“FƏTH” (әr. Θϓ– qәlәbә), F ә l ә s t i n M i l l i A z a d l ı q H ә r ә k a t ı (әr. حركة التحرير الوطني الفلسطيني ) – Fәlәstin siyasi vә hәrbi tәşkilatı. “F.” tәşkilatın әr. tam adının çevrilmiş akronimidir. Fәlәstin torpaqlarının İsraildәn geri alınması mәqsәdilә 1950-ci illәrin ikinci yarısında Y.Ərәfat vә Xәlil әl-Vәzir (Əbu Cihad) tәrәfindәn Küveytdә yaradılmış, 1963 ildәn mütәşәkkil hәrbi tәşkilata çevrilmәyә başlamışdır. Tәşkilatın ideya әsasını Fәlәstinin heç bir әrәb ölkәsindәn asılı olmadan müstәqil mübarizәsi tәşkil edir. Ardıcıl ideoloji bazaya malik olmayan millәtçi “F.” silahlı mübarizәyә başlayarkәn ilk hәdәf kimi İsrailin su şәbәkәsini seçdi. Tәxribat qrupunun 1965 il yanvarın 1-dә keçirdiyi әmәliyyat uğursuzluqla nәticәlәndi. 1965–67 illәrdә “F.”, әsasәn, Suriya әrazisindәn İsrailә hәmlәlәr edirdi. “Altıgünlük müharibә”dә (1967, 5–10 iyun; bax Ərәb-İsrail müharibәlәri) әrәb ölkәlәrinin İsrailә mәğlubiyyәtindәn vә 1968 il martın 21-dә Kәramә (İordaniya) döyüşündә yerli özünümüdafiә qüvvәlәri ilә birgә “F.”-in İsrail qoşunu üzәrindә qәlәbәsindәn sonra tәşkilatın nüfuzu artdı. 1960-cı illәrin sonlarında “F.” Fәlәstin Müqavimәt Hәrәkatında (FMH) әn güclü vә әn çoxsaylı tәşkilata çevrildi. 1969 ildә “F.”-in rәhbәri Y. Ərәfat Fәlәstin Azadlıq Tәşkilatının (FAT) lideri seçildikdәn sonra FAT-ın rәhbәrliyi FMH-yә keçdi. Belәliklә, FAT әrәb dövlәtlәrinin qәyyumluğundan çıxaraq, müstәqil milli rәhbәrliyә yiyәlәndi. İordaniyanı öz plasdarmına çevirәn vә getdikcә nüfuzunu artıran “F.” vә FAT tәdricәn orada kral rejiminә qarşı tәhdidә çevrildi. 1970 il sentyabrın 1-dә İordaniya ordusunun keçirdiyi әmәliyyat nәticәsindә Y. Ərәfat öz qüvvәlәri ilә ölkәni tәrk etmәyә mәcbur oldu vә Livanda yerlәşdi (bu hadisә tarixә “Qara sentyabr” adı ilә düşmüşdür). 1971 il iyulun 23-dә “F.”-in әsas liderlәrindәn olan Əbu Əli İyad İordaniya ordu qüvvәlәri tәrәfindәn qәtlә yetirildi. 1982 ildә İsrailin Livana hәrbi müdaxilәsi ilә әlaqәdar “F.” qüvvәlәri öz bazalarını Tunisә köçürmәk mәcburiyyәtindә qaldılar. 1996 il yanvarın 20-dә Fәlәstin Milli Administrasiyasına prezident seçkilәrindә (“Hәmas” iştirak etmәmişdi) Y. Ərәfat qalib gәldi. “F.” Fәlәstin qanunverici şurasında (FQŞ) yer çoxluğuna sahib oldu. 2005 il seçkilәrindә dә Mahmud Abbasın timsalında “F.” qalib gәldi. 2006 il seçkilәrindә “Hәmas” sәs çoxluğu qazansa da, “F.” hakim partiya olaraq qalmaqdadır. 2007 ilin yayında “Hәmas”la әlaqәlәri kәsdikdәn sonra “F.” Fәlәstin muxtariyyәtinin dünya diplomatiyası tәrәfindәn qәbul edilәn yeganә legitim nümayәndәsidir. 5-ci qurultaydan (1989) sonra “F.”-in rәhbәr orqanları aşağıdakılardır: Hәrәkatın qurultayı (1200–1400 nümayәndә), Baş şura (250 nәfәr), İnqilab şurası (130 nәfәr) vә Mәrkәzi Komitә (21 nәfәr). “F.” MK-nın sәdri M.Abbasdır (2009, 8 sentyabr).