FƏTƏLİBƏYLİ (D ü d ә n g i n s k i) Əbdürrәhman bәy Əli bәy oğlu (12.6.1908, Naxçıvan qәzasının Düdәngә k. – 20.11. 1954, AFR, Münxen; Noy-Ulm ş.-ndә dәfn edilmişdir) – Azәrb. hәrbi vә siyasi xadimi. Atası çar ordusunun yüksәk rütbәli zabiti kimi әvvәlcә Türküstan sәrhәd dairәsinin, sonra isә Naxçıvan qәzası üzrә Rusiya–İran sәrhәdinin rәisi olmuş, 1910 ildә zәhәrlәnәrәk öldürülmüşdür. F. Tiflisdә tәhsil aldıqdan sonra Moskvada M.V.Frunze ad. Hәrbi Akademiyanı mayor rütbәsindә (1939) bitirmişdir. SSRİ–Finlandiya müharibәsindә (1939–40) iştirak etmiş, Qırmızı Ulduz ordeni ilә tәltif olunmuşdur. Böyük Vәtәn müharibәsi (1941–45) başlayanda F. Riqada (Latviya) gen. A.A.Vlasovun qәrargahında xidmәt etmişdir. 1941 ilin sentyabrında Leninqrad әtrafında almanlara әsir düşmüşdür. Almaniya Xarici İşlәr Nazirliyinin razılığını alaraq 1942 il fevral ayının 29-da әsir azәrb.-lardan ibarәt legion yaratmış, 1943 il noyabr ayından isә azәrb.-lardan ibarәt bütün legionlara rәhbәrlik etmişdir. 1943 il noyabrın 6-da çağırılmış Milli Azәrbaycan qurultayında Azәrb. Milli Birlik Mәclisi (MBM) tәsis edilmiş vә F. onun rәisi olmuşdur. MBM Azәrb. siyasi müxalifәtinin rәhbәri M.Ə.Rәsulzadә vә b.-ları ilә sıx әlaqә yaratmışdır. Almaniyanın İkinci dünya müharibәsindә mәğlubiyyәti әrәfәsindә, 1945 il martın 17-dә A.Rozenberq Almaniya hökumәti tәrәfindәn gәlәcәk müstәqil Azәrb.-ın müvәqqәti hökumәti kimi MBM-i tanıdı. Müharibәdәn sonra F. bir müddәt Misir vә Türkiyәdә yaşamış, 1953 ildә Münxen ş.-ndә yerlәşәn “Azadlıq” radiosunun Azәrb. şöbәsinin (1953–54), eyni zamanda “Azәrbaycan” jurnalının (C.Hacıbәyli ilә birlikdә) baş redaktoru olmuşdur. SSRİ Xalq Daxili İşlәr Komissarlığının agenti tәrәfindәn Münxenin “Altenplats–6” meydanındakı mәnzildә qәtlә yetirilmişdir. Dәfn mәrasimindә çıxış edәn M.Ə.Rәsulzadә onu “hәrarәtli bir vәtәnsevәr vә qorxmaz bir mücahid” adlandırmışdır.