FƏYYUM PORTRETLƏRİ - Qədim Misirdə (e.ə. 1 əsrin sonu - 4 əsr) ölmüş şəxslərin boyakarlıq portretləri. “F.p.” termini 1887 ildə bu portretlərin böyük bir qrupunun tapıldığı yerin - əl-Fəyyum vahəsinin adından götürülmüşdür. Ən yüksək inkişaf dövrü 1 əsrin ortaları - 3 əsrdə olmuşdur. Qədim Misirin ənənəvi ölü maskatarını əvəz edən F.p. enkaustika (bax boyakarlıq), tempera, yaxud da hər iki texnikadan istifadə etməklə taxta lövhə üzərində işlənir, sonra mumiyanın sarğısı içərisinə, ölünün sifəti olan yerə qoyulurdu. Erkən F.p.-nin (e.ə. 1 əsr) müəyyən qismi kətan üzərində çəkilmişdir. Bəzən F.p. evlərdə divardan asmaq üçün də işlənilir və portreti çəkilən şəxs öldükdən sonra onun mumiyasına qoyulurdu. Üslub cəhətdən 2 istiqamətdə inkişaf edən F.p. antik incəsənət və Misir incəsənəti ənət nələrini davam etdirirdi. F.p.-nin böyük kolleksiyası Misir (Qahirə), Britaniya (London) muzeylərində, Berlin Dövlət Muzeyində, Luvrda (Paris), Ermitajda (S.-Peterburq) saxlanılır.
Fəyyumdan tapılmış gənc oğlan portreti. Mumlu boyakarlıq. 2 əsr. Berlin Dövlət Muzeyinin antik incəsənət kollreksiyası