FƏTHİYƏ - Türkiyənin c.-unda, Muğla ilində kurort şəhəri. Əh. 151,5 min (2016). Aralıq dənizinin Fəthiyə körfəzi sahlində port.
Fәthiyә şәhәrindәn görünüş.
Şəhər e.ə. 545 ildə qədim Likiya ölkəsinin ərazisində Əhəməni sərkərdəsi Harpaq tərəfindən salınmışdı. Antik dövrdə Telmess (yun.Τελμησσος) adlanırdı. E.ə. 545 ildən Əhəmənilərin, e.ə. 333 ildən Makedoniyalı İsgəndərin, sonra Selevkilərin, e.ə. 3 əsrin sonlarından Ptolemeylərin, e.ə. 189 ildən Perqam çarlığının, e.ə. 133 ildən Romadan asılı olan Likiya ittifaqının, eramızın 43 ilindən Roma imperiyasının hakimiyyəti altında idi. 8 əsrdən Anastasiapolis (Bizans imperatoru II Anastasinin şərəfinə) adlanırdı. 10 əsrdən Makri (yun. “Uzunsov”) adı ilə tanınırdı. 1284 ildə Menteşoğulları bəyliyinin, 1424 ildə Osmanlı imperiyasının torpaqlarına qatılmış, Meğri adlanmışdır. 1914 ildə şəhid hərbi təyyarəçi Fəthi bəyin şərəfinə adlandırılmışdır. 1919 il mayın 11-də yunan qoşunları tərəfindən işğal olunmuş, 1920 il iyunun 20-də azad edilmişdir.
F.-nin ətrafında qədim yaşayış yerləri, şəhərin yaxınlığındakı dağın ətəyində isə qəbiristanlıq aşkar olunmuşdur, ölülər sərdabalarda dəfn edilmişdir; ən iri sərdaba Telmessin hakimi Amintasa məxsusdur. Şəhərdə antik Roma teatrının, 15 əsrə aid qəsrin qalıqları var.
Balıq və dəniz süngəri ovlanılır. F. r-nunda xrom və manqan filizləri hasil edilir. Qədim ticarət rayonu Paspatur; balıq bazarı var. Əczaçılıqda və kosmetik vasitələrin istehsalında geniş istifadə olunan likvidambar (Şərq likvidambarı) ağacı burada becərilir.