FƏYYUM MƏDƏNİYYƏTİ – Şimali Misirdә Əl-Fәyyum vahәsindә aşkar olunmuş Paleolit–Neolit dövrlәrinә aid arxeloji mәdәniyyәt. F.m. keçmişdә göl olmuş, sonralar isә suyun sәviyyәsinin dәyişmәsi ilә yaranmış terraslarda formalaşmışdır. F.m. A vә F.m. B mәrhәlәlәrinә bölünür.
F.m. A xarakterik Neolit mәdәniyyәtidir. Əhali maldarlıq, әkinçilik vә sәnәtkarlıqla mәşğul olmuşdur. Ovçuluq vә balıqçılıq da yayılmışdı. İlk yaşayış mәskәnlәri tәqr. e.ә. 4500 ilә aiddir. Erkәn Neolit yaşayış mәskәni ocağı olan qazma evlәr, daş alәtlәri cilalamaq üçün daşlar vә naxışlı gil qablarla sәciyyәlәnir. Mәskәnlәrdә daş alәtlәr, nizә vә ox ucluqları, sümük bizlәr, sancaqlar, içәrisindә arpa, buğda, qarabaşaq, kәtan toxumları olan suvanmış tәsәrrüfat quyuları aşkar edilmişdir. F.m. A daşıyıcıları çaxmaqdaşı vә keratitdәn (buynuzdaşıdan) iki tәrәfdәn qәlpәlәnmiş bifaslar vә cilalanmış baltalar düzәldirdilәr. Nadir hallarda matqablar, tiyәlәr vә qaşovlara tәsadüf edilir. Kürәşәkilli vә yarımkürәşәkilli kasalar, S-şәkilli, silindrik ağızlı amforalar, müxtәlif qәdәhlәr vә düz boşqablar aşkar olunmuşdur. F.m. İordan çayının vadisindә mövcud olmuş Yәrmuk mәdәniyyәtinә yaxındır. E.ә. 3500 ildә F.m.-ni Moerien mәdәniyyәti әvәz etmişdir.
F.m. B, yaxud Qarun mәdәniyyәti sülalәyәqәdәrki Misirin Epipaleolit mәdәniyyәtidir. Tәqr. 6000–5000 illәrdә mövcud olmuşdur. İndiki Fәyyum gölündәn sm.-q.-dә yerlәşәn Birkәt-Qarun adlı әrazidә aşkar edilmiş tapıntılar göstәrir ki, bu mәdәniyyәtә aid düşәrgәlәr mövsümi olmuşdur. Daş alәtlәri mikrolitlәrdir, bıçaqlar vә әrsinlәr sәciyyәvidir. İcmaların әsas mәşğuliyyәti balıqçılıq, hәmçinin ovçuluq vә yığıcılıq olmuşdur. Bu dövrә aid 40 yaşlı qadının qәbri öyrәnilmişdir.