FƏTVA (әr.الفتوى ) – islamda ayinlәr, davranışlar vә hüquqi mәsәlәlәrlә bağlı çıxarılan qәrar. “F.” fiqh termini kimi “fiqhә dair mәsәlә haqqında fәqihin yazılı, yaxud şifahi cavabı, çıxardığı hökm”dür. F. hәm dini-hüquqi mәsәlә ilә bağlı mötәbәr dini mәnbәlәrdәki mövcud hökmün açıqlanmasını, hәm dә haqqında hökm olmayan mәsәlәlәrdә bәlli mәnbә vә metodlara әsaslanaraq hökmün çıxarılmasını bildirir. Quranda eyni kökdәn törәmә müxtәlif sözlәr hökm istәmәk (4:127, 176), fikir öyrәnmәk (18:22; 37:11, 149), yozmaq, fikir bildirmәk (12:41, 43, 46; 27:32) vә s. mәnalarda işlәnmişdir.
İslamın ilk әsrindә Mәhәmmәd peyğәmbәrin sәhabәsi, xüsusilә ilk dörd xәlifә tәrәfindәn müxtәlif dini-hüquqi mәsәlәlәrә verilәn izah, hәmçinin hәmin mәsәlәlәrә dair onların şәxsi qәrarları F. adlanırdı. F. bütün әsas fiqh mәktәblәrindә әlavә hüquq mәnbәyi kimi qәbul edilsә dә, onunla bәrabәr sәviyyәdә deyildi. Sonrakı dövrlәrdә hәr hansı mәsәlә ilә bağlı fәrdi araşdırma (ictihad) nәticәsindә formalaşan müddәa, yaxud konkret vәziyyәtlә bağlı ortaya çıxan vә prinsipial әhәmiyyәt daşıyan sualın cavabı da F. adlanmışdır. Elmi müzakirәlәrlә yanaşı, F.-lar hәm yekdil (icma) fikirlәrin formalaşmasına, hәm dә ziddiyyәtlәrin (ixtilaf) yaranmasına sәbәb olmuş, fәqihlәrin dini-hüquqi mәktәblәrdә birlәşmәsinә gәtirib çıxarmışdır. Ayrıca kitablarda toplanmış F.-lardan sonrakı nәsil hüquqşünaslar dәrslik vә kömәkçi vәsait kimi istifadә etmişlәr. F.-lar әsasında inzibati qәrarlar qәbul edilir, hәr hansı yeniliklәr, yaxud dәyişikliklәr, xüsusәn Avropa ölkәlәri ilә geniş vә çoxplanlı münasibәtlәr nәticәsindә mәnimsәnilәn hüquq vә mәişәt normalarına dair icazәlәr vә qadağalar tәsdiq olunurdu. 20 әsrin 2-ci yarısından F.-lar, әsasәn, dini ayinlәr vә ailә-mәişәt mәsәlәlәri ilә mәhdudlaşmışdır.