә onun şm. hissәsindә), Afrikanın digәr ölkәlәrindә, İndoneziyada, Malayziyada istifadә olunur.
Fәs kişi baş geyimi (Türkiyә).